Azərbaycanın 365 günü: İlham Əliyev yolu
2018-ci ildə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qalib gəlməsindən bir il keçir.
365 gün.
Əsrə bərabər bir il.
2003-cü ilin oktyabrın 1-dən, Azərbaycanı Prezident təki idarə etməyə başladığı ilk gündən bəri İlham Əliyev çoxsaylı siyasi, sosial, iqtisadi və s. çağırışlarla üzləşib. Heç zaman geri çəkilməyb, ani dividentləri və ya siyasi konyukturanı düşünməyib. Ən ciddi riskləri belə, zərərsizləşdirməyi, ölkəni kənardan təhdid edən güclərə qətiyyətli və iradəli cavab verməklə yanaşı, ölkə vətəndaşını narahat edən problemləri çözməyə çalışıb. Çözüb də.
Vətəni təhdid edənlərə qarşı kimliyindən və necəliyindən asılı olmayaraq sərt davranan prezident ölkə sakinlərinin hər birinə şəfqətlidir.
"Dövlət baba" anlayışı var türk ulusunda. Demokratiya, insan haqları, sosial-siyasi qanunlar, çağdaş dövrün tələbləri - bunların hamısı mübahdı. Amma ulusumuz qədimlərdən bəri özünə rəhbər bildiyi insanın göstəriş və əmrlərinə şəksiz, sözsüz riayət edib.
Bu riayət Şərqin bir sıra ölkələrindəki qorxu üzərində çulğalaşmış itaət, kölə dözümü, yaxud Qərb ölkələrində fərdin maraqları üçün cəmiyyətin mənafelərini sırf praqmatizm xatirinə qəbul edərək rasionalizmin ən bəsit formasını ortaya qoyması deyil.
Əksinə, bəhs etdiyimiz məqam azad, keçmişini unutmayıb gələcəyini düşünən insanların təbii seçimidir.
Bir il insan həyatında çox kiçik dövrdür. Lakin insan cəmiyyətinin mürəkkəb, çoxsaylı tabanları və mərhələləri olan yaşamı baxımından 365 gün az müddət deyil.
Son 25 illik tariximizdə, keçmişlə gələcək arasında İlham Əliyevin özü, sözü, əməlləri, fikirləri, istəkləri, işləri, xalqın ona sevgisi və onun xalqa sayğısı, dövlətin yükü və dövlətinə sədaqəti var.
Onun 365 gündə imzaladığı, sayı ən azı 365 olan sərəncam, fərman və sənədlərdəki imzası ölkədə siyasi müasirləşmənin, intibahın və inkişafın avtoqrafıdır. Heydər Əliyevin strateji və siyasi kursunu davam etdirməklə yanaşı, daha da gücləndirən İlham Əliyevin son bir ildəki fəaliyyətində refren kimi səslənən iki məqam var - siyasi-sosial və iqtisadi islahatların miqyasının artırılması, bir də ölkədə modernləşmə.
Dövlətçiliyin bərpası, iqtsiadiyyatın inkişaf və siyasi modernləşmə İlham Əliyevin idarəetmə konsepsiyasının istinad nöqtələri, Azərbaycanın intişarını şərtləndirən məqamlardır.
Cənubi Qafqaz təki geosiyasi baxımdan çox mürəkkəb, qarışıq və laübəli regionda yerləşən Azərbaycan indi multikulturalizm, tolerantlıq, sabitlik, inkişaf, iqtisadi tərəqqi və ümumvətəndaş rifahının bərqərar olmağa başladığı bir ölkədir.
Bir ildəki tarixi proseslər əldə olunmuş nailiyyətlərlə bitmir. İstənilən inkişaf alternativ axtarışları, problemlərin həlli, bəzən də səhvləri etiraf edir.
Fəqət Azərbaycan cəmiyyəti İlham Əliyevə alternativ aramır. Bu sadə həqiqəti təsdiqləmək və əmin olmaq üçün istənilən sorğu şirkəti ölkədə araşdırma apara bilər. Respondentlərin total əksəriyyətinin mövqeyi yekdil olacaq: onlar inkişafı İlham Əliyev idarəetməsində görürlər.
Lakin bu da var ki, Azərbaycanda hələ də radikal psevdodemokratlarla klerikalların qarışığı olan dağıdığıcı, aqressiv qiyamçılıqla sosial liberalizm arasında qarşıdurma var.
İlham Əliyevin daxili siyasəti sosial liberalizmdirsə, qarşı tərəf anarxiya, xaotik çırpınmalar, sonu bilinməyən uçuruma "işıqlı yol" vəd edir və həmin vədlərin hər birinin mahiyyəti Azərbaycandan çox uzaqlardakı mərkəzlərin hazırlayıb buradakı marionetlərinə ötürdükləri ssenarinin nişanələridir.
Azərbaycanın seçimi bəlli. İlham Əliyev siyasi elita ilə yanaşı, sosiumun qəbul etdiyi və dəstəklədiyi parlaq, intellektual, nüfuzlu, xarizmatik liderdir.
Onun alternativi gerçəkdən də, yoxdur və bunun səbəbi Azərbaycan reallığı, cəmiyyətdəki mənəvi-siyasi stereotiplər, vətəndaşlarımızın mühafizəkarlığı yox, çağdaş qlobal siyasi düzənin təmayülləri, regiondakı tarixi və geosiyasi proseslərdir.
Ərəb inqilabları, Yaxın Şərqdə ölkələrdə çökən dövlətçilik və sistem böhranı, Ukraynadakı məchul durumun fəlakəti, terror aktları, hibrid savaşlar, terror aktları və separatizmin artıq ən təhlükəli problemlərdən birinə çevrildiyi dönəmdə Azərbaycandakı stabillik ölkəmizin və insanlarımızın əldə etdiyi ən böyük nailiyyətdir.
İlham Əliyevin sayəsində.
O, ən təhlükəli siyasi proseslərin gedişatına ani müdaxilə edərək durumu dəyişə biləcək insandır. Dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin ucuzlaşmasından, ölkə büdcəsinin böyük itkilər verməsindən sonra yarana biləcək böhranın qarşısını alan dövlət başçısı Azərbaycandakı makroiqtisadi durumu stabilləşdirdi.
Onun siyasətinin məhək daşları ölkənin suverenliyi, özünü təmin etməsidir. Dünyadakı geosiyasi güc mərkəzlərinin hamısına yaxın və eyni zamanda, hamısından uzaq olan Azərbaycanın tam müstəqil xarici siyasəti ilə vətəndaşın maraqlarının və rifahının ümdə sayıldığı daxili siyasət - budur İlham Əliyevin idarəetmə konsepsiyası, hakimiyyətin taktikası və dövlətin idarəetmə strategiyası.
Heydər Əliyev ölkədəki eybəcər inqilabi liberalizm və çarvadar düşəncəli "siyasətçi"lərin az qala darmadağın etdikləri, məhv astasınnda olan Azərbaycanı xilas etdi.
Bu səbəbdən Azərbaycanın siyasi tarixini Heydər Əliyevin irsi və bu irsin nümayəndəsi İlham Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarix və tale belədir - İlham Əliyevin imzası ilə yazılan, vətəndaşlarımızın qətiyyətlə təsdiqlədiyi inkişaf tarixi.
Azərbaycanda gerçəkdən də, hakimiyyətin təşəbbüsü və İlham Əliyevin müəllifliyi ilə ciddi islahatlar gedir. 3 il əvvəl, 2016-cı ildə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan, dövlət başçısının təsdiqlədiyi strateji yol xəritəsində göstərilən məqsədləri reallaşdırmaq üçün işə başlandığı gündən ötən müddət planların dəqiq, hədəflərin real olduğunu göstərdi.
Sosial, siyasi, iqtisadi və idarəetmə sahələrində çox ciddi islahatlar aparılır.
Həmin islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə sabitləşdisə, 2018-ci ildə isə dinamik artım mərhələsinə qədəm qoydu ki, bunun ən mühüm göstəriciləri 2019-cu ilin yanvar ayında özünü göstərdi.
Ümumi daxili məhsulun (ÜDM) artımı, qeyri-neft sənayesində artımın rekord həddə - 14 faizə çatması, bütün makroiqtisadi göstəricilər üzrə artımın baş verməsi... Azərbaycan iqtisadiyyatı artıq sürətlə böyüyür və yeni gəlir mənbələri əldə edir.
Əldə olunan vəsaitlər dövlət büdcəsinin gəlirlərini də artırır. Belə ki, təkcə bu ilin yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 50 faizə yaxınlaşıb.
Eyni zamanda, vacib məqamlardan biri odur ki, ölkə başçısı həyata keçirilən sosial siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşının dayandığını bəyan edir və bu baxımdan, dövlət büdcəsində yaranan yeni gəlirlərin böyük bir hissəsinin insanların, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəltməsi bir daha sübut edir ki, Azərbaycan prezidenti hər zaman vətəndaşların yanındadır, onların sosial qayğısına qalmaq üçün iqtisadiyyatın bütün imkanlarından istifadə edir.
Məsələn, 2015-ci ildə baş vermiş iki devalvasiya əhalinin bəlli bir təbəqəsinin xarici valyutada götürdüyü kreditlərin ödənilməsində çətinliklə üzləşməsinə səbəb olmuşdu. Ötən dövr ərzində problemli kreditlər məsələsi dəfələrlə cəmiyyətdə, Milli Məclisdə müzakirə edildi və müxtəlif variantda bunların həlli üçün təkliflər irəli sürüldü.
Devalvasiya baş verən andan bu məsələ prezidentin hər zaman diqqətində idi.
Keçən bu müddət ərzində iqtisadiyyatda aparılan iqtisadi islahatların məqsədlərindən biri də vətəndaşların qarşısında duran çətinliklərin, o cümlədən problemli kreditlər kimi məsələlərin həllinə yönəlmişdi.
İqtisadiyyatın böyüməsi və gəlirlərin artması nəticə etibarilə, bu problemlərin, xüsusilə problemli kreditlər məsələsinin həllinə münbit şərait yaratdı.
Amma keçən müddət ərzində əhalinin problemli kreditləri ödəməsində çətinliklər yaranması son nəticədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində həcminin 12 faizə qədər gəlib çatmasına səbəb oldu ki, bu da bir tərəfdən vətəndaşlar, digər tərəfdən isə bank sektoru üçün müəyyən dərəcədə çətinliklər yaratmışdı.
Odur ki, bu ilin fevral ayının sonunda ölkə prezidenti bu məsələyə birdəfəlik nöqtə qoyaraq, problemli kreditlərlə bağlı, özünün də qeyd etdiyi kimi, analoqu olmayan bir fərman verdi. Bununla da son dörd il ərzindəki bütün müzakirə və mübahisələrə son qoyulmuş oldu.
Bu fərman 800 mindən artıq insanımızı əhatə edir ki, bunun da nə anlam və məna kəsb etdiyini artıq geniş anlatmağa ehtiyac yoxdur. Bununla yanaşı, son üç ay ərzində əhalinin, vətəndaşların, pensiyaçıların, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, tələbələrin sosial durumunun yaxşılaşdırılması üçün bir çox sərəncamlar verildi.
Ölkədə minimum əməkhaqları birdən-birə 50 manat artırıldı, pensiyaların minimum həddi 114 manatdan 160 manata qaldırıldı, sosial müavinətlərlə bağlı çox ciddi artımlar baş verdi və sair.
Bütün bunlar Azərbaycanın inkişafının yeni mərhələsindən, xüsusilə 2018-ci ilin 11 aprel seçkilərindən ötən bir il ərzində görülən nəhəng işlərin miqyasından xəbər verir.
Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Bu hadisənin həm geosiyasi, həm də siyasi əhəmiyyəti böyükdür. Çünki illərdir ki, Azərbaycanı başqa cür tanıtmağa çalışan bəzi dairələr, əsl cavablarını bir daha aldılar. Dünya Bankı çox ciddi təşkilatdır və onun hesabatı real faktlara əsaslanır. Bu faktlar isə göstərir ki, təkcə Cənubi Qafqazda, postsovet məkanında deyil, bütün dünyada belə Azərbaycan səviyyəsində sistemli, düşünülmüş və ardıcıl islahatlar aparan ölkə azdır.
Ölkəmizin siyasi-hərbi həyatı üçün əhəmiyyəti olan və yuxarıda vurğulanan məqamların məntiqi davamı kimi qəbul edilə bilən vacib hadisələrdən biri də Bakıda möhtəşəm hərbi paradların keçirilməsidir. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətinin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olundu.
Bu hadisə Ermənistan rəhbərliyində böyük şok yaratdı. Azərbaycan Ordusunun nə dərəcədə inkişaf etdiyini hər kəs gördü. Rəsmi İrəvan o dərəcədə narahat idi ki, öz yaxın müttəfiqlərini belə Azərbaycana yardım etməkdə ittihamlara başladı. Rusiya, Belarus və Qazaxıstanı Ermənistan rəhbərliyi sərt şəkildə qınadı. Lakin sözügedən hərbi paradların geosiyasi, siyasi-hərbi və mənəvi zəfəri qərəzli ermənilərdə narahatlıq hissi oyatması ilə məhdudlaşa bilməz. Hərbi parad Azərbaycan dövlətçiliyi kontekstində ilin əhəmiyyətli hadisələrindən biridir.
Bu parad bütün dünyaya nümayiş etdirdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ordu quruculuğunu da əhatə edən inkişaf kursu son dərəcə səmərəlidir. Keçən əsrin 90-cı illərində öz havadarlarının yardımı ilə bir neçə hərbi əməliyyatı udan Ermənistan qarşısında nizamlı ordu dayanmırdı. Tarixi baxımdan qısa müddətdə Azərbaycan xalqı öz rəhbərlərinin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazın ən təminatlı və döyüşkən ordusunu yaratdı! Parad ilk növbədə bunu təsdiq etdi! Onun fonunda digər əhəmiyyətli nüans bu tədbirin qardaş Türkiyə ordusu ilə birlikdə keçirilməsi ilə əlaqəlidir. Həmin məqam dünyaya ikinci bir mesajı verdi: Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə iç-içədir! Real olaraq bu iki ordu bir orqanizmdir. Ona görə də Azərbaycana təcavüz etmək istəyən hər kəs bilməlidir ki, qarşısında birləşmiş Azərbaycan-Türkiyə Ordusu var! Bu ordu(lar) yenilməzdirlər. Onun tarixin son mərhələsində ən azından 100 illik bir əməkdaşlıq təcrübəsi var! İkinci paradda bu özəllik daha parlaq şəkildə özünü göstərdi.
Ermənilərin havadarları da gördülər ki, regionda sabitlik və sülhü təmin etmək iqtidarında olan möhtəşəm hərbi qüvvə artıq mövcuddur. Bu, tarixi mesajdır. Keçən əsrin 90-cı illərindən müxtəlif istiqamətlərdən hərbi aspektdə sıxışdırılan Azərbaycanın öz ayaqları üzərində möhkəm dayandığının və onunla artıq təcavüz dilində danışmağın mümkün olmadığını göstərən hadisə idi.
Hərbi paradların geosiyasi möhtəşəmliyini savaş meydanında təsdiqləyən hadisə də 2018-ci ildə baş verdi. Biz, Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ilə nəticələnən hərbi əməliyyatı nəzərdə tuturuq. Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Həmin ərazidə işğal edilmiş torpaqların sahəsi 11 min hektara yaxın idi. 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə bu ərazi erməni işğalından azad edildi. Nəticədə, Azərbaycan Ordusu daha əlverişli mövqelərə yiyələndi. Konkret olaraq, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi, "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad olundu. Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. "Qızılqaya" yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.
Bununla da 2018-ci ildə Azərbaycan qlobal geosiyasi və siyasi təsiri olan vacib siyasi-hərbi hadisələrin şahidi oldu. Əldə edilən nailiyyətlər bir daha göstərdi ki, ölkə rəhbərliyi son dərəcə aktiv siyasi fəaliyyət göstərir və səmərəli proqramlar həyata keçirir. Bu fikri həm də enerji-nəqliyyat sferasında atılan addımlara da aid etmək olar.
Azərbaycanın üçüncü peykinin - "Azerspace-2"ni kosmik orbitə buraxmasını unutmayaq.
Burada əhəmiyyətli olan həm də Azərbaycanın bir kosmos ölkəsi kimi mövqeyini getdikcə möhkəmlətməsi və fəaliyyət dairəsini genişləndirməsidir. İndi Azərbaycan dünyanın böyük bir məkanını kosmosdan izləyə bilir. İnformasiya mübadiləsi və təhlükəsizlik baxımından bunun nə qədər böyük əhəmiyyət daşıdığını hər kəs bilir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda kosmosda bu cür imkanları olan yeganə dövlətdir.
Əslində, Azərbaycan kosmosda əldə etdiyi nailiyyətlər qədər enerji-nəqliyyat, logistika və sənaye obyektlərinin inşası istiqamətlərində də uğurlar qazanmış ölkədir. Bu baxımdan 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi ekspertlər tərəfindən tez-tez vurğulanır. Bu ilin iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.
Qərb siyasi liderləri və ekspertlər vurğulayırlar ki, Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini ciddi surətdə dəyişdirəcək. Bu layihə yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malikdir. Bu kimi layihələrin reallaşdırılması üçün nəqliyyat-logistik xidmətin də böyük rolu var.
Həmin kontekstdə ilin mühüm hadisələri sırasına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını da daxil etmək olar. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.
Digər hadisə İzmirdə SOCAR-ın "Star" neft emalı zavodunun açılışının olmasıdır. Zavodun açılışı oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutub. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən "Star" zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub.
Bütün bunlar 2018-ci ildə Azərbaycanın siyasi, geosiyasi, sosial, iqtisadi, enerji, logistika, hərbi və digər sahələrdə uğurlara imza atdığını təsdiqləyir. Bu siyahıya humanitar-mədəniyyət və hüquqi sferalarda atılan addımları da daxil etmək vacibdir. İlk növbədə Bakıda Humanitar Forumların keçirilməsini vurğulamaq gərəkdir. Bu formatı mütəxəssislər sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoq mexanizmi qismində çox səmərəli hesab edirlər.
Nəhayət, xarici siyasət sahəsində də əhəmiyyətli proseslər var.
Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub.
Bütün hadisələr yekun halında Azərbaycan üçün uğurlu olub. Müstəqil dövlət quruculuğu istiqamətində İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu siyasət həyata keçirilir və bu proses daha geniş miqyasda, daha intensiv şəkildə davam etdiriləcək.
Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Təcrübə göstərir ki, İlham Əliyev bu aspektdə olduqca uğurlu rəhbərdir. Çünki keçən müddətdə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Hazırda ölkənin beynəlxalq aləmdə nüfuzu yüksəkdir və bu proses durmadan davam edir. Azərbaycanın əməkdaşlıq imkanları günü-gündən daha da genişlənir. Ölkə ciddi beynəlxalq layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bu istiqamətdə də inkişaf özünü göstərir. Bütövlükdə daxili və xarici siyasətin hər bir sferasında Azərbaycan nailiyyətlər əldə edir. Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında qurulan əməkdaşlıq və dialoq konkret məzmun kəsb edib. Məsələyə geniş prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə Azərbaycanı zirvələrdən-zirvələrə, uğurlardan-uğurlara apardığı aydın görünür.
Qlobal transformasiya proseslərinin mürəkkəb dövründə layiqli siyasi varis olmaq çətin vəzifədir. Xüsusilə Ulu öndər Heydər Əliyev kimi müdrik liderin işlərini ləyaqətlə davam etdirmək böyük bacarıq tələb edir. Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, əlbəttə, tarixi xidmətdir. Azərbaycan xalqı özünü xoşbəxt saya bilər
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR