» » Vüsal Qasımlı: Prezidentin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Vüsal Qasımlı: Prezidentin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 aprel 2019
//
Bölmə: Sosial
   Vüsal Qasımlı: Prezidentin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını yenidən qazanaraq dövlət başçısı seçilməsindən 1 il ötür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ötən müddətdə ölkə başçısının həyata keçirdiyi islahatları şərh edib.
V.Qasımlı bildirib ki, yeni prezidentlik dövrünə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayan ölkə başçısı bu müddət ərzində Azərbaycan vətəndaşının rifahını daim prioritetdə saxlayıb: “Şəhid ailələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib və artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Prezidentin Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb. 2019-cu il 30 yanvar tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib”.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti 2019-cu il 7 fevral tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı ilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilib: “Minimum əməkhaqqı məbləğinin 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılması 600 minədək insanı əhatə edəcək və bununla bağlı dövlət büdcəsindən illik 400 milyon manat vəsait yönəldiləcək. Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdləri orta hesabla 20 faiz artırılıb. Bu Sərəncam 600-dək doktorantı və 110 mindən çox tələbəni əhatə edəcək. Prezidentin Sərəncam və Fərmanının icrası üçün 25 milyon əlavə vəsait ayrılacaq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari il martın 1-dən əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Prezidentin 2019-cu il 25 fevral tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər paketi təsdiqlənib. Ümumilikdə 576,8 min nəfəri əhatə edən bu Sərəncamın icrası üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaqdır. Prezidentin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə 800 mindən çox insanın xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisi qarşılanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmanətlərin tam sığortalanması 7 milyon 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir. Bütövlükdə 2019-cu ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə etməklə dövlət büdcəsindən 2 milyard manatdan çox vəsaitin ayrılmasını nəzərdə tutur”.
V.Qasımlı deyib ki, son 1 il dərin biznes islahatları ilə də yadda qalıb: “Son bir ildə mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRICS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib. “Economic Freedom 2019” hesabatında ölkənin mövqeyi 7 pillə irəliləyərək 60-cı mövqeyə çatdı”.
O qeyd edib ki, son 1 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir: “Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional baza mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlət başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir. Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. İnstitutsional və struktur islahatları çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edildi, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradıldı və fəaliyyətə başladılar. Beləliklə, Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir”.
V.Qasımlı əlavə edib ki, keçən il 20 ildən çox davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər. Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresurların istifadəsi baxımından yeni imkanlar açır: “2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir.
2018-ci ildə “Enerjinin İpək yolu” adlanan TANAP-ın açılışı ilə yanaşı, Azərbaycan Prezidenti “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində inşa olunan “Star” neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edildi. Bu müddət ərzində “SOCAR karbamid”, “SOCAR Polymer” kimi iri layihələr uğurla icra edildi. Öz növünə və miqyasına görə müstəqil Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən nəhəng layihə olan “SOCAR Polymer” daxili bazarın tələbatını tam ödəməklə yanaşı qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq. Həmçinin ötən il üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanıldı”. (Azərtac)
banner125x125 banner125x125