Korrupsiya – qara yara
Bu bəladan qurtulmaq mümkündürmü?
Hazırda sosial-iqtisadi durumu çox aşağı səviyyədə olan insanlar Azərbaycanda da az deyil. Bunu əmək haqqının və pensiyaların həddən ziyadə az olması da sübut edir. Elm və texnikanın sürətlə inkişaf etdiyi XXI əsrdə kasıb və yoxsul təbəqənin çoxluq təşkil etməsi birmənalı qəbuledilməzdir. Xüsusilə də, yeraltı və yerüstü sərvətləri zəngin olan Azərbaycan kimi ölkə üçün bu, mənfi haldır.
Əslində, sosial durumu həddən artıq cansıxıcı olan insanların da səbrinin həddi-hüdudu var. Bu mənada, Azərbaycan kimi zəngin və varlı ölkənin min bir əzabla yoxsulluq içərisində yaşayan vətəndaşlarının haçansa səbr kasasının daşmaması üçün yüksək posta sahib məmurlar hansısa ciddi işlər görürlərmi?..
Ümumiyyətlə, onlar bu istiqamətdə hər hansı bir iş görmək istəyirlərmi? Birmənalı olaraq, dövlət məmurlarına ünvanlanan bu suallar çox ciddi mətləblərdən xəbər verir.
Keçək əsas mətləbə. Atalar demişkən, arifə bir işarə də bəsdir. Yetər ki, cavabdeh dövlət məmurları da bundan ciddi nəticə çıxarsınlar. Dünya iqtisadiyyatının böhran çağında gündəmə gətirdiyimiz bu məsələlərin nə qədər aktual olduğu diqqət çəkməlidir.
Vaxtilə dünyanın ən kasıb ölkələrindən biri olan Sinqapurun ilk baş naziri hakimiyyətə gələndə belə bir cümlə işlədib. “Biz bu ölkəni cənnətə çevirəcəyik”. Bəli, baş nazir dedi, qısa zaman ərzində vədini yerinə yetirdi. O, rəhbərlik etdiyi ölkənin adını inkişaf etmiş ölkələrin sırasına yazdı.
Burada maraqlı bir fakta diqqət çəkək: Sinqapurun ilk baş naziri “korrupsiyaya necə qalib gəlmək olar” sualına “əvvəl üç yaxın dostunuzu həbs edin, siz də, onlar da niyə həbs olunduqlarının səbəbini gözəl bilir” deyə cavab verib. O, bircə cümləlik cavabı ilə korrupsiyaya qarşı mübarizədə heç bir kəsə güzəşt olmadığını açıq şəkildə göstərə bilib.
İstismarçı məmur inhisarçı feodaldır
Əmək haqqını artırmaq, iqtisadiyyatı dinamik şəkildə inkişaf etdirmək, neft sektorundan əldə olunan gəlirdən Azərbaycanda iri sənaye müəssisələri yaratmaq olar. Belə olan halda minlərlə insan işlə təmin olunar. Digər tərəfdən qeyri-neft sektorunu da təcili şəkildə inkişaf etdirmək lazımdır. Dünyanın işini nə bilmək olur? Ola bilər ki, bir gün Azərbaycanda neft tükəndi. Ona görə də neftdən əldə olunan gəlirdən durmadan digər sahələri inkişaf etdirmək lazımdır ki, bir xoşagəlməz hal baş verərsə, insanlar işsiz qalmasın. Bu istiqamətdə xarici investorları ölkəyə cəlb etmək, ayrı-ayrı ölkələrin transmilli korparasiyalarının Azərbaycanda yüksək miqyaslı texnologiya sənayesinin təməlini qoymaq da müsbət nəticələr yaradar.
Dövlətin yüksək vəzifəli məmurları da etiraf edir ki, Azərbaycanda hələ də korrupsiya və rüşvətxorluq var. Rüşvətxorluğun və korrpusiyanın baş alıb getdiyi Azərbaycanda isə bu çirkin prosesin kökünü tamamilə kəsmək mümkündür. Lakin bunun üçün ciddi addımlar atılmalıdır. Fikrimcə, korrupsiya ilə ciddi mübarizə aparmaqdan ötrü qəbul olunmuş qanun və qərarların prosedurları son dərəcə ciddiləşdirilməlidir. Yəni, korrupsiyaya qarşı sözün əsl mənasında mübarizə aparılmalıdır.
Gün kimi aydındır ki, Azərbaycan əhalisi korrupsiyadan həqiqətən çox əziyyət çəkir. Yüksək çinli məmurların, hakimlərin, prokurorluq sistemində mühüm post tutan məsul vəzifəli şəxslərin əmək haqlarını artırmaq, həmçinin onlar arasında ciddi maarifləndirmə aparmaq lazımdır ki, rüşvət almasınlar. Bununla yanaşı, korrupsiyada ittiham olunan məmurlar uzunmüddətli həbsə məhkum olunmalıdır. Korrupsiyaya qarşı mübarizədə yerliçilk, qohumluq, dostluq nəzərə alınmamalıdır. Çünki hər bir cinayətin öz cəzası olmalıdır. Bu cəza olmayanda ağır fəsadlar yaranır.
Ölkə Konstitusiyasında təsbit olunmuş hər bir qanun Azərbaycanın bütün vətəndaşlarına aiddir. Necə ki, dəyərli bir fikirdə deyilir: Qanun şahdır, şah qanun deyil. Bu mənada ölkənin qanunvericilik sistemi yüksək səviyyədə inkişaf etmiş Qərb, yaxud da Avropa ölkələrinin idarəçiliyinə uyğunlaşdırılmalıdır, həmçinin mütəşəkkil cinayətkar dəstələri də ciddi və amansız şəkildə cəzalandırmaq çox böyük effekt verə bilər.
Digər vacib məqamlara da diqqət çəkmək istəyirəm. Təhsil almaq üçün xarici ölkələrə daha çox tələbə göndərilməlidir. Əhalinin mənzil probleminin həlli üçün ciddi işlər görmək, ölkə əhalisini mənzillə təmin etmək və onların üzləşdiyi ciddi problemləri vaxtında aradan qaldırmaq məqsədəuyğun olardı. Bu isə ailəsini taleyin ümidinə qoyub Rusiyaya çörək dalınca gedənlərin sayını qismən də olsa azaldar. Ölkədə inşa olunan mənzillərin isə çox hissəsi şəxsi mülkiyyət olmalıdır ki, insanlar kirayə yaşamaqdan bezib intihar həddinə çatmasınlar.
Bir çoxları kimi mən özüm nə vaxtadək başqasının mənzilində yaşamalıyam? Bunun bir sonu olmalıdır. Hazırda mənim kimi bu tip problemlə üzləşən minlərlə Azərbaycan vətəndaşı var. Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. Bir məqamı da yaddan çıxarmaq olmaz ki, Azərbaycan olduqca əlverişli iqlimə və çox zəngin yeraltı, yerüstü sərvətlərə malikdir. Belə olan halda nəyə görə, yoxsulluq və kasıblıq içində yaşamalıyıq?.. Azərbaycanın hər bir vətəndaşının yaxşı yaşamağa haqqı var. Çünki Azərbaycan iqtisadiyyatı dünyada qabaqcıl yerlərdən birini tutur.
Region: inflyasiya və böhran
Bəzi mühüm məsələləri də qabartsaq yerinə düşər. Azərbaycanı Cənubi Qafqazda regionun ən iri ticarət ölkələrindən birinə çevirmək olar. Xarici ticarət dövriyyəsini artırmaq məqsədə uyğundur və müsbət nəticələr verər. Bununla bərabər, Bank sektorunu genişləndirmək həm iqtisadiyyatı gücləndirər, həm də sosial-rifahı yaxşılaşdırar. Bank sektorunda aktivlərin həcmini artırmaq daha böyük işlər həyata keçirməyə zəmin yaradar. Bütün bu məsələlər öz həllini taparsa, qısa zaman kəsiyində Azərbaycan Cənubi Qafqazın maliyyə-ticarət mərkəzinə çevrilər. Onu da deyim ki, xarici investorları asan şərtlə ölkəyə cəlb etmək çox böyük önəm daşıyar. Belə olan halda, Azərbaycan Cənubi Qafqaz regionunda bir çox üstünlüklər əldə edər, böyük nailiyyətlər qazanar və zəngin Azərbaycanın yoxsul vətəndaşı da olmaz.
