İnsan neçə dəfə sevə bilər?
Kişilər 5-8 dəfə sevir, qadınlarsa...
Sevgi güclü hiss olsa da, hər adam onu ehtirasdan, əks cinsə olan meyldən və ya bağlılıqdan ayıra bilmir. İnsan özünün dəqiq sevdiyini bilsə də, qarşı tərəfin onu nə qədər sevməsi tam olaraq bəlli olmur. Belə olan halda sevən valeh olduğu obyektin gözlərinə baxır, dediyi sözlərə diqqət yetirir və ondan bir növ sevgisinə cavab siqnalları gözləyir.
Sevgi varmı?
Əsl sevginin ömür boyu cəmi bir dəfə olması fikri insanı çaşdırır. Bəziləri uğursuz sevgidən sonra kiməsə qarşı hissləri yarananda onu boğmağa və “bir daha sevə bilməyəcəyinə” özlərini inandırmağa başlayırlar. Bəs insan əslində neçə dəfə sevir?
Psixiatr Denis Rzayevin Milli.Az-a dediyi sözlərinə görə, insan həyatı boyu 3-4 dəfə güclü sevə bilər: “Sevgi hissləri, uşqlıqdan təxminən 10 yaşından müşahidə olunmağa başlayır. Əsl güclü hisslər isə şəxs cinsi inkişaf dövrünə çatanda, təxminən 15 yaşında özünü göstərməyə başlayır. Bu yaşda insan emosiyalara söykənərək hərəkət edir və çox sevir. Bir sözlə, sevgi ağlı əlindən alır. İnsan yaşlandıqca isə emosiyalar azalır və daha çox məntiqlə hərəkət edirik”.
Uşaqlıqdan insan əks cinsə qarşı meyl hiss edir və xoşuna gələn adamı seçir. Lakin zaman keçdikcə, o, təcrübə yığdıqca, zövqü dəyişir və daha yaxşısını, ya da başqa tip, fərqli xüsusiyyətləri özündə əks etdirən adamı axtarmağa başlayır. Bu səbəbdən də insanın bir nəfəri axıracan sevməsi yalnış fikirdir. Düzdür, çox vaxt insanlar bir neçə dəfə sevdiklərini etiraf etmirlər. Amma bu cür hallar tez-tez baş verir. Yalnız bir dəfə sevənlərsə, daha çox platonik sevir. Belə adamlar öz aləmində sevgi yaşayır.
Sevə bilməyənlər kimlərdir?
Psixiatr bildirib ki, sevə bilməmək patologiyadır. İnsanın sevgini hiss etməməsinə həm xassiyəti, həm yaşadığı mühit, həm də ilk yaranan sinir sisteminin keyfiyyətləri də təsir edir. Adam var ki, emosional cəhətdən kütdür. O sevsə də, bunu büruzə verə bilmir. Toyun il dönümü olanda bir gül də alıb həyat yoldaşına hədiyyə etmir. Onlar hisslərini göstərməyi bacarmırlar. Sevdiyi insandan ayrıldıqda belə, bu dərdi daxillərində cəkirlər. “Sevgiyə inanmadığını” deyən insanlarsa adətən axtarışda olanlardır.
Ehtiraslı və dəlisov sevgi
“İnsanlar daha çox əlçatmaz şeylərə meyl göstərir. Cavabsız sevgi dəlisov və hədsiz ehtiraslı olur. Düzdür, qarşılıqlı məhəbbətin də gözəlliyi var. Amma sevgi cavabsız qalanda emosiyaları boğmaq olmur”, - deyə Rzayev əlavə edib ki, sevgi münasibətlərində təcrübəsi az olanlar çox səhv buraxır: “Elə adamlar var ki, sevgi münasibətlərini 26-27 yaşına çatandan sonra yaşamağa başlayırlar. Onlar uşaqlıqda çox qapalı olub və hisslərini büruzə verməyiblər. Təcrübəsi olmadığı üçün nə istədiyini bilmir və əslində ona lazım olan adamı tapana qədər onu sevənlərin ürəklərini qırır”.
Kim daha güclü sevir? Kişi, yoxsa qadın?
Kişilər sevgiyə çox önəm verir. Amma onlar eyni anda bir neçə adamı sevə bilər. Buna da səbəb intim məsələlərdi. Yəni burada cinsi fəaliyyət əsas rol oynayır. Kişiyə qadının gözəlliyi və ya onun psixologiyası, fikirləri deyil, cinsi meyl şüuraltı təsir edir.
Qadın məhəbbəti
Psixoloq Lalə Əhmədova isə Milli.Az-a verdiyi açıqlamasında deyir ki, həqiqi sevgi bir dəfə olur: “Kifayət qədər həyatında cəmi bir dəfə sevən insan tanıyıram. Bu cür sevginin qarşısında ölüm belə heç nə olur. Həqiqi sevgi uğursuz olanda isə insan eqoistləşir. Daha heç vaxt sevmir. Amma bəzi insanlar o hissi yenə də yaşamaq üçün cəhd edirlər”.
Əhmədova bildirib ki, sevginin ilkin mərhələsində ehtiras önə keçir: “İnsan sevdiyini görəndə ürəyi döyünür, həyəcanlanır, əlləri soyuyur və tərləyir. Özünü narahat hiss edir. Amma bu adaptasiya olana qədər davam edir. Sevənlər bir-birlərini tanıdıqca özlərini rahat hiss edirlər. Bir müddətdən sonra duyğular azalmağa doğru gedir. İnsanlar bir-birində qüsur axtarmağa başlayırlar. Bu mərhələdə uzaqlaşma baş verir. Fikir vermisizsə, insanlar dalaşanda səs tonları yüksəlir. Alimlərin hesablamalarına görə insanların qəlbləri bir-birindən uzaqlaşdıqca yüksək tonla, yaxınlaşdıqca isə pıçıltı ilə danışırlar. Uzaqlaşma da 2 cür nəticə verir. Bəzən uzaqlaşma ayrılığa, bəzənsə sonrakı daha böyük yaxınlaşmalara səbəb olur.
Qeyd edək ki, London Universitetinin bir qrup alimləri sevgiylə bağlı təcrübə aparıb bu qənaətə gəliblər ki, qadınlar ömür boyu yalnız bir dəfə sevməyə qadirdi. Kişilər isə 5-8 dəfə sevə bilir.
Alimlərin fikrincə, bu fenomen qadınlardan fərqli olaraq kişilərin şüuraltı daha çox övlad sahibi olmaq istəyi ilə izah olunur. Buna baxmayaraq, qadınlara nisbətən əsl məhəbbəti kişilər daha çox və güclü yaşayırlar.
Qadınlarsa, möhkəm ailə qurmaq niyyətində olduğu üçün bircə dəfə sevə bilir. Qadınların başqa sevgi münasibətləri isə bağlılıq və ya əks cinsə olan meyldir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR