» » Leyla Yunusun Azərbaycan ordusuna qarşı təxribatı

Leyla Yunusun Azərbaycan ordusuna qarşı təxribatı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: Sosial
Leyla Yunusun Azərbaycan ordusuna qarşı təxribatı



Müstəqil jurnalist, Dağlıq Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu "Kəşfiyyatçının xatirələri" layihəsi çərçivəsində yazdığı "Qəfil atəş, buzlu çayda silah axtarışı, polkovnikin üsyan dolu məktubu" adlı məqaləsində 1992-ci ildə Azərbaycan ordusunda baş verən özbaşınalıqlara toxunub. R.Kərimoğlu məqaləsində qeyd edib ki, 1992-ci ilin may ayında Ağdam Ərazi Özünümüdafiə bölmələri Aranzəmin və Ağbulaq kəndlərini ələ keçirib. Ancaq bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi qərəzli məlumat yayaraq hərbçilərin bu uğuru qarşısında onları birbaşa ittiham edib. Bütün bunlara etiraz olaraq Ağdam rayonu Ərazi Özünümüdafiə alayının komandiri, polkovnik Şirin Mirzəyev 24 may 1992-ci ildə Müdafiə Naziri R.Qazıyevə, Azərbaycan Respublikası Radio və Televiziya verilişləri redaksiyasına və "Xalq ordusu" qəzetinin redaksiyasına etiraz məktubu ünvanlayıb. Jurnalist qeyd edib ki, mərhum polkovnik Ş.Mirzəyevin məktubu işıqlandırılmayıb.

Məktubdan oxuyuruq: "Qəzetinizin 12 may 1992-ci il (N: 25) tarixli nömrəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Mərkəzinin verdiyi məlumata istinad edərək xəbər verilmişdir ki, guya Ağdam Ərazi Özünümüdafiə bölmələri hücumu genişləndirərək, erməni işğalçılarının ixtiyarında olan Aranzəmin, Ağbulaq, Dəhraz və Pircamal kəndlərini azad etmişdir. Və Guya Naxçıvanik kəndini ələ keçirmək uğrunda mübarizə aparılır. Əfsuslar olsun ki, bu heç də belə deyildi. Ruslar demişkən "eto bılo jelanie vıdat mnimoe za realnost". Həqiqətən yuxarıda deyilənlər hücum planında nəzərdə tutulmuşdu. Əslində isə yalnız Aranzəmin və Ağbulaq kəndləri ələ keçirilmişdi. Döyüşün operativ idarə olunmaması və müqavimətlə qarşılaşma nəticəsində döyüşçülərimiz Aranzəmin kəndindən geri çəkilməyə məcbur olmuşdular və yalnız Ağbulaq kəndini əldə saxlaya bilmişdilər - bu günə kimi də saxlamaqdadırlar. Döyüşü təşkil edənlər ehtiyat qüvvələrdən düzgün istifadə etməklə və döyüşə yeni qüvvələr daxil etməklə, deyilən planı müvəffəqiyyətlə başa çatdıra bilərdilər. Əfsuslar olsun ki, bu belə olmadı, döyüşü yarımçıq qoyub Bakıya başa çatmamış əməliyyat barədə tələsik məlumat verdilər. Bu vaxtı ilə Respublikamızda dəbdə olan pambıq planını yalandan, vaxtından qabaq yerinə yetirmək oyununa bənzəmirmi? Pambıq planını yerinə yetirmədəki "pripiskanın" ağır nəticələri bizə məlumdur, hərbi işdə isə "pripiska" xəyanət deməkdir. Çünki Müdafiə Nazirliyinin sonrakı bəyanatında deyilirdi ki, alınan dörd kənd xəyanət nəticəsində geri qaytarılmışdır. Əslində isə xəyanəti yalançı məlumat verənlər etmişdilər. Gəlin hər bir uğursuzluqlarımızı xəyanətlə bağlamayaq, fədakarlıqla döyüşən əsgər və zabitlərimiz arasında şübhə, inamsızlıq yaradıb, xəyanətkar axtarmayaq. Yaxşı olar ki, uğursuzluqlarımızın səbəblərini öyrənib onlardan nəticə çıxardaq. Bəs yalan məlumatı kimlər verib? Müdafiə Nazirliyinin mətbuat mərkəzi bu məlumatı şəxsən kimlər tərəfindən verildiyini yaxşı bilməlidir".

Jurnalist Ekspert Mərkəzi bu hadisəyə aydınlıq gətirmək məqsədi ilə kiçik araşdırma aparıb. 1992-ci ildə Azərbaycanın müdafiə naziri olan Rəhim Qazıyevlə əlaqə saxlayan JEM əməkdaşına açıqlamasında keçmiş nazir deyib ki, mərhum polkovnik Şirin Mirzəyevin məktubundan xəbərsizdir: "1992-ci ildə Müdafiə Nazirliyi yeni yaradılmış qurum idi. İnfrastruktur yox vəziyyətindəydi. Mən nazir olduğum dövrdə Müdafiə Nazirliyi prezident fərmanı əsasında yaradılmış bir qurum idi. O, zaman bu işləri görmək baş nazir Həsən Həsənova və indi millət vəkili olan Vahid Əhmədova tapşırılmışdı. Ancaq mən nazir təyin olunana qədər bu yöndə heç bir iş görülməmişdi. Biz, demək olar ki, yeni-yeni formalaşan dövlət qurumuna çevrilirdik".

R.Qazıyev 1992-ci ildə Azərbaycanın ermənilərdən daha böyük düşmənlərinin olduğunu bildirib: "Mən düşünürdüm ki, o zaman Azərbaycanın bir düşməni var. O da ermənilər. Ancaq proses göstərdi ki, Azərbaycanın ən böyük düşməni daxildə olan qüvvələrdir. Kresloya görə anasını ucuz qiymətə satmağa hazır olan bu qüvvələr üçün torpaq ikinci dərəcəli məsələ idi". R.Qazıyev Müdafiə Nazirliyinin özündə Azərbaycan əleyhinə məlumatların yayılmasında maraqlı qüvvələrin olduğunu istisna etməyib: "Ola bilər ki, polkovnik Şirin Mirzəyevin məktubu nazirliyə gəlib. Ancaq onu mənə verməyiblər. Belə qüvvələr var idi".

Həmin ərəfədə Müdafiə Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Leyla Yunus olub. (hüquq müdafiəçisi Leyla Yunus-red.) JEM-in əməkdaşı onunla da əlaqə saxlayıb. L.Yunus Ağdam rayonu Ərazi Özünümüdafiə alayının komandiri, polkovnik Ş.Mirzəyevin məktubu ilə tanış olmadığını bildirib. O, səbəb kimi 1992-ci ilin may ayında vəzifəyə yeni təyin olunmasını göstərib: "Mən Müdafiə Nazirliyinin mətbuat xidməti vəzifəsinə 1992-ci ilin may ayında təyin olunmuşam. Sizin dediyiniz tarixdə işə yeni başladığım üçün baş verən proseslərlə o dərəcədə yaxından tanış deyildim".

1992-ci ildə "Xalq ordusu" qəzetinin baş redaktoru işləmiş, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da mövzu ilə bağlı fikirlərini bölüşüb: "1992-ci ilin may ayı çox mürəkkəb bir vaxtı əhatə edir. Adı dillər əzbəri olan sabiq müdafiə naziri Rəhim Qazıyevin zor gücünə nazir vəzifəsinə təyinatı, bundan sonra onun döyüş bölgəsi ilə məşğul olmaq əvəzinə yersiz kadr dəyişikliklərinin həyata keçirməsi və sairə hadisələr buna bariz nümunədir. Elə onun bu günə kimi az qala lətifə səviyyəsinə çatan kadr təyinatlarından biri də, heç bir səriştəsi və hərbi sahədə bilik və bacarığı olmayan, özünə yaxın olan qohum-əqrabasından Adil Hüseynov soyadlı bir şəxsi ehtiyatdan baş leytenant rütbəsinə gətirib o zaman Müdafiə Nazirliyinin mətbu orqanı olan "Xalq Ordusu", indiki "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru vəzifəsinə təyin etməsi oldu. Onun Rəhim Qazıyevin səriştəsizliyindən, savadsızlığından istifadə edərək özünə absurd general-mayor vəzifə ştatını təsdiq etdirməyə cəhd göstərməsi də bu günə qədər nazirliyin dəhlizlərində xatırlanan gülməli hadisələrdən biridir".

Ü.Cəfərov Ş.Mirzəyevin adından hansısa etiraz məktubunun onun rəhbərlik etdiyi qəzetə daxil olmasını xatırlamır: "Mən xatırlamıram ki, mərhum polkovnik Şirin Mirzəyevdən redaksiyaya hər hansı etiraz məktubu daxil olsun və biz onu qəzetimizdə dərc etməyək. O vaxt qəzetimizlə yaxından tanış olan hər kəs gözəl bilirdi ki, kimliyindən asılı olmayaraq hər kəsi, hətta müdafiə nazirinin özünü belə sərbəst şəkildə tənqid də edirdik, istənilən mövzunu da işıqlandırırdıq. Əməkdaşlarımız hər həftə ardıcıllıqla döyüş bölgələrinə ezamiyyətlərdə olub, döyüşlərdən reportaj və xəbərləri redaksiyaya çatdırırdılar. Elə bunun nəticəsi idi ki, o vaxt Bakının və respublikanın şəhər və rayonlarında "Xalq Ordusu" qəzetinin hər nömrəsi böyük maraqla oxunur və izlənilirdi. Bəzən isə qəzetin tirajının artırılması xahişi ilə bizə müraciətlər daxil olurdu. Onu da qeyd etməyi vacib sayıram ki, MN-nin Mətbuat Mərkəzinin hər gün televiziya və ya radio ilə xalqa çatdırılan cəbhə xəbərlərini biz də qəzetimizdə olduğu kimi işıqlandırırdıq. Bu ümumi qəbul olunmuş bir qayda idi və həmin iş prinsipi bu gün də qüvvədədir".

P.S. Yazı 14.02.2013-cü ildə "Ədalət" qəzetində dərc olunub. 01.05.2014-cü ildə təkrar dərci lap yerinə düşür. Xalq 1 May Əmək Günündə L.Yunusun "zəhmətkeşliyi"nə qiymət versin.




QafqazPRESS.az
banner125x125 banner125x125