Xatırladım ki, hazırda bütün dünyanı iqtisadi böhran öz caynağına alıb. Bəs dünyada baş alıb gedən bu iqtisadi böhrandan Azərbaycan uzaq qala biləcəkmi? Ümumiyyətlə, böhranın Azərbaycana təsiri nə dərəcə də ola bilər? Bununla bağlı ölkənin icra strukturları və bu məsələyə birbaşa cavabdeh olan məsul şəxslər hansısa qabaqlayıcı tədbirlər görürlərmi? İstərdik ki, dövlətin rəsmi qurumları və bu məsələlərin həllinə aidiyyatı vəzifəli şəxslər deyilənlərdən nəticə çıxartsınlar. Bu isə sözsüz ki, ölkənin hər bir vətəndaşı üçün xeyirli olar.
Azərbaycanın rəsmi dövlət qurumları bir vətəndaş üçün istehlak səbətinin məbləğini 80-90 manat müəyyənləşdirib. Amma həddən artıq aşağı olan bu məbləğ hər bir ölkə vətəndaşının bir ay yaşaması üçün bəs etmir. Bundan əlavə Azərbaycanda əməkhaqqı, pensiya və təqaüd, sosial müüavinətlər də çox aşağıdır. Dövlət 1-ci qrup əlilə 54 manat, 2-ci qrup əlilə 44 manat, 3-cü qrup əlilə isə 34 manat sosial müavinət verir. İstər-istəməz sual meydana çıxır: Çox cüzi olan bu sosial müavinətlə əlil xəstə bir ay ərzində necə yaşamalıdır?
Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanda insanın bir ay müddətində yaşaması üçün 400-500 manat tələb olunur. Belə olan halda ölkə vətəndaşlarının yoxsul təbəqəsinin və aztəminatlı ailələrin yaşam tərzinin hansı səviyyədə olduğunun şahidi oluruq. Bu çətinlikdən qurtulmağın bir yolu olmalıdır axı... Elə bilirik ki, bu kimi ciddi məsələləri qabartmaqda heç bir yalnışlığa yol vermirik. Əmin olmaq istəyirik ki, aidiyyatı məmurlar bu prosesə münasibətdə çox aktiv olmalıdırlar.
Avropa ölkələrində belə bir fikir formalaşıb: Məmur xalqın nökəridir. Bu prizmadan yanaşsaq, Azərbaycan xalqının üzləşdiyi problemlərin həlli birbaşa məmurlara aiddir. Neftdən gələn gəlirdən ölkənin hər bir vətəndaşının yararlanmaq hüququ var. Vətəndaşın haqqı tapdanırsa, deməli, onun hüququ da pozulur.
Bir məsələyə də toxunaq. Bir neçə müğənninin və gənc bir aktrisa xanımın milyonlarla ölçülən villasının olması və parıltılı qara rəngli çox yüksək qiymətə xarici markalı avtomobil sürməsi, bunun isə bəzi televiziya telekanallarında geniş şəkildə reklam olunması bütün Azərbaycan xalqının xoşbəxt və yağ-bal içində zəngin həyat sürməsi demək deyil. Bu kimi mənfi hallar həddən ziyadə yoxsul və kasıb insanlarda ikrah hissi oyadır və vətəndaşları dövlətdən yaxşı yaşamaq hüququnu tələb etməyə sövq edir. Belə hallar isə əlbəttə, yol verilməzdir. Bunun acı nəticələri ola bilər. Qeyd olunan bu məsələləri Azərbaycan məmurları ciddi qəbul etməlidirlər.
Yazıya əlavə:
Çox hörmətli məmurlar, sizə səmavi kitabdan dəyərli bir fikri xatırladırıq: İnsana sevgi göstərəni və insanı sevəni Allah da sevər. Bax elə ona görə də, Azərbaycan xalqına sevginizi göstərin. Bu xalqı, bu milləti inandırıcı şəkildə sevin. Hər kimin ki, öz xalqına, öz millətinə ölməz və tükənməz sevgisi var, o insanların günahını Allah da bağışlayar. Millətinizi sonsuz sevgi ilə sevin ki, millətinizə ehtiramla, hörmətlə yanaşın ki, millətinizə böyük sayğı göstərin ki, Allahın dərgahındakı Həyat Kitabına – Lövhi-Məhfuza adınız yazıla bilsin. Nə qədər ki, gec deyil, bunu edin, sonra gec ola bilər. Çünki insana zülm edəni, Allah sevməz. Öz xalqınıza, millətinizə gün ağlayın ki, Allah qarşısında üzü ağ olasınız.
Cənab məmurlara bir daha səmavi kitab Bibliyadan üç ayəni xatırlatmağı özümüzə borc bilirik:
“Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və oraya oğrular girər və oğurlarlar.
Lakin özünüzə göydə xəzinələr yığın ki, orada nə güvə, nə pas məhv edər və nə oğrular oraya girərlər, nə də oğurlarlar.
Çünki xəzinəniz haradasa, ürəyiniz də orada olacaqdır”.
Bu ayələrin izahından biri də odur ki, insan ömrü boyu yaxşılıq etməli, kasıba, yoxsula əl tutmalı, xeyirxah işlər görməli, əməlisaleh olmalı, insanlara zülm etməməli, köməyə ehtiyacı olana dayaq durmalı, həmçinin imanında kamil olmalı və sairə.
Bu nöqteyi-nəzərdən, cənab məmurlar, xalqınıza, millətinizə, ağ günlər, xoşbəxt, bəxtəvər günlər yaşadın ki, siz də Haqqın dərgahında üzü ağ olasınız, Tanrının sevgisindən, mərhəmətindən, rəhmindən uzaq düşməyəsiniz. Yerində deyilən bir fikir var: Sultan Süleymana qalmayan dünya, heç kimə qalmayacaq. İnsanların qarşısında sevginizi, hörmətinizi itirməyin, cənab məmurlar. Dövlət məmuru üçün əsas prioritet məsələ ölkə vətəndaşlarının yaxşı yaşaması olmalıdır.
Arzu edək ki, vətəndaşlarımız baş-başa qaldıqları problemlərin məngənəsindən tezliklə qurtula bilsinlər. Təbii ki, əhalinin problemlərdən birdəfəlik yaxa qurtarmasında əsas işi rəsmi dövlət qurumları və məmurlar görməlidir.
P.S. Azərbaycanda elmi işçilərin maaşı 130 manatdan, professorun maaşı isə 320 manatdan başlayır. Bir xatırlatma edək ki, Rusiyada elmi işçilərin əmək haqqı Azərbaycanda olduğundan təxminən 10 dəfə çoxdur. Məlumdur ki, Azərbaycan əhalisinin əksər hissəsinin yaşayış səviyyəsi ağır durumdadır. Bu da sirr deyil ki, ölkə vətəndaşlarının iqtisadi vəziyyəti, sosial-rifahı qənaətbəxş deyil. Ayrı-ayrı vaxtda əməkhaqqı və pensiyanın məbləği 10 manat artırılan kimi dükan və bazarlarda ərzaq məhsullarının qiyməti bir neçə dəfə artırılır. Belə olduqda maaş və pensiya artımının əhaliyə heç bir xeyri olmur. Bu isə açıq-aşkar manapoliyaya, rüşvətxorluğa və korrupsiyaya şərait yaradır.
Bəs dövlətin hansısa rəsmi qurumları bu kimi problemlərin həllində maraqlıdırmı və bu istiqamətdə dövlət səviyyəsində müsbət addımlar atılırmı? Ümid edək ki, Azərbaycanda hökm sürən rüşvətxorluq və korrupsiya yaxın zamanda tamamilə aradan qaldırılacaq.
Bir kəlamda deyilir ki, ümidsiz şeytan olar. Elə ona görə də ümidimiz və inamımız bizi heç vaxt tərk etməsin. İmanında kamil olan insan Böyük Yaradanın xeyir-duasından uzaq düşməz.
Allahın xeyir-duası Azərbaycan xalqı ilə olsun!
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR