Korrupsiya – qara yara

Korrupsiya – qara yara


Bu bəladan qurtulmaq mümkündürmü?

Hazırda sosial-iqtisadi durumu çox aşağı səviyyədə olan insanlar Azərbaycanda da az deyil. Bunu əmək haqqının və pensiyaların həddən ziyadə az olması da sübut edir. Elm və texnikanın sürətlə inkişaf etdiyi XXI əsrdə kasıb və yoxsul təbəqənin çoxluq təşkil etməsi birmənalı qəbuledilməzdir. Xüsusilə də, yeraltı və yerüstü sərvətləri zəngin olan Azərbaycan kimi ölkə üçün bu, mənfi haldır.
Əslində, sosial durumu həddən artıq cansıxıcı olan insanların da səbrinin həddi-hüdudu var. Bu mənada, Azərbaycan kimi zəngin və varlı ölkənin min bir əzabla yoxsulluq içərisində yaşayan vətəndaşlarının haçansa səbr kasasının daşmaması üçün yüksək posta sahib məmurlar hansısa ciddi işlər görürlərmi?..
Ümumiyyətlə, onlar bu istiqamətdə hər hansı bir iş görmək istəyirlərmi? Birmənalı olaraq, dövlət məmurlarına ünvanlanan bu suallar çox ciddi mətləblərdən xəbər verir.
Keçək əsas mətləbə. Atalar demişkən, arifə bir işarə də bəsdir. Yetər ki, cavabdeh dövlət məmurları da bundan ciddi nəticə çıxarsınlar. Dünya iqtisadiyyatının böhran çağında gündəmə gətirdiyimiz bu məsələlərin nə qədər aktual olduğu diqqət çəkməlidir.
Vaxtilə dünyanın ən kasıb ölkələrindən biri olan Sinqapurun ilk baş naziri hakimiyyətə gələndə belə bir cümlə işlədib. “Biz bu ölkəni cənnətə çevirəcəyik”. Bəli, baş nazir dedi, qısa zaman ərzində vədini yerinə yetirdi. O, rəhbərlik etdiyi ölkənin adını inkişaf etmiş ölkələrin sırasına yazdı.
Burada maraqlı bir fakta diqqət çəkək: Sinqapurun ilk baş naziri “korrupsiyaya necə qalib gəlmək olar” sualına “əvvəl üç yaxın dostunuzu həbs edin, siz də, onlar da niyə həbs olunduqlarının səbəbini gözəl bilir” deyə cavab verib. O, bircə cümləlik cavabı ilə korrupsiyaya qarşı mübarizədə heç bir kəsə güzəşt olmadığını açıq şəkildə göstərə bilib.

İstismarçı məmur inhisarçı feodaldır

Əmək haqqını artırmaq, iqtisadiyyatı dinamik şəkildə inkişaf etdirmək, neft sektorundan əldə olunan gəlirdən Azərbaycanda iri sənaye müəssisələri yaratmaq olar. Belə olan halda minlərlə insan işlə təmin olunar. Digər tərəfdən qeyri-neft sektorunu da təcili şəkildə inkişaf etdirmək lazımdır. Dünyanın işini nə bilmək olur? Ola bilər ki, bir gün Azərbaycanda neft tükəndi. Ona görə də neftdən əldə olunan gəlirdən durmadan digər sahələri inkişaf etdirmək lazımdır ki, bir xoşagəlməz hal baş verərsə, insanlar işsiz qalmasın. Bu istiqamətdə xarici investorları ölkəyə cəlb etmək, ayrı-ayrı ölkələrin transmilli korparasiyalarının Azərbaycanda yüksək miqyaslı texnologiya sənayesinin təməlini qoymaq da müsbət nəticələr yaradar.
Dövlətin yüksək vəzifəli məmurları da etiraf edir ki, Azərbaycanda hələ də korrupsiya və rüşvətxorluq var. Rüşvətxorluğun və korrpusiyanın baş alıb getdiyi Azərbaycanda isə bu çirkin prosesin kökünü tamamilə kəsmək mümkündür. Lakin bunun üçün ciddi addımlar atılmalıdır. Fikrimcə, korrupsiya ilə ciddi mübarizə aparmaqdan ötrü qəbul olunmuş qanun və qərarların prosedurları son dərəcə ciddiləşdirilməlidir. Yəni, korrupsiyaya qarşı sözün əsl mənasında mübarizə aparılmalıdır.
Gün kimi aydındır ki, Azərbaycan əhalisi korrupsiyadan həqiqətən çox əziyyət çəkir. Yüksək çinli məmurların, hakimlərin, prokurorluq sistemində mühüm post tutan məsul vəzifəli şəxslərin əmək haqlarını artırmaq, həmçinin onlar arasında ciddi maarifləndirmə aparmaq lazımdır ki, rüşvət almasınlar. Bununla yanaşı, korrupsiyada ittiham olunan məmurlar uzunmüddətli həbsə məhkum olunmalıdır. Korrupsiyaya qarşı mübarizədə yerliçilk, qohumluq, dostluq nəzərə alınmamalıdır. Çünki hər bir cinayətin öz cəzası olmalıdır. Bu cəza olmayanda ağır fəsadlar yaranır.
Ölkə Konstitusiyasında təsbit olunmuş hər bir qanun Azərbaycanın bütün vətəndaşlarına aiddir. Necə ki, dəyərli bir fikirdə deyilir: Qanun şahdır, şah qanun deyil. Bu mənada ölkənin qanunvericilik sistemi yüksək səviyyədə inkişaf etmiş Qərb, yaxud da Avropa ölkələrinin idarəçiliyinə uyğunlaşdırılmalıdır, həmçinin mütəşəkkil cinayətkar dəstələri də ciddi və amansız şəkildə cəzalandırmaq çox böyük effekt verə bilər.
Digər vacib məqamlara da diqqət çəkmək istəyirəm. Təhsil almaq üçün xarici ölkələrə daha çox tələbə göndərilməlidir. Əhalinin mənzil probleminin həlli üçün ciddi işlər görmək, ölkə əhalisini mənzillə təmin etmək və onların üzləşdiyi ciddi problemləri vaxtında aradan qaldırmaq məqsədəuyğun olardı. Bu isə ailəsini taleyin ümidinə qoyub Rusiyaya çörək dalınca gedənlərin sayını qismən də olsa azaldar. Ölkədə inşa olunan mənzillərin isə çox hissəsi şəxsi mülkiyyət olmalıdır ki, insanlar kirayə yaşamaqdan bezib intihar həddinə çatmasınlar.
Bir çoxları kimi mən özüm nə vaxtadək başqasının mənzilində yaşamalıyam? Bunun bir sonu olmalıdır. Hazırda mənim kimi bu tip problemlə üzləşən minlərlə Azərbaycan vətəndaşı var. Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. Bir məqamı da yaddan çıxarmaq olmaz ki, Azərbaycan olduqca əlverişli iqlimə və çox zəngin yeraltı, yerüstü sərvətlərə malikdir. Belə olan halda nəyə görə, yoxsulluq və kasıblıq içində yaşamalıyıq?.. Azərbaycanın hər bir vətəndaşının yaxşı yaşamağa haqqı var. Çünki Azərbaycan iqtisadiyyatı dünyada qabaqcıl yerlərdən birini tutur.

Region: inflyasiya və böhran

Bəzi mühüm məsələləri də qabartsaq yerinə düşər. Azərbaycanı Cənubi Qafqazda regionun ən iri ticarət ölkələrindən birinə çevirmək olar. Xarici ticarət dövriyyəsini artırmaq məqsədə uyğundur və müsbət nəticələr verər. Bununla bərabər, Bank sektorunu genişləndirmək həm iqtisadiyyatı gücləndirər, həm də sosial-rifahı yaxşılaşdırar. Bank sektorunda aktivlərin həcmini artırmaq daha böyük işlər həyata keçirməyə zəmin yaradar. Bütün bu məsələlər öz həllini taparsa, qısa zaman kəsiyində Azərbaycan Cənubi Qafqazın maliyyə-ticarət mərkəzinə çevrilər. Onu da deyim ki, xarici investorları asan şərtlə ölkəyə cəlb etmək çox böyük önəm daşıyar. Belə olan halda, Azərbaycan Cənubi Qafqaz regionunda bir çox üstünlüklər əldə edər, böyük nailiyyətlər qazanar və zəngin Azərbaycanın yoxsul vətəndaşı da olmaz.
Xatırladım ki, hazırda bütün dünyanı iqtisadi böhran öz caynağına alıb. Bəs dünyada baş alıb gedən bu iqtisadi böhrandan Azərbaycan uzaq qala biləcəkmi? Ümumiyyətlə, böhranın Azərbaycana təsiri nə dərəcə də ola bilər? Bununla bağlı ölkənin icra strukturları və bu məsələyə birbaşa cavabdeh olan məsul şəxslər hansısa qabaqlayıcı tədbirlər görürlərmi? İstərdik ki, dövlətin rəsmi qurumları və bu məsələlərin həllinə aidiyyatı vəzifəli şəxslər deyilənlərdən nəticə çıxartsınlar. Bu isə sözsüz ki, ölkənin hər bir vətəndaşı üçün xeyirli olar.
Azərbaycanın rəsmi dövlət qurumları bir vətəndaş üçün istehlak səbətinin məbləğini 80-90 manat müəyyənləşdirib. Amma həddən artıq aşağı olan bu məbləğ hər bir ölkə vətəndaşının bir ay yaşaması üçün bəs etmir. Bundan əlavə Azərbaycanda əməkhaqqı, pensiya və təqaüd, sosial müüavinətlər də çox aşağıdır. Dövlət 1-ci qrup əlilə 54 manat, 2-ci qrup əlilə 44 manat, 3-cü qrup əlilə isə 34 manat sosial müavinət verir. İstər-istəməz sual meydana çıxır: Çox cüzi olan bu sosial müavinətlə əlil xəstə bir ay ərzində necə yaşamalıdır?
Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanda insanın bir ay müddətində yaşaması üçün 400-500 manat tələb olunur. Belə olan halda ölkə vətəndaşlarının yoxsul təbəqəsinin və aztəminatlı ailələrin yaşam tərzinin hansı səviyyədə olduğunun şahidi oluruq. Bu çətinlikdən qurtulmağın bir yolu olmalıdır axı... Elə bilirik ki, bu kimi ciddi məsələləri qabartmaqda heç bir yalnışlığa yol vermirik. Əmin olmaq istəyirik ki, aidiyyatı məmurlar bu prosesə münasibətdə çox aktiv olmalıdırlar.
Avropa ölkələrində belə bir fikir formalaşıb: Məmur xalqın nökəridir. Bu prizmadan yanaşsaq, Azərbaycan xalqının üzləşdiyi problemlərin həlli birbaşa məmurlara aiddir. Neftdən gələn gəlirdən ölkənin hər bir vətəndaşının yararlanmaq hüququ var. Vətəndaşın haqqı tapdanırsa, deməli, onun hüququ da pozulur.
Bir məsələyə də toxunaq. Bir neçə müğənninin və gənc bir aktrisa xanımın milyonlarla ölçülən villasının olması və parıltılı qara rəngli çox yüksək qiymətə xarici markalı avtomobil sürməsi, bunun isə bəzi televiziya telekanallarında geniş şəkildə reklam olunması bütün Azərbaycan xalqının xoşbəxt və yağ-bal içində zəngin həyat sürməsi demək deyil. Bu kimi mənfi hallar həddən ziyadə yoxsul və kasıb insanlarda ikrah hissi oyadır və vətəndaşları dövlətdən yaxşı yaşamaq hüququnu tələb etməyə sövq edir. Belə hallar isə əlbəttə, yol verilməzdir. Bunun acı nəticələri ola bilər. Qeyd olunan bu məsələləri Azərbaycan məmurları ciddi qəbul etməlidirlər.

Yazıya əlavə:

Çox hörmətli məmurlar, sizə səmavi kitabdan dəyərli bir fikri xatırladırıq: İnsana sevgi göstərəni və insanı sevəni Allah da sevər. Bax elə ona görə də, Azərbaycan xalqına sevginizi göstərin. Bu xalqı, bu milləti inandırıcı şəkildə sevin. Hər kimin ki, öz xalqına, öz millətinə ölməz və tükənməz sevgisi var, o insanların günahını Allah da bağışlayar. Millətinizi sonsuz sevgi ilə sevin ki, millətinizə ehtiramla, hörmətlə yanaşın ki, millətinizə böyük sayğı göstərin ki, Allahın dərgahındakı Həyat Kitabına – Lövhi-Məhfuza adınız yazıla bilsin. Nə qədər ki, gec deyil, bunu edin, sonra gec ola bilər. Çünki insana zülm edəni, Allah sevməz. Öz xalqınıza, millətinizə gün ağlayın ki, Allah qarşısında üzü ağ olasınız.
Cənab məmurlara bir daha səmavi kitab Bibliyadan üç ayəni xatırlatmağı özümüzə borc bilirik:
“Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və oraya oğrular girər və oğurlarlar.
Lakin özünüzə göydə xəzinələr yığın ki, orada nə güvə, nə pas məhv edər və nə oğrular oraya girərlər, nə də oğurlarlar.
Çünki xəzinəniz haradasa, ürəyiniz də orada olacaqdır”.
Bu ayələrin izahından biri də odur ki, insan ömrü boyu yaxşılıq etməli, kasıba, yoxsula əl tutmalı, xeyirxah işlər görməli, əməlisaleh olmalı, insanlara zülm etməməli, köməyə ehtiyacı olana dayaq durmalı, həmçinin imanında kamil olmalı və sairə.
Bu nöqteyi-nəzərdən, cənab məmurlar, xalqınıza, millətinizə, ağ günlər, xoşbəxt, bəxtəvər günlər yaşadın ki, siz də Haqqın dərgahında üzü ağ olasınız, Tanrının sevgisindən, mərhəmətindən, rəhmindən uzaq düşməyəsiniz. Yerində deyilən bir fikir var: Sultan Süleymana qalmayan dünya, heç kimə qalmayacaq. İnsanların qarşısında sevginizi, hörmətinizi itirməyin, cənab məmurlar. Dövlət məmuru üçün əsas prioritet məsələ ölkə vətəndaşlarının yaxşı yaşaması olmalıdır.
Arzu edək ki, vətəndaşlarımız baş-başa qaldıqları problemlərin məngənəsindən tezliklə qurtula bilsinlər. Təbii ki, əhalinin problemlərdən birdəfəlik yaxa qurtarmasında əsas işi rəsmi dövlət qurumları və məmurlar görməlidir.

P.S. Azərbaycanda elmi işçilərin maaşı 130 manatdan, professorun maaşı isə 320 manatdan başlayır. Bir xatırlatma edək ki, Rusiyada elmi işçilərin əmək haqqı Azərbaycanda olduğundan təxminən 10 dəfə çoxdur. Məlumdur ki, Azərbaycan əhalisinin əksər hissəsinin yaşayış səviyyəsi ağır durumdadır. Bu da sirr deyil ki, ölkə vətəndaşlarının iqtisadi vəziyyəti, sosial-rifahı qənaətbəxş deyil. Ayrı-ayrı vaxtda əməkhaqqı və pensiyanın məbləği 10 manat artırılan kimi dükan və bazarlarda ərzaq məhsullarının qiyməti bir neçə dəfə artırılır. Belə olduqda maaş və pensiya artımının əhaliyə heç bir xeyri olmur. Bu isə açıq-aşkar manapoliyaya, rüşvətxorluğa və korrupsiyaya şərait yaradır.
Bəs dövlətin hansısa rəsmi qurumları bu kimi problemlərin həllində maraqlıdırmı və bu istiqamətdə dövlət səviyyəsində müsbət addımlar atılırmı? Ümid edək ki, Azərbaycanda hökm sürən rüşvətxorluq və korrupsiya yaxın zamanda tamamilə aradan qaldırılacaq.
Bir kəlamda deyilir ki, ümidsiz şeytan olar. Elə ona görə də ümidimiz və inamımız bizi heç vaxt tərk etməsin. İmanında kamil olan insan Böyük Yaradanın xeyir-duasından uzaq düşməz.
Allahın xeyir-duası Azərbaycan xalqı ilə olsun!
12-12-2014, 16:58

Kəmaləddin Heydərov Mingəçevir Su Anbarında müşavirə keçirdi

Müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub


Kəmaləddin Heydərov Mingəçevir Su Anbarında müşavirə keçirdiFövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Mingəçevir su anbarında səyyar müşavirə keçirilib.
QafqazPRESS.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.
Müşavirədə çıxış edən Kəmaləddin Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.
29-11-2014, 18:49

“Hər iki valideynini itirən körpə qızlara dayaq olmuş dövlət əsrlər boyu yaşayacaq”

“Hər iki valideynini itirən körpə qızlara dayaq olmuş dövlət əsrlər boyu yaşayacaq”

Yaxud, bir həqiqət barədə iki yazıdan yaranmış məmnunluq
Əvvəlcə bir avropalının Şərqlə Qərbi müqayisə edən fikirlərindən qısaca sitat gətirək. Ötən əsrin əvvəllərində uzun müddət müsəlman ölkələrində çalışmış ingilis hərbçilərindən biri yazırdı ki, bizdə ata-anasını itirmiş uşaqlar az olsa da, tənha qalanlar çoxdur. Şərqdə isə yetimlər çox olsa da, kimsəsiz qalanlar olduqca azdır. Kifayət qədər düşündürücü məqamdır.
Bəlkə də 20 ildir bu fikiri dönə-dönə müxtəlif yerlərdə səsləndirmişəm. Çünki burada Şərq müdrikliyinin, müsəlman ədalətinin, türk humanistliyinin təsdiqi ilə yanaşı, başqa bir həqiqət də özünü göstərir. Belə ki, ata-anasını itirmiş uşaqların Şərqdə daha çox olması bütün müharibələrin məhz bu tərəflərə yönəldilməsi ilə bağlıdır. Yetim uşaqların kimsəsiz və ya himayəsiz qalmaması isə… Qərbdə onun mənasını bizim kimi dərk edə bilməzlər.
Söhbətin nədən getdiyin izah etmək üçün öncə oktyabrın 23-də “Xalq qəzeti”ndə verilmiş müxbir yazısından bir neçə sətirə diqqət yönəldək:
…Qızlar 4-6 yaşları olanda qısa müddətdə əksər doğma və yaxınlarını itirirlər. Əvvəl baba və nənələri dünyalarını dəyişir, sonra isə ata- analarını da itirirlər. Kirayə mənzildə, kimsəsiz qalmış körpə qızlara xalaları Rəfiqə xanım və onun nəcib həyat yoldaşı Adil Əsgərovlar sahib çıxırlar. Köməyə dağlar qədər ehtiyacı olan bu körpələr - Fatmaxanım və Hilalə xalası qızları Aygünlə bir yerdə - qayğısız böyüyürlər. Qızlar orta məktəbi bitirəndə Rəfiqə xanımın Ukraynanın Luqansk şəhərində yaşayan yaxın rəfiqəsi Rəhilə Cabbarova Əsgərovların növbəti ağır qayğısına çiyin verir. Qeyrətli həmyerlimiz qızları yanına aparıb buradakı Taras Şevçenko adına Dövlət Universitetinə daxil olmalarına kömək edir. Bacılar II və III kursları başa vurmaq ərəfəsində olanda Luqanskın səmasında mərmilər oynayır, qan su yerinə axır. Universitetin binası və qızların qaldığı yataqxana da dağılır…
Məqalədə daha sonra oxuyuruq ki, bu ilin əvvəlindən ağır xəstəlikdən intensiv şüa və kimyaterapiya müalicəsi alan Rəfiqə xanım, beləliklə daha bir ağır sınağın məngənəsinə düşür. Yaxşı insanların köməyi ilə qızlar Bakıya gətirilir. Müxtəlif yollarla Ukraynanın ali məktəblərinə qəbul edilmiş minlərlə azərbaycanlının Bakının küçələrinə tökülüb ali təhsilin davamını öz ölkəsinə dəyişməyə çalışdıqları günlərdə Fatmaxanım və Hilalənin probleminin ağırlığını başa düşən Əsgərovlar nicat yolunu dövlətimizin humanizm prinsiplərinə üz tutmaqda görürlər. Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ünvanlanmış məktublar həyatları və təhsilləri pozulmuş qızların taleyinə yenidən işıq salır. Cavablarda bildirilir ki, problem bacıların seçdikləri ixtisas üzrə təhsil verən istənilən ali məktəbin rəhbərliyinə müraciət etməklə həllini tapacaq.
Bacısının valideynsiz qalmış qızlarına illərdən bəri analıq etmiş Rəfiqə xanım həmişə olduğu kimi indi də yolların ən doğrusunu seçir. O, Bakı Dövlət Universitetinə müraciət etməyi qərara alır. Kimsəsizlərin kimsəsini qəbul edən rektor – akademik Abel Məhərrəmov təkcə məsələyə həssas münasibət bəsləmir, həm də sənədlərin təcili olaraq hazırlanıb Təhsil Nazirliyinə göndərilməsi barədə qəti göstəriş verir. Rəfiqə xanımın, ümumilikdə Əsgərovların həmin məqamda hansı hissləri yaşadığını təxmin etmək o qədər də çətin deyil. Amma, bir var təxmin, bir də var həqiqət. O həqiqəti ancaq Rəfiqə xanım bilərdi. Bildiyinə görə də o boyda hadisəni cəmi bir vərəqdə yazıb. Həmin vərəq mənə təqdim ediləndə düşündüm ki, əlimdəki vərəqdə bir qadının, ananın universitet rektoruna minnətdarlığını ifadə edən sadə cümlələrdən başqa nə ola bilər ki? Amma… Qoy elə hörmətli oxucularla birlikdə oxuyaq:
“ Bir daha əmin oldum ki, dövlətimiz himayəsiz uşaqlara arxa- dayaqdır. Ukraynada başlamış qanlı münaqişə və dağıdıcı müharibə ilə əlaqədar təhsillərini doğma Vətəndə davam etdirmək istəyən bu qızların yad ölkədə taleyin ümidinə qalması dövlətimiz tərəfindən yüksək həssaslıqla qarşılandı. Hazırda bu qızlar dünyaca şöhrətli Bakı Dövlət Universitetinin tələbələridir.
Deyirlər həyatda həlledici bir məqam var. Varlığın mənasını dərk etdiyimiz məqam. O məqamı əbədi eləyən isə insandır, kamil insan, onun əməlidir. Kamilliyin ölçüsü nə, vahidi nə? O vahid ki, pulla, varla, dövlətlə deyil, daha ali ölçü ilə, xeyirxahlıqla, imanla qoyub getdiyiniz nurla , sevinclə ölçülə bilər…”

Rəfiqə xanımın rektora xitabən qələmə aldığı əl boyda yazısında universitet binasında olduğu iki saat müddətində müşahidə etdiyi başqa məqamlar da var: “Mən Sizin qəbulunuza mətbuat işçisi kimi yox, bir valideyn kimi gəlmişdim. İki saatlıq müşahidələrimdən əmin oldum ki, düz ünvana gəlmişəm. Heç zaman yadımdan çıxmayacaq bir hadisənin də şahidi oldum. Şamaxıdan qəbulunuza gəlmiş vətəndaşın həmin axşam rayona gedib səhər yenə Bakıya qayıdacağını biləndə narahatlıq keçirdiyinizi hamı kimi o adam da gördü və siz onun məsələsinin daha tez həll olunmasına göstəriş verdiniz. Həmin gün … ürəyi yüklü insanları riqqətə gətirəcək məqamlar çox idi.”
Minnətdarlıq məktubu olduqca uğurlu bir ümumiləşdirmə ilə bitir: “Biz müstəqil Azərbaycan dövlətinə, dövlət başçımıza, Heydər Əliyev Fondunun rəhbərliyinə, Təhsil Nazirliyinə, Bakı Dövlət Universitetinin rektorluğuna sonsuz minnətdarlığımızı bildiririk. Mən əminəm ki, hər iki valideynini itirən körpə qızlara dayaq olmuş dövlət əsrlər boyu yaşayacaq”.
Nəhayət, Ukraynadan – od-alov içərisindən xias olub öz doğma torpaqlarına üz tutan qızlar Bakı Dövlət Universitetində təhsillərini öz ixtisasları üzrə davam etdirməyə başlayırlar. Dərslər başlanandan bir neçə həftə sonra keçirilən tədbirdə isə akademik Abel Məhərrəmov deyir: “Problemi olan insanlara kömək etmək hər bir vəzifə sahibinin həm də insanlıq borcudur. O ki qaldı bu qızlara, belələri barədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda açıq yazılıb: ata- anasını itirmiş uşaqlar təhsillərini bitirənədək dövlət himayəsi ilə əhatə olunurlar. Biz dövlətimizin bu ali məramını yerinə yetirməyə borcluyuq. Dadaşova bacılarının başı üstünü almış təhlükə də Prezident İlham Əliyevin daim sadiq qaldığı bu xoş məramla sovuşduruldu. Fatmaxanım və Hilalə universitetimizdə oxuduqları müddətdə humanist qanunlarımızdan irəli gələn ən yüksək qayğı ilə əhatə olunacaqlar”.
P.S. Mən bu sətirləri qələmə alanda əməkdaşlarımızdan biri xahiş etdi ki, yazıda mütləq Rəfiqə xanımın qeyrətli, qüdrətli ana ürəyindən də söz açarsan. Mən isə sadəcə ən humanist dəyərləri bayraq edən Azərbaycan dövlətinin insansevər siyasətindən söz açdım. Azərbaycan da ana deyilmi?
İttifaq MİRZƏBƏYLİ
12-11-2014, 18:00

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.
Oktyabrın 28-də Müdafiə Nazirliyinin rəhbərliyi gün ərzində birlik və birləşmələrin zabit heyətilə görüşərək, vəziyyətlə yerində tanış olub, qərargahlar tərəfindən tapşırıqların icrasını yoxlayıb, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Müdafiə Nazirliyinin rəhbərliyi aparılan irimiqyaslı yeni tikinti və əsaslı təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olaraq Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə əsasən bölgədə yerləşən hərbi hissələr üçün müasir standartlara cavab verən qərargah binaları, idarəetmə infrastrukturları, hərbi texnikalar üçün isidilən saxlanclar, o cümlədən şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə xidmətinin təşkili məqsədilə əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri, çörəkbişirmə sexi, mağazalar, idman şəhərcikləri və digər məişət obyektlərinin inşasına keyfiyyət baxımından xüsusi diqqət yetirilməsinə göstəriş verib. Bildirilib ki, əsgər kazarmaları otaq tipli olmaq şərtilə istirahət və psixoloji-ideoloji otaqlardan, həmçinin sanitar qovşaq, hamam-camaşırxana, qazanxanalardan ibarət olacaqdır.
Eyni zamanda hərbi qulluqçuların və onların ailə üzvlərinin rahatlığının təmin olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dünya ordularının qabaqcıl təcrübəsinə əsaslanaraq tikilən hərbi şəhərciklərdə ailəvi və subay heyət üçün yaşayış binalarının, uşaq baxçalarının, məktəblərin, idman komplekslərinin və ailəvi istirahət mərkəzlərinin inşası da mühüm vəzifə kimi qarşıya qoyulub.
Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır


Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır
29-10-2014, 13:05

Nümunəvi bağça

Ağdamın Baharlı-1 qəsəbəsindəki bağçadan məktəbə qədəm qoyan uşaqlar tam hazırlıqlı olurlar


Son illər müasir təlim metodları uşaq bağçalarının əsas iş prinsipidir. Və təlim-tədrisin prioritet sahə kimi diqqət çəkməsi son illər aparılan uğurlu siyasətin bariz təcəssümüdür. Yeni təhsil və vətəndaş cəmiyyəti kodeksinə də məhz hazırkı sağlam siyasət zəmin yaradır. Ağdamın Baharlı-1 qəsəbəsində fəaliyyət göstərən körpələr evi - uşaq bağçasının əməli fəaliyyətində də prioritetlik əsas arqumentlərdən biri kimi diqqət çəkir. Bu proses yuxarıda adıçəkilən rayonun bütün məktəbəqədər təhsil müəssisələrində özünü xarakterizə edir. Elə rayonun Baharlı-1 qəsəbəsindəki körpələr evi - uşaq bağçasında da bu zəmin əhəmiyyətli rol oynayır.
Nəzərə çatdıraq ki, Baharlı-1 qəsəbəsindəki körpələr evi - uşaq bağçası 2006-cı ildən fəaliyyət göstərir. Hazırda bağçada 2 qrup var və bu qruplarda 35 uşaq təlim-tərbiyə alır. Onların tərbiyəsi ilə isə 5 tərbiyəçi müəllim məşğul olur. Bir çox məktəbəqədər təhsil müəssisəsinə nümunə olan bu bağçada təlim Azərbaycan dilində aparılır.
Baharlı-1 qəsəbəsindəki körpələr evi - uşaq bağçasında maddi-texniki vəziyyət qənaətbəxşdir. Bağçanın tədris binasında lazımi bərpa-təmir işləri görülüb, uşaqların istirahəti və təmiz havada olmaları üçün hər cür şərait yaradılıb.
Xatırladaq ki, adıçəkilən müəssisədə məktəbəqədər təhsilin yeniləşdirilməsi, beşyaşlıların intellektual səviyyələrinin artırılması, onların məktəb təliminə hərtərəfli hazırlanması, milli-mənəvi dəyərlərimizin uşaqlarımıza aşılanması istiqamətində də xeyli iş görülüb, təlimin keyfiyyəti yüksəldilib, qabiliyyətli uşaqlarla fərdi iş aparılıb, valideynlərlə əlaqələr genişləndirilib və pedaqoji kadrların peşəkarlıq səviyyəsi müasir dövrün tələblərinə uyğun inkişaf etdirilib. Bu gün də orada valideynlərlə səmərəli iş aparılır, ümumi valideyn iclasları, məsləhət saatları təşkil olunur.
Müəssisədə uşaqların təlim-tərbiyəsinin düzgün təşkili istiqamətində işlər davam etdirilir. Həmçinin, burada uşaqların sağlamlığının qorunması, onların fiziki, intellektual, psixoloji inkişafı üçün hər cür şərait yaradılıb. Bütün bunlar da adıçəkilən təhsil-təlim ocağının müdiri Bağırova İlhamə Qaraxan qızının təşkilatçılıq bacarığı sayəsində mümkün olub.
Bağçada tərbiyəçi müəllimlər - Gülnarə Kərimovanın, Zərifə Nəcəfovanın uşaqlarla ünsiyyəti, köməkçi-dayə Esmira Salahovanın körpə yaşlılara qayğısı günün tələbləri səviyyəsindədir. Elə bunun nəticəsidir ki, adıçəkilən bağçadan məktəbə qədəm qoyan uşaqlar tam hazırlıqlı olurlar.
İlhamə xanımın bilavasitə rəhbərliyi altında müəssisədə aparılan sürətli yenilənmə ictimai işlərə də zəmin yaradır. Səmimi etiraf edək ki, bəhsolunan məktəbəqədər müəssisədə müasir təlim texnalogiyalarının tətbiqi qənaətbəxşdir və əsas etibarilə pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülür. Belə ki, bütün pedaqoji kollektiv “kurikilum”da xüsusi kurslar keçib. Onlar yeni metodiki ədəbiyyatla təmin olunublar.
Düşmənlə üz-üzə, güllə qorxusu altında, mərdanəlik nümayiş etdirən Baharlı-1 qəsəbəsindəki körpələr evi - uşaq bağçasında əməyin, sağlamlığın və təhlükəsizliyin təminatı qənaətbəxşdir. Burada işçilərlə vaxtaşırı məsləhətləşmələr və təlimatlandırma işləri aparılır. Və təqdirəlayiq haldır ki, bəhs olunan təhsil-təlim ocağında müasir təlim və tədris metodları sivil qaynaqlara sirayət edir. Bu da rəhbərliyin və pedaqoji kollektivin iş təcrübəsinin artması və qarşıda duran işlərin daha inamlı şəkildə həyata vəsiqə almasına əsaslı zəmin yaradır.
Bağçanın rəhbərliyinə, onun dəyərli kollektivinə - düşmənə qarşı əsl vətəndaş mövqeyi nümayiş etdirən İlhamə xanıma, sabahımızın mübariz övladları olacaq fidan körpələrə sülh arzusu ilə...

Nümunəvi bağça

Nümunəvi bağça
29-10-2014, 13:02

“Azərbaycan müəllimi” qəzetinin 80 yaşı tamam olur

“Azərbaycan müəllimi” qəzetinin  80 yaşı  tamam olur



Bu gün Azərbaycanda təhsillə, məktəblə, müəllimlə bağlı olmayan bir ailənin tapılması mümkün deyil. Çünki bütün ailələrdə ya bu sahədə çalışan var, ya təhsil alan, ya da dolayısı ilə bu sistemə bağlı olan. Ona görə də “Azərbaycan müəllimi” qəzetini ölkə əhalisinin hamısı üçün maraqlı olan yeganə sahə qəzeti adlandıranlar tamamilə haqlıdırlar. Bu ifadə digər sahə qəzetlərindəki həmkarlarımız tərəfindən incikliklə qarşılanmasın deyə fikrimizi bir qədər konkretləşdirək. Diqqətlə yanaşsaq görərik ki, istənilən sahə qəzeti - konkret ad çəkməyin münasib olmadığını hörmətli oxucuların özləri də yaxşı bilirlər - məhz təmsil etdiyi sahədə çalışanlar üçün maraqlıdır. Məktəb və təhsil isə, bilavasitə ümummilli liderimizin dediyi kimi ümumxalq işi, hamının marağında olan məsələdir. Bundan başqa, ulu öndərimiz ölkə əhalisinin hamısı üçün maraqlı olan bu qəzet haqqında deyib: "Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır”. Ona görə də, “Azərbaycan müəllimi” qəzetinin 80 illik yubileyinin qeyd olunması əslində ölkə əhalisinin hamısına dəxli olan bir məsələdir. Elə bu sətirlər də həmin zərurətdən yarandı.
Mən hələ orta məktəb illərindən etibarən bu qəzetin fəal oxucularından biri olmuşam. “Azərbaycan müəllimi”ndə ilk yazım isə 70-ci illərin ortalarında verilmişdi. İndiki Səbail - o zamankı 26 Bakı Komissarı rayonunda yaradılmış “Gənc müəllimlər şurası” Bakıdakı “ Müəllimlər evi”ndə şair Nəriman Həsənzadənin bir kitabının oxucular konfransını təşkil etmişdi. Həmin tədbir haqqında “Azərbaycan müəllimi”ndə verdiyim yazı sonralar məni bu redaksiyanın dostuna çevirmişdi. İndi də “Azərbaycan müəllimi”nin “təcrübəli oxucularından” biriyəm.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bu qəzet haqqında Dövlət Radiosu üçün hazırladığım material mənə imkan vermişdi ki, “Azərbaycan müəllimi”nin tarixçəsini daha dərindən öyrənim. Öyrənmişdim ki, 1934-cü ildə "Kommunist maarifi" adı ilə nəşrə başlayan qəzetin başlıca məqsədi geniş maariflənmə proqramlarının həyata keçirilməsinə kömək, qazanılmış uğurları təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri həyata keçirmək olub. 1938-ci ildən "Müəllim qəzeti" adıyla çıxan qəzetin bütün əməkdaşları cəbhəyə getdiyinə görə müharibənin sonuna qədər oxucular bu qəzeti görməyiblər. Müharibə qurtarandan təxminən bir il sonra isə "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet bu gün artıq 80 yaşlı bir müdrik ağsaqqal kimi oxucularının görüşünə gəlir.
“Azərbaycan müəllimi” müstəqilliyimizin ilk illərində də öz ağır günlərini yaşadı və həmin ağırlıqlar 41-45-in ağırlıqlarından o qədər də yüngül olmadı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtması isə cəmiyyət həyatının digər sahələri kimi təhsil, məktəb və müəllim sözlərinin önündə də yaşıl işıq yandırdı və “Azərbaycan müəllimi” eynilə 1946-cı ilin aprelində olduğu kimi öz fəaliyyətini tamamilə yenidən başladı. Heydər Əliyevin ölkəmizdə start verdiyi təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında "Azərbaycan müəllimi" qəzetinin rolu artmağa başladı. Qəzetin əməkdaşları fəxrlə vurğulayırlar ki, ümummilli lider Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə qəzetin 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri təbrik məktublarında "Azərbaycan müəllimi"nin fəaliyyətinə layiqli qiymət verilib, onun ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. Əlavə edirlər ki, ulu öndərin redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: "Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır”.
Yuxarıda qeyd etdiyim kimi mən indi də "Azərbaycan müəllimi" qəzetinin daimi oxucusuyam və görürəm ki, qəzet bu gün də öz ənənələrinə sadiq qalaraq Azərbaycan təhsilindəki bütün uğurların təbliği və yarımçıq, başdansovdu görülmüş işlərin tənqidi yönündə qəti addımlar atır və dövlətin təhsil siyasətinin uğurlu icrasına öz töhfələrini verir. Özü də daha böyük tirajla. Bu qəzetin səhifələrində yeni əsrdə qəbul olunmuş Təhsil haqqında Qanun, Yeni Təhsil Strategiyası, Azərbaycan təhsilinin Avropaya inteqrasiyası üçün atılmış mühüm addımlardan olan Boloniya sistemi, ölkəmizin təhsil tarixi, dünya təhsil təcrübəsi barədə çoxsaylı mükəmməl və dəyərli materiallar oxumuşuq. Bundan başqa, “Azərbaycan müəllimi” qəzeti bu gün Azərbaycan müəlliminin özü kimi ölkə həyatında baş verən ictimai-siyasi proseslərə çevik və adekvat reaksiya verir, bütün məsələlərə təkcə sahə mətbuatına xas məhdud çərçivədə deyil, vətəndaşlıq mövqeyindən, əhatəli və obyektiv münasibət bildirir. Dövlət başçısının Azərbaycan təhsilini sürətlə inkişaf etdirmək üçün ortaya qoyduğu məqsədin – neft kapitalının insan kapitalına çevrilməsi məramının, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən böyük təbliğatçılarından biri də məhz “Azərbaycan müəllimi” qəzetidir.
Dostlarımızın 80 yaşını təbrik edir və bu cümlələri dövlət başçımız İlham Əliyevin ifadələri ilə yekunlaşdırıram: “Azərbaycan müəllimi" qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır.

İttifaq MİRZƏBƏYLİ,
Azərbaycan müəllimi”nin oxucusu
24-10-2014, 12:34





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.