Zakir Həsənov kimi hədələyir?
Müdafiə naziri Zakir Həsənov orduda korrupsiya hallarına yol verənlərə sərt xəbərdarlıq edib. Nazir müsahibəsində bildirib ki, prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub: “Kimin əsgərin payında, dövlətin malında gözü varsa, onlara qarşı ciddi mübarizə aparılır. Gələcəkdə də rütbəsindən, vəzifəsindən asılı olmayaraq onlara qarşı ciddi mübarizə aparılacaq”.
Nazir təəssüflə qeyd edib ki, belə hallar Silahlı Qüvvələrdə olub və bunun qarşısı tam alınmayıb, bu mümkün deyil. “Ancaq mübarizə ciddi şəkildə aparılır. Dəfələrlə demişəm birdən kiminsə ağlına gələr, indidən fikrindən əl çəksin. Bunun nəticələri də var. Azərbaycanda məlumat almaq çətin deyil. Hamı bir-biri ilə tanışdır”.
İllərdir ortada böyük cinayət faktları var, bunu hakimiyyətdə oturanlar etiraf edir və bu hallara qarşı mübarizə aparılır. Ancaq, nəticə yoxdur ki, yoxdur. Cinayətkar gözəgörünməz olub, səmayə buxarlanıb.
Əgər əsgərin payına tamah salan olubsa, dövlətin malında gözü olan varsa, həmin şəxsləri tapmaq, cəzalandırmaq çox asandır.
Bütün hərbi hissələrdə əsgərlərin qida və geyim təminatı ilə məşğul olan adamlar var və hər hansı qanunsuzluğa görə bu adamlar məsuliyyət daşıyır. Yəni, bu halların qarşısının alınması üçün geniş əməliyyatlara, göstərişlərə ehtiyac yoxdur. Nazirin də dediyi kimi hamı bir-birini tanıyır və məlumat almaq çətin deyil.
Ancaq, bu hallara qarşı “mübarizə”nin nəticəsiz davam etməsi, onu deməyə əsas verir ki, əsl günahkarları hərbi hissədən kənarda axtarmaq lazımdır.
Ümumiyyətlə əsgər üçün nəzərdə tutulan qida rasionuna əməl olunurmu?
1 nəfər əsgər üçün gündəlik nəzərdə tutulmuş qida rasionu belədir:
1-ci növ buğda unundan bişirilmiş ağ çörək(600qr), müxtəlif yarmalar (120qr), makaron məmulatları (40qr), ət (250qr), balıq(120qr), bitki yağı(40qr), kərə yağı(30qr), inək südü (100qr), pendir (20qr), toyuq yumurtası (1 ədəd), şəkər (70qr), cem(20qr), xörək duzu(20qr), çay(2qr), müxtəlif ədviyyatlar (istiot,sarıkök, zəfəran), xardal tozu(0.3 qr), dəfnə yarpağı və qurudulmuş göyərti(0.3qr), sirkə və müxtəlif souslar(2qr), tomat pastası(6qr), kartof və tərəvəz (850qr), təbii meyvə və gilməeyvə şirələri(100qr), vitamin preparatı “Heksavit” (1qr), qurudulmuş meyvələr (10qr), xiyar, pomidor, turşu göyərti(40 qr), yerkökü (50qr).
Bu sadalanan ərzaqlar həqiqətən əsgərə verilirmi? Açığı bunu təsdiq etmək çətindir və hərbidə olanlar da siyahını tam təsdiqləmir.
Əgər bu qidalar yalnız kağız üzərindədirsə və əsgər bunlardan məhrumdursa, bunun günahı, məsuliyyəti birbaşa Müdafiə Nazirliyinin üzərinə düşür. Hətta hərbi hissələrdə oğurlanırsa da, müdafiə nazirliyi məsuliyyətdən kənarlaşa bilməz. Çünki, hərbi hissə komandirlərini müdafiə nazirliyi təyin edir və bu adamların bütün keyfiyyətləri yoxlanılmalıdır.
Bütün bunları yazmaqla onu demək istəyirik ki, “mübarizə aparılacaq” ifadəsi çoxdan öz mahiyyətini itirib və qanunsuzluqları sığortalamaq məqsədi daşayır.
Bir halda ki, belə faktlar var, niyə görə gələcəkdə mübarizə aparılmalıdır? Niyə anında bununla bağlı qərar qəbul edilmir?
Bu günə qədər mətbuatda 100-lərlə məqalə dərc olunub və ən yüksək post tutanların mənimsəmədə adı hallanıb.
Yəni, əsgərin payına tamah salanlar, elə dövlətin sərvətini talayanlardı.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR