Məhərrəm Şəmkirlinin mənsur şeirləri

Azadlıq olmayacaq
Qəfəs quşu sahibindən azadlıq istədi.Sahibi:
-Elə azadlıq illərdir yaşadığın qəfəsdir,başqa yerdə azadlıq yoxdur.
-Axı mənim qanadlarım var,səmada uçmalıyam.Bu mənim quş haqqımdır,haqqımı qaytar.
İnsan qəfəsin ağzını açıb quşu buraxdı.Quş insanla sağollaşmadan,qanad çalıb səmaya qalxdı.Bir az uçmuşdu ki,səmada qaranlığa düşdü.Axı hələ gecə düşməmişdi.Bu nə qaranlıq idi? Havadan da pis qoxu gəlirdi,aşağıdan güllə səsləri,insan fəryadları eşidilirdi.Gördüklərindən dəhşətə gələn quşcuğaz geriyə,qəfəsinə döndü: -Barıt qoxuyan səma,güllə səsləri altında olan azadlıq mənə lazım deyil.Neçə ki,yer üzündə qan içən,var-dövlətdən doymayan insanlar var,neçə ki,beynəlxalq qanunlar işləmir heç vaxt,heç zaman azadlıq olmayacaq.
Vətənsizlik
Vətəni sıldırım qayalar olan Qartal döyüşdə yaralanıb dağdan düzə düşmüşdü.Ürəyini aldığı yaralardan çox çılpaq qayalardan ayrılmağı ağrıdırdı.Orda çox şeyi qalmışdı: yaşadığı zirvə,kasıb yuva.Dözə bilmədi zirvəsizliyə,yuvasızlığa.Əbədi yumdu gözlərini.Qartal düşməndən aldığı yaralardan ölmədi,zirvə həsrətindən öldü.Biz də Qartal misallıyıq,qocalıqdan,xəstəlikdən yox,vətənsizlikdən ölürük.Vətənsiz canım hey!
Arzu
Sən bir gülsən,zərif bir gül,bircə an da olsa mənə bax,mənə gül.Qəhqəhələrlə məndən uzaqlaş,həsrətini çəkim,dərin fikrə gedim,qaranlıq bir otaqda.Qapımı aç.Qaranlığa işıq saç və birdən zərif əllərinlə gözlərimi qapa.Əllərinin hərarətini duyum.Əllərindən tutum,ürək çırpıntısı ilə,ürək döyüntüsü ilə.Birdən məndən qaç.Mən can atım,səni tutum. Ehtirasdan od tutum,yanım,külə dönüm..
Asın məni
O kəndirdən asın məni.Sormayın nədir günahım?.Özüm deyəcəm,siz eşidin.Yuvasına yem daşıyan bir qarışqanı tapdalamışam.Qışda soyuqdan donmamaq üçün babamdan atama,atamdan mənə qalan yüs illərlə yaşı olan müqəddəs tut ağacını kəsmişəm,əmanətə xəyanət rtmişəm.Vətən dərdə düşüb,şərə düşüb vətəndən getmişəm. Arvadım,uşaqlarım arxamca göz yaşı töküblər baxmamışam.Vətən qürbətdə qalıb,ailəm zillətdə.Bunlara görə o kəndirdən asın məni,mənim kimisi nə Vətənə lazımdır,nə ailəyə.
Məhərrəm Şəmkirli
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR