» » Prezidentlə görüşdə devalvasiya müzakirə olundu

Prezidentlə görüşdə devalvasiya müzakirə olundu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 may 2016
//
Bölmə: Sosial
Prezidentlə görüşdə devalvasiya müzakirə olundu








Azərbaycan prezidenti İlham Əliyev mayın 20-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğunu dedi. Əməkdaşlığımızın müxtəlif formatları əhatə etdiyini bildirən dövlət başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişafla bağlı Beynəlxalq Valyuta Fondunun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirdi. Dövlət başçısı Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyətinin ölkəmiz ilə bu qurum arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev qeyd etdi ki, dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərimizin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib.

Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan hökuməti tərəfindən dünyada iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Məhəmməd əl-Qorçi manatın devalvasiyası və digər tədbirlərin ölkəmizdə milli istehsalın qorunması, habelə qeyri-neft sektorunda istehsal olunan məhsulların xaricə ixrac edilməsi işinin təşviqinə töhfə verdiyini vurğuladı və bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən atılan addımları cəsarətli və uğurlu addımlar kimi qiymətləndirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğuladı və bu baxımdan Beynəlxalq Valyuta Fondunun Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsi aparılmasına, ölkəmizə texniki yardım göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib.
banner125x125 banner125x125