» » “Növbəti qaynar nöqtə Qarabağ ola bilər”

“Növbəti qaynar nöqtə Qarabağ ola bilər”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2016
//
Bölmə: Sosial
“Növbəti qaynar nöqtə Qarabağ ola bilər”







“Çovdarovun dublikatı çıxacaq, bəlkə də artıq çıxıb”

Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Cəbhədə gərginlik daha da artıb, belə bir durumda daxili təhlükəsizlik də ön sırada dayanır. Hazırkı durumu necə qiymətləndirirsiniz?

- Birbaşa daxili təhlükəsizlikdən danışırıqsa, əgər aprelin 1-dən bu günə qədər xüsusi bir kataklizmlər yaşanmayıbsa, hər hansı terror hadisəsi ilə rastlaşmamışıqsa, deməli təhlükəsizlik müəyyən qədər qorunub. Amma daxili təhlükəsizlik təkcə Bakıdan ibarət deyil. Elə cəbhə bölgəsinin özünün təhlükəsizlik məsələsi həll olunmalıdır. Hamı bilir ki, cəbhə bölgəsindəkilər adi silah səslərini öyrəşmişdilər. Amma 24 ildən sonra məhz ağır artileriyadan istifadə olunduğuna görə, həmin bölgənin əhalisi biraz kənara çəkilir. Dinc sakinlərin kənara çəkilməsinin təhlükəsizlik məsələsi bir o qədər yüksək deyil. Buna görə də dinc əhali ağır artileriya atəşindən yayınarkən dövlət ən azı onları istiqamətləndirməlidir. Ümumiyyətlə, Azərbaycan təkcə cəbhə xəttində baş verənlərə görə təhlükə gözləməməlidir. Dövlətlər təzyiq vasitəsi kimi terrordan istifadə edə bilərlər. Diqqət etdinizsə, aprelin 24-də Bakı metrosunda təhlükəsizlik gücləndirilmişdi. Amma bu yalnız kampaniya xarakteri daşımalı deyil.

- Cəbhə bölgəsində yeraltı sığınacaqların sayı və yaşayış məntəqələrinin düşmən tərəf hissəsinə hasar çəkilməsi təhlükəsizlik üçün kifayət edirmi?

- Müəyyən yerlərdə hasar çəkildi, amma effekt vermədi. Çünki indiki silahların trayektoriyası elədir ki, istənilən vaxt o hasardan keçə bilir. Bu vəziyyətdən çıxış yolu deyildi. Mülki müdafiə obyektlərimizin sayı hərbi sirr sayıla bilər, ona görə bunu deməyəcəm. Amma kifayət qədər deyil. Buna görə də cəbhəyə yaxın yerlərdə əhali üçün xüsusi sığınacaq olmadığına görə yollarda qalırlar.

- Hadisələrin gedişatını necə proqnozlaşdırırsınız?

- Ağır artileriyadan istifadə artıq adi hala çevriləcək. Nə Azərbayan, nə Ermənistan güzəşt edir. Amma bu proses sona qədər belə davam edə bilməz və davam etməsi başqa dövlətlərə də ziyandı. Xüsusilə Rusiyaya ziyandı, çünki bölgədə dava gedirsə, sakitləşdirmək lazımdı. Sakitləşdirmək istəyəndə də hər kəsin öz şərti olur. Bu məsələ hansı dövlətin xeyrinə həll olsa, həmin ölkə Rusiyanın əlindən çıxacaq. Buna görə də döyüşlər bu şiddətdə davam edəcək və bu adi hala çevriləcək. Onda isə qərb mütləq ciddi təsirlər edəcək. Çünki qərbin marağındadır ki, İran və digər enerji faktolarına Rusiyanın təsiri azalsın, həm də sabitlik yaransın. Cənubi Qafqazda sabitliyin yaranmasını daha 24 il gözləməyəcəklər. Konkret təkliflər olacaq və məsələ beynəlxalq hüquq çərçivəsində həll ediləndə bizim xeyrimizə olacaq. Bu gün situasiya bizim xeyrimizə deyil, mən buna görə münaqişənin dondurulmasının tərəfdarıyam. Suriya, İŞİD məsələsi həll ediləndən sonra Qarabağ dünya üçün bir nömrəli probleminə çevrilər, onda bütün dünya bizim ərazi bütövlüyümüzü tanıyar və məsələnin bizim xeyrimizə həllinə çalışarlar.



