Bu gün ilk buraxılış imtahanları keçirildi
17:00
Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün ilk buraxılış imtahanları keçirilir. IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda aparılır. Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakənin rus bölməsi şagirdləri də buraxılış imtahanında iştirak edirlər.
Gəncədə keçirilən ilk buraxılış imtahanında 602 nəfər IX, 521 nəfər XI sinif şagirdi öz biliklərini nümayiş etdiriblər.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rus bölməsi üzrə keçirdiyi imtahan 2 növbədə aparılıb. Saat 10:00-da 9-cu, 15:00-da isə 11-ci sinif şagirdləri imtahan veriblər. 15 N-li məktəbdə keçirilən imtahan zamanı hər hansı neqativ hal qeydə alınmayıb.
Nəsimi Məmmədov, ümumi imtahan rəhbəri: “Gəncə şəhərində imtahanların idarə olunması üçün 3 imtahan rəhbəri və 45 nəzarətçi müəllim cəlb edilib. İmtahanların təhlükəsizliyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin tapşırığı ilə səhiyyə, fövqəladə və polis orqanı əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və ümumi imtahan prosesində təhlükəsizlik təmin olunmuşdur”.
Respublika üzrə 70 mindən çox şagirdin iştirak etdiyi bugünkü imtahanda hər fənn üzrə 30, ümumilikdə isə, 60 test tapşırığı təqdim olunub. Bundan başqa, şagirdlər onlara verilən mövzu ilə bağlı yazı işini də yerinə yetiriblər. Gəncə və ətraf rayonlar üzrə növbəti imtahan isə iyun ayının 24-də keçiriləcək.
Nəsimi Məmmədov: “Bu imtahan prosesində Azərbaycan bölməsi üzrə yalnız Gəncə şəhərində və digər rayonlarda isə Azərbaycan və rus bölməsində təhsil alan 9 və 11-ci sinif şagirdləri imtahanda iştirak edəcəklər. İyunun 29-da eksternat üzrə imtahan verənlər, üzürlü səbəbdən əvvəlki imtahan prosesində iştirak edə bilməyənlər və ümumtəhsil təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları imtahanda iştirak edə biləcək”.
Qəbul komissiyasından, həmçinin o da bildirildi ki, bu il buraxılış imtahanında iştirak edən şagirdlərin davamiyyəti ötən illərə nisbətən xeyli qənaətbəxş olub.
---------
08:53
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirir.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi"ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Şagirdlərin səhv cavabları onların düzgün cavablarının nəticələrinə təsir etmir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdlərin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa çatdıqdan sonra 10 günədək müddətdə elan edilir.
Buraxılış imtahanlarında qiymətləndirmə meyarları ilə tanış olmaq üçün http://www.tqdk.gov.az/news/school-leaving/559/ keçidinə, respublika üzrə buraxılış imtahanlarının keçirilmə tarixləri ilə tanış olmaq üçün isə http://www.tqdk.gov.az/exam/school-leaving-exam/examdate.php keçidinə daxil ola bilərsiniz.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR