» » Fədayə Laçın əfv oluna bilər?

Fədayə Laçın əfv oluna bilər?

Müəllif: Səma Zərdablı
//
Tarix: 12 mart 2019
//
Bölmə: Sosial
 Fədayə Laçın əfv oluna bilər?


Fədayə Laçın əfv oluna bilər?Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində ölkə rəhbərinin humanist addımlarından biri kimi əfv sərəncamının imzalanacağı gözlənilir.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu ilin yanvar ayından start verilən iclasları martın 6-da yekunlaşıb. İclaslarda yüzlərlə müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb.
Hamı əfv sərəncamının imzalanmasını gözləyir. Uzun müddətdir hamının yaxından izlədiyi məhkəmə prosesində məhbusların qaçmasında təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın da əfvə düşə bilərmi?
Bu sualla onun hüquqlarını müdafiə edən Nurəngiz Qarayevaya müraciət etdik.
Vəkil N.Qarayeva Modern.az-a açıqlamasında bildirdi ki, müvəkkili Fədayə Laçın əfv ərizəsi yazmayıb:
"İş hələ davam etdiyindən tərəfimizdən heç bir müraciət yoxdur. Biz hazırda Apellyasiya Məhkəməməsinin qərarını gözləyirik. Məhkəmənin qərarına daha çox ümid edirik. İnanırıq ki, Apellyasiya Məhkəməsinin qərarı ilə Fədayə Laçın azadlığa çıxar".
Vəkil qeyd edib ki, müvəkkilinin saxlanma şəraiti, səhhətilə bağlı hər hansı narahatlığı yoxdur.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.
İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
banner125x125 banner125x125