- Nardaran hadisələrindən sonra ölkədə dini cameə ilə bağlı situasiyanı necə təsvir edə bilərsiz?

- Bizdə hamının qəbul etdiyi İslam lideri yoxdur, dindarlarımız da radikallığa meyllidirlər. Siyasi fiqur səviyyəsində olan, İslam xətti yeridən, həm də ölkənin dünyəvi quruluşa sadiq ola biləcək liderimiz yoxdur. Bizim dindarların əksəriyyəti hansısa ölkənin təsiri altındadılar. Bəzi şiələrin lideri İranın, sələfi və vəhabi təriqətləri isə Səudiyyə Ərəbistanının təsiri altındadır. Nardaranda həbslər oldu, amma bu məsələnin həlli deyil. Həm də orada radikalçılıq o dərəcədə müşahidə edilmirdi. Müəyyən addımlar atıldı, bəziləri düzgün idi. Amma adi bir əməliyyatda 6 nəfərin ölümü, xüsusilə dövlət nümayəndəsinin ölümü heç cür uğurlu sayıla bilməz. Bununla kiməsə dərs vermək istəyirdilərsə, bu düzgün deyil. Onun başqa, yəni maarifləndirmə, həm də sərt inzibati tədbirləri yolu var. Həbslərdən sonra sakitləşmə var, amma bu tufanqabağı sakitlikdi.

- Sakitləşmə həbs edənlər tərəfdəndir ya həbs olunanlar?

- Birinci, həbs olunanlar tərəfdədir. Hər halda həbsin insan psixologiyasına təsiri var, geri çəkilirlər. Amma aqressiyanı, nifrəti artırıb. Nardaranda aparılan hansısa təmir işləri bu məsələnin həlli deyil. Abadlıq işləri çoxdan həll olunmalı idi. İndi Azərbaycan cəmiyyəti cəbhə hadisələrinə fokuslanıb, sabah orada vəziyyət stabilləşəndə başqa çatışmazlıqlar, iqtisadi və dini məsələlər yenidən ortaya çıxacaq. Mən həmişə Nardarandakı vəziyyətdən narahatlığımı bildirmişəm.

- Dediyiniz kimi radikallıq yüksək deyildisə, nədən narahatsınız?

- Narahatlığım Nardaran əhalisinin Azərbaycan dövlətinə sayqısızlığından idi.

- İctimaiyyətdə bir sual yarandı ki, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd etməkdə ittiham olunan qruplaşmaya qarşı əməliyyatı niyə MTN yox, Çevik Polis Alayı keçirdi?

- Konstitusion quruluşu dəyişməyə cəhd o adamların beynində ola bilərdi, amma real plan yox idi. Bu faktiki inqilab deməkdir. Bir Naradaran kəndində bir məscidin içinə yığılanlar ölkənin konstitusion quruluşunu dəyişə bilərlər? Biz heç o cəhdi görmədik. Əməliyyatı xüsusi xidmət orqanı polislə birgə keçirə bilərdi. Mütləq əvvələcədən əməliyyat məlumatları daha güclü olmalı idi, nəinki fiziki güc tətbiq etmək. Bu adamları tutmaq lazım idisə, onları Hərbi Komissarlığa çağırıb orada da tutmaq olardı. Vaxtilə belə etmişik və mümkündü. Mən hesab edirəm ki, o əməliyyatı peşəkar xüsusi xidmət orqanı əməkdaşları keçirsəydi, ən azından ölüm olmazdı.

