Bakı ermənisi "Oskar" ala bilər
Milli.Az 1937.az-a istinadən bildirir ki, bir müddət öncə “Kinotavr” XXV Rusiya açıq kinofestivalında “Ən yaxşı rejissor” nominasiyasında erməni əsilli rejissor Anna Melikyan qalib gəlib. Melikyanın “Ulduz” filmində baş rolu ifa edən Severiya Yanuşauskayte isə ilin ən yaxşı aktrisası seçilib.
Ötən gün məlum olub ki, Melikyanın Soçidən əlidolu qayıdan “Ulduz” filmi Rusiyanı Odessa beynəlxalq kinofestivalında təmsil edəcək.
Yaşının və təcrübəsinin azlığına baxmayaraq, özünü rejissor, ssenarist və prodüser kimi sınayan Melikyan üçü tam, dördü qısametrajlı olmaqla yeddi film çəkib. Onun filmləri dünyanın müxtəlif nüfuzlu kinofestivallarında qalib olub. Melikyan 2008-ci ildə Rusiyadan “Oskar” mükafatına namizəd kimi göstərilib.
Amerikanın nüfuzlu “Variety” jurnalı onun adını “dünyanın 10 ən perspektivli rejissoru” siyahısına daxil edib.
Bakıdan Moskvaya
Anna Melikyan 1976-cı il fevralın 8-də Bakıda anadan olub. Bir neçə il sonra ailəsi ilə birlikdə İrəvana köçüb. Onun uşaqlıq illəri burada keçib. Melikyan yaradıcılığında müəyyən qədər iz buraxdığını desə də, Bakı və Azərbaycan haqda danışmağı sevmir. Maraqlıdır ki, Ermənistan vətəndaşı olan Melikyan bir çox ingilisdilli portallarda və saytlarda azərbaycanlı rejissor kimi təqdim olunur.
Anna 17 yaşında Moskvaya gəlib. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə qəbul olub. Rejissorluq fakültəsində dahi rejissor Sergey Solovyovdan dərs alıb.
Hələ təhsil aldığı illərdə Melikyan “Müqəddəs Anna” müsabiqəsinin qalibi olub.
Daha çox qısametrajlı filmləri ilə tanınan Melikyanın 1999-cu ildə çəkdiyi “Uçduq” filmində baş rolu o zamanlar gənc olan məşhur aktrisa Nelli Uvarova ifa edib.
Bir il sonra ekranlaşdırdığı növbəti qısametrajlı “Tələbata qədər” filmi Roma və Melburn kinematoqrafiya muzeyləri tərəfindən alınıb. Film Milanda keçirilən beynəlxalq kinofestivalında qalib olub.
Kurs işi üçün çəkdiyi “Kontrabas” filmindən sonra Kinematoqrafçılar İttifaqından qrant qazanan Anna, sənədli filmlər çəkməyə başlayıb. O, bu dövrdə televiziyada maraqlı layihələrlə çıxış edib. Melikyan 2002-2005-ci illərdə “NTV” və “TBC” kanallarında aparıcılıq edib.
"Mars"a uçuş
İnsanları, üzləri, kinonu çox sevən Melikyan fotoqraflıqla da məşğul olub. Qısametrajlı filmlərdə təcrübə topladıqdan sonra 2004-cü ildə “Mars” adlanan ilk tammetrajlı filmi ekranlara çıxıb.
Komediya janrında çəkilən və Qoşa Kutsenkonun mükəmməl ifasıyla seçilən film tamaşaçı rəğbəti toplaya bilib. MDB və Baltikyanı ölkələrin qatıldığı “Kinoşok” festivalında film prodüserlərin xüsusi mükafatını qazanıb.
Müəllif kinosu çəkən, amma geniş tamaşaçı kütləsi tərəfindən də qəbul olunan Annanın növbəti işi olan “Su pərisi” əsl kino hadisəsinə çevrilib. Rusiyada tənqidçilərin müsbət rəyini qazanan və “Rusiyanın Amelisi” adlandırılan film 2008-ci ildə “Oskar”a namizəd göstərilib. Rejissor bu bənzətmə ilə qətiyyən razılaşmır.
Filmin qeyri-adi bacarıqları olan qəhrəmanı Alisa, Anderson nağılllarından tanıdığımız balacanın müasir variantıdır. Balerina olmağı arzulayan, saçlarını yaşıl rəngə boyayan və meqapolisin səs-küyündə itən Alisa obrazı xüsusi olaraq aktrisa Mariya Şalayeva üçün yazılıb.
Filmin çəkilişləri üçün öz şirkətini – “Maqnum”u yaradan xanım rejissor maliyyə çətinlikləri ucbatından bir müddət çəkilişləri təxirə salmağa məcbur olub.
2 milyon dollar büdcəsi olan film çəkilən xərcləri geri qaytara bilib. Filmin çəkilişləri zamanı hamilə olan və bunu çəkiliş qrupundan gizlədən rejissor zəif görünməkdən qorxduğunu deyib.
“Mən bu meqapolisi, yəni Moskvanı belə görürəm. Balaca insanın böyük şəhərdəki tənhalığını yaratmaq istəyirəm. Özü də insanlardan çox reklam plakatları və balıqlarla danışan balaca adamların tənhalığını…”
“Su pərisi”ndən sonra ancaq serial və televiziya tamaşaları çəkən, daha çox prodüser kimi fəaliyyət göstərən Melikyan 7 il sonra sükutu pozub. Rejissorun yeni filmi olan “Ulduz” ilk dəfə “Kinotavr”da nümayiş olunub və maraqla qarşılanıb.
Melikyan özü bu barədə belə deyib: “Bu fasilənin nə ilə bağlı olduğunu demək çətindir. Nə vaxtın belə sürətlə keçdiyini hiss etmişəm, nə də yaradıcılığımda yaranan fasiləni. Mən bu boşluğu hiss etmirəm. Bəlkə də, həmişə prosesin içindəyəm, ona görə. Həm də axı kim deyir ki, rejissor hər il nə isə çəkməlidir. Yeni nə isə doğulmayana, yeni söz olmayana qədər rejissor susmalıdır”
Uzun müddət kastinqlər aparan və aktyor seçimində dəqiq olan Melikyan bu dəfə baş rol ifaçısını tapmaq üçün 6 ay vaxt sərf edib. Gürcü Tina Dalakişvilini “Ləhcələlərin sevgisi” filmində bəyənən rejissor onun arxasınca düz Gürcüstana gedib və deyəsən, yanılmayıb.
Melikyanın fikrincə, yaxşı kino yeni insanların danışdığı səmimi hekayədir. Yeni insan mütləqdir, çünki hər şey milyon dəfə təkrarlanıb və təkrarlanacaq. Yeni olan, təkrarlanmayan tək şey insandır:
“Sən hər gün qarşılaşdığın hadisələri ya da insanları ekranda görəndə təəccüblənməlisən. Bax, budur əsl kino”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR