» » Nazirlik avtomobillər payladı

Nazirlik avtomobillər payladı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 may 2014
//
Bölmə: İqtisadiyyat
Nazirlik avtomobillər payladı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobilləri təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, avtomobillərin təqdim edilməsi mərasimində vurğulanıb ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamı uğurla icra olunmaqdadır. Belə ki, son iki aya yaxın vaxt ərzində bu ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanan digər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.

Tədbirdə bildirilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası işlərinə başlayıb. 2014-cü ilədək növbədə dayanan Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə artıq gələn aydan etibarən avtomobillərin verilməsi planlaşdırılır və bu proses yaxın bir neçə ayda yekunlaşdırılacaq. Beləliklə, ölkə rəhbərinin qeyd olunan iki Sərəncamı nəticəsində cari ilin əvvəlinədək növbədə dayanmış bütün şəxslər avtomobilə sahib olacaqlar ki, bu da əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdrılmasında mühüm nailiyyətdir.

Qarabağ müharibəsi və 20 Yanvar əlilləri sevinc hisslərini bölüşərək, onların hərtərəfli təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.




QafqazPRESS.az
banner125x125 banner125x125