- Azərbaycanda dini təhlükə qalıbmı?

- Azərbaycan dünyadan təcrid olunan dövlət deyil. Əgər Azərbaycanın özünə və ölkədəki dindarlara qalsaydı, biz o təhlükəni gözləməzdik. Dünyada baş verən proseslərdə bir nömrəli problem İŞİD-dirsə, onun da əsas bayrağı dindirsə, Azərbaycanda dini təhlükə həmişə mövcud olacaq. Biz qapalı cəmiyyət deyilik, gedib-gələnlər var və İŞİD-i təsir vasitəsi kimi əlində saxlayan ölkələr də bundan istifadə edirlər. Buna baxmayaraq, Azərbaycanda radikal dini təhlükə SOS vəziyyətində deyil. Amma Azərbaycanda keçirilən bir sorğuda əhalinin 8 faizi şəriət dövlətinin qurulmasının tərəfdarı olduğunu demişdi. Bu 720 min adam deməkdir və həmin adamların ən azı 10 faizi, 72 mini radikal olsa, bu artıq böyük bir problem deməkdir. Buna görə də dini sahə daim nəzarət altında saxlanılmalıdır.

- Türkiyə-Rusiya münasibətləri Azərbaycanın təhlükəsizliyinə hansısa formada təsir edə bilərmi?

- Türkiyə yox, Rusiya Azərbaycan uğrunda mübarizəsini davam etdirir. Mübarizənin bu saatları Azərbaycan siyasətinin ən başağrıdıcı olan dövrüdür. Bu başağrı özünü həm cəbhədə, həm iqtisadiyyatda göstərir. Rusiyanın məkrli planları hələ ki suallar altındadır, amma bizim üçün nə qədər böyük bir tələ hazırladıqlarının elementləri görünür.

- Avroviziya yarışmasında terror və prezidentə sui-qəsd planı hazırlayanlarla bağlı 40-dan çox adam saxlanıldı. Qarşıda “Formula 1” və “İslam oyular”ı var. MTN ləğv edilib, bu sistem demək olar ki, sıfırdan qurulur. Bu halda, Azərbaycan üçün çətin olmayacaq ki?

- Mən öncə 2012-ci ildə baş verən həmin hadisədən danışmaq istəyirəm. Hələ əmin ola bilmərik ki, o miqyasda terrora cəhd həqiqətən mövcud idi? Şişirdilmiş rəqəmlər, şişirdilmiş həbslər yox idi ki? Keçmiş MTN rəhbərliyinin əməlləri faş olunması, bu gün o əməliyyatları sual altına qoymağa imkan verir.

O ki qaldı, Azərbaycan xüsusi xidmət orqanına, böyük bir kataklizm yaşadı. 11 il 3 aylıq Eldar Mahmudov dönəmində orada təkcə kadrlar yox, çox şey dəyişdi. Əsasən polisdən gələn kadrlar yüksək vəzifəyə götürüldü. Akademiyaya qəbulun hansı formada aparılması, kimlərin qəbul edilməsi çox böyük suallar yaratdı. Xüsusi xidmət orqanının ən böyük gücü onun agentura şəbəkəsindədir. Onlar 11 ildə bu işə hansı prizmadan yanaşdılar? Sovet dönəmindəki kimi dükançı alverinə nəzarət yoxsa hansısa radikal örgütün içində agent yerləşdirib ordan məlumat əldə etmək prizmasından? Bütün bunları nəzərə alanda adam fikirləşir ki, doğurdan da indi sıfırdan başlanılıb. Təsəvvür edirəm ki, bu gün və sabah keçiriləcək təhlükəsizlik məsələlərində bizim təhlükəsizlik xidmət necə çətinlik içində olacaq. Onların bu istiqamətdə ən başlıca işlərindən biri xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməkdir. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rekonstruksiyası gedir.

- Avropa təhlükəsizliyinin paytaxtı Brüselldə aeroport və metroda partlayış oldu. Bakı metrosunda polislərin yoxlamaya laqeyd yanaşmasından çox vaxt şikayət edirlər. Sizcə metroda təhlükəsizlik qaydaları vətəndaşlarımızı arxayın etməyə kifayət edirmi?

- Bu məsələ ilə əlaqədar çox şablon bir cümlə deyəcəm: "Heç bir dövlət terrordan sığortalanmayıb". İsrail, Amerika, Belçika kimi dövlətlərdə terror törədən təşkilatlar sabah fikirləşsələr ki, Azərbaycanda da edək, buna hansısa bir yolla nail olacaqlar. Bu hadisə metroda da ola bilər, adicə basabas olan bir marşrut avtobusunda da. Metronu heç olmasa yoxlayan var, avtobus ümumiyyətlə yoxlanmır. Metroda texniki təhlükəsizlikdən öncə peşəkar bir göz lazımdır. Bəzi YPX işçiləri var ki, uzaqdan sürücünün içkili olduğunu bilirlər. Burda da serjant rütbəsində olmasına baxmayaraq metro polislərinə ciddi bir təlim keçmək lazımdır. Terrorla mübarizə birinci sərhəddən başlamalıdır. Həmçinin, təşkilatlanan terrorçuların içində agentimiz olmalıdır ki, informasiya ötürsün. O qədər təyyarə qəzaları olub, amma insanlar yenə də istifadə edirlər. Bizdə də metroda partlayış olsa, 1 saat sonra insanlar yenə qatara minəcəklər. Bu insan psixologiyasıdır. Metro terror üçün zəif bəndimizdir. Amma biz metroya minən insanları kütlə olaraq bir-bir yoxlasaq, bu insanlarda aqressiya yaradacaq. Ona görə də peşəkar göz lazımdır.



- Metroda təhülkəsizlik yanlız girişdə stol qoyub dayanan iki polis əməkdaşındanmı ibarətdir?

- Hələ ki, bəli. Təklif oluna bilər ki, aeroportdakı kimi siqnal verən qapı formalı avadanlıqdan istifadə olunsun. Amma metroya minən hər kəsin cibində qəpik olur. Bu da böyük bir ajiotaj yarada bilər. Bizim terrorla mübarizədə ən böyük silahımız informasiyadır.

- Zaman-zaman xarici ölkələr Azərbaycanı terror ola biləcək ölkələr siyahısına əlavə edir və vətəndaşlarına ora getməməyi tövsiyə edir. Geopolitik proseslərin üzərində dayanaraq deyə bilərsinizmi, Azərbaycan nə dərəcədə terrorçuların maraq dairəsindədir?

- Yüksək səviyyədə deyil. Siyahıda ən axırıncı sıradayıq. Bəzən deyirlər ki, PKK burada nəsə tədbir keçirəcək. Amma PKK-nın hədəfi Azərbaycan deyil. Əldə etdiyi gücün hesabına birtəhər Türkiyəyə təzyiq edir, çünki hədəfi Türkiyədir. Azərbaycan erməni terrorizminin hədəfindədir. Eyni zamanda, ermənilərin adından istifadə edib başqa dövlətlər də təzyiq edə bilər. Məsələn, Neft Akademiyasına silahlı hücum bizə, Ermənistan parlamentinin gülləbaran edilməsi isə onlara bir siqnal idi. Bu artıq terror təşkilatlarının yox, onların arxasında dayanan dövlət terrorizminin mesajları idi. Biz bu barədə ayıq-sayıq olmalıyıq.

- Suriya və Ukrayna hadisələri artıq cəmiyyətdə əvvəlki aktuallığını qorumur. Növbəti qaynar nöqtənin hara olacağı barədə bir təxmininiz varmı yoxsa bu proses donub?

