» » Oğurlanan körpənin işində adı hallanan Elgiz Əkbər danışdı

Oğurlanan körpənin işində adı hallanan Elgiz Əkbər danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 avqust 2014
//
Bölmə: Dünya / Gündəm
Oğurlanan körpənin işində adı hallanan Elgiz Əkbər danışdı



15:00

Sumqayıtda oğurlanan 2 aylıq körpə ANS TV-nin "Adam içində" verilişinin vasitəsilə xəstəxanada dünyaya gəlib. Anspress-in məlumatına görə, oğurlanan körpənin anası Aysel Əhmədova hamiləliyin son aylarında "Adam içində" proqramına üz tutaraq kömək istəyib. Verilişin ənənəsinə uyğun olaraq Əhmədovanın doğuşunun həyata keçirilməsi üçün xəstəxanaların birinə yerləşdirilib.

Verilişin prodüseri Şahin Əhədov uşağının oğurlandığını iddia edən Aysel Əhmədovanın "Adam içində" proqramına kömək üçün üz tutan şikayətçilərdən biri olduğunu təsdiqlədi: "Biz o xanıma lazım olan yardımı etdik. Hamilə olsa da ərindən boşanmışdı. Evdə daha 2 uşağı var idi. Dediyinə görə, boşanarkən hamiləliyindən xəbərsiz olub. Uşaqlarının atası ona aliment vermirdi. Verilişimizin hüquqşünası onun bu problemi ilə məşğul oldu. Boşandığı əri ona aliment verməkdən qəti olaraq imtina etdiyindən həbs edildi. Bətnindəki körpəsinin dünyaya gəlməsi üçün xəstəxanaya yerləşdirdik. Verilişimiz vasitəsilə ona yardım edənlər də olurdu. İndi xəbər tuturuq ki, uşağı oğurlanıb".

---------
14:55

“Əməliyyatçılar ANS televiziyasına gəlmişdilər və məndən hadisə ilə bağlı görüntüləri istədilər”.

Bu sözləri azxeber.com-a açıqlamasında “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağırılaraq dindirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Aparıcı açıqlamasında haqqında yayılan xəbərin yalan olduğunu və polis bölməsinə çağırılmadığını deyib:

“Tamamilə yalan məlumatdır. Əməliyyatçılar ANS televiziyasına gəlmişdilər və məndən hadisə ilə bağlı görüntüləri istədilər. Biz də onlara görüntüləri verdik. Məni heç kəs bölməyə çağırıb izahat istəməyib”.

------------
14:40

Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb.

Milli.Az bildirir ki, uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.

Bildirilir ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.

Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

Teleqraf.com-un Aysel Əhmədovanın qonşularından əldə etdiyi məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağırılaraq, dindirilib.

Xatırladaq ki, 2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Elgiz Əkbər teleqraf.com-a açıqlamasında bildirib ki, bu xəbəri eşidəndə hədsiz dərəcədə üzülüb.

Onun sözlərinə görə, hadisə ilə bağlı polislər ANS televiziyasına müraciət ediblər: “İstintaqçılar uşağı oğurlayanı tapmaq üçün “Adam içində” verilişinin videoyazısına baxmaq istədiklərini bildirdilər. Həqiqətən, Aysel Əhmədova bir müddət öncə köməksiz vəziyyətdə bizim verilişə müraciət etmişdi. Biz əlimizdən gələni etdik ki, onun hüquqları bərpa olunsun. Qadının aliment problemi də vardı. Həyat yoldaşından ayrıldığı üçün aliment tələb edirdi. Bu məsələlərdə ona yardımçı olduq. Həmin xanım verilişimizə gələndə 8 aylıq hamilə idi. Sonra onu doğum evinə göndərdik, həkimlərin təmənnasız köməyi nəticəsində ana oldu. Çox təəssüf edirəm ki, bir dələduz qadın uşağı oğurlayıb. Biz indi onu aydınlaşdırırıq”.

Teleaparıcı bildirib ki, uşağı oğurlayan qadın da verilişə gəlibmiş: “Uşağı oğurlayan həmin qadın da tamaşaçı qismində bizim verilişə gəlib. Çox böyük ehtimalla həmin qadın uşaq alverçisidir. Həmin qadın iki gün verilişə gəlib, amma içəriyə daxil olmayıb. ANS televiziyasının tələblərinə uyğun olaraq onların şəxsiyyət vəsiqəsi götürülür və qeydiyyat aparılır. Qadının əvvəldən belə bir fikrinin olduğu hiss olunur. Bilib ki, şəxsiyyət vəsiqəsi qeydiyyata alınacaq, bu baxımdan içəri girməyib. Aysel Əhmədova hələ hamilə olan dövrdə həmin oğru qadın onun qarşısnı kəsirmiş. Əlimizdən gələn köməkliyi edəcəyik ki, körpə tapılsın. Ümid edirəm ki, o, sağ-salamatdır”.



QafqazPRESS.az
banner125x125 banner125x125