- Aktuallıq informasiya nəzərindən itə bilər, amma əməliyyatlar davam edir və hələ də dünyanın bir nömrəli problemi Suriyadır. Bununla yanaşı, həm Rusiya, həm də qərb Suriyada səngiyib. Növbəti qaynar nöqtə təəssüf ki, Qarabağ ola bilər.

- Azərbaycanın iqtisadi təhlükəsizliyini nə gözləyir?

- Böyük bir narazılıq yarana bilər. Kasıb ömrü boyu narazıdır, amm varlı adam kasıblayanda onun narazılığı kasıbınkından da artıq olur. Azərbaycanda bu proses gedir, hələ ki təzahürünü görmürük.



- MTN-də həbs edilən vəzifəlilər barədə bizdən daha çox məlumatlı olarsınız. Sizcə, günahkar olub azadlıqda gəzənlər qaldımı?

- O qədər. General oturmuşdu, icraçıları lap çox idi. Onlar nəyi icra etdiklərini çox yaxşı bilirdilər. Generalın intihar edən polkovniki var, amma polkovnikin nə qədər mayorları, kapitanları vardı. Təmizləmə işləri gedir, amma bəziləri hələ də vəzifəsində oturub.

- Hacı Məmmədov, Akif Çovdarov... Bitdimi?

- Yox, bitmədi. Birmənalı olaraq bitmədi. Hacı Məmmədov başqa söhbətdi, bütün dövlətlərdə ola bilər. Amma Çovdarovun dublikatı çıxacaq, bəlkə də artıq çıxıb.

- Namiq Abbasov (sabiq milli təhülkəsizlik naziri) da, siz də öncə jurnalistikanı, sonra DTK Ali məktəbini bitirmisiz. Jurnalistlər təhlükəsizlik sistemində işləməyə meylli olurlar yoxsa sistem onları seçməkdə maraqlı olur?

- Sistem özü onları içinə çəkməkdə maraqlı olub. Heç bir jurnalist fikirləşmirdi ki, o KBQ işçisi olacaq. Məni rayon qəzetində işləməyə göndərdilər. "Komsomol"da işləməyə başlayanda artıq həyatımı partiyada görürdüm. Qəfildən DTK-nın işçisi mənə dedi ki, siz parametrlərinizə görə bizə uyğunsuz, fikirləşin cavab verin. Mənim cavabımdan 1 il yeddi ay sonra Minskə oxumağa göndərdilər. O vaxta kimi bütün yoxlamalardan keçirdilər. Təcrübə keçmək üçün Azərbaycana qayıdanda məni Namiq Abbasovun şöbəsinə verdilər. Orada Namiq Abbasov mənim jurnalist olduğumu biləndə dedi ki, jurnalistlər ən yaxşı "verbovşik"lərdir. Adamlarla dil tapmağı bacarırlar, onlar da informasiya mənbələri ilə işləyirlər, biz də. SSRİ dövründə xaricdə işləyən müxbirlərin hamısı kəşfiyyatçı idi. Azərbaycan Dövlət Universiteti DTK üçün əsas kadr bazası idi. Amma Gəncədə olan 3 universitetdən heç birindən kadr götürmürdük. Qeyri-rəsmi göstəriş var idi. Çünki sovet hökümətinin özündə bilirdilər ki, hansı institutlarda pulla girib, pulla da oxuyurlar. Artıq bu adam rüşvətə meylli olduğunu üçün DTK-ya götürülmürdü. Mən dəhşətə gəlirəm ki, MTN Akademiyasına qəbulu TQDK aparırdı. Bunu tamamilə ləğv etmək lazımdır. Xüsusi xidmət orqanına abituriyenti özü seçib tapmalıdır.

- Ən yaxşı çekistlər kimlər olur?

- Bunun klassik cavabını Bzejinki verib: "Soyuq başlı, təmiz əlli, cəsur ürəkli adamlar".
banner125x125 banner125x125