» » Bu eldən, obadan getdi İsmayıl

Bu eldən, obadan getdi İsmayıl

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 23 may 2014
//
Bölmə: Ədəbiyyat
Bu eldən, obadan getdi İsmayıl


(2014 - cü il martın 4 - də Haqq dünyasına qovuşmuş el ağsaqqalı, böyük ziyalı, nüfuzlu şəxsiyyət İsmayılov İsmayıl müəllimin əziz xatirəsinə)




Ömür yaşadı o, - nər kişi ömrü,
Vicdanla yaşadı, ər kişi ömrü...
Dönməz dastanlara hər kişi ömrü,
Bu eldən, obadan getdi İsmayıl.

Haqqın aşiqiydi, haqq səsi idi,
Bu elin, obanın nəfəsi idi.
Bu ölüm fələyin tələsi idi,
Bu eldən, obadan getdi İsmayıl?

Köçdü son mənzilə, nur ilə dolsun,
Yazdığım bu şeir halalı olsun.
Fələk, arzuların yarpaqtək solsun,
Bu eldən, obadan getdi İsmayıl.

Bu elə, obaya şam kimi yandı,
Bu ellər onu bir doğması sandı.
Sanki gedişilə zaman dayandı,
Bu eldən, obadan getdi İsmayıl.




Xoş arzu – murazı bir coşqun dəniz,
Adı ürəklərdə, dillərdə əziz,
Özü obalarda, ellərdə əziz,
Bu eldən, obadan getdi İsmayıl.

O, uca dağ idi, başı da qardı...
Dərdli ürəyində dərd yükü vardı.
Sardı ürəyini qəm yükü, sardı,
Bu eldən, obadan getdi İsmayıl.

El – oba ağladı vaxtsız gedişə,
El – oba gəlmişdi bu son görüşə,
Həsrətik üzündə o xoş gülüşə,
Bu eldən, obadan getdi İsmayıl.

Bu ellər, obalar kaş abad olsun!
Fələyin sarayı tez bərbad olsun.
Bu müdrik insanın ruhu şad olsun,
Bu eldən, obadan getdi İsmayıl.

Bu qış həyatının son qışı oldu,
O zalım fələklə savaşı oldu.
Gedişi gözlərdə göz yaşı oldu,
Bu eldən, obadan getdi İsmayıl.

El – oba dərdilə alışdı, getdi.
Qapqara torpağa qarışdı, getdi.
Tanrı dərgahına qovuşdu, getdi,
Bu eldən, obadan getdi İsmayıl.

İşıqlı ömrünü aldı çən – duman,
Fələklər vermədi o gün heç aman.
Yoxluğu ürəklər göynətdi yaman.
Bu eldən, obadan getdi İsmayıl.

Builki yazımız sənsiz yaz oldu,
Ürəkdə dərdimiz sənsiz yüz oldu,
Yandı ürəyimiz sənsiz, köz oldu,
Bu eldən, obadan getdi İsmayıl.

El – oba dərdini dərdi bilərdi,
El – oba dərdinə çox sinə gərdi.
Gözü yaşlıların gözün silərdi,
Bu eldən, obadan getdi İsmayıl.

Soldu bağ – bağçada gülləri, soldu,
Getdiyi yolları nə sonsuz yoldu...
Qisməti əbədi ayrılıq oldu,
Bu eldən, obadan getdi İsmayıl.

O, məğrur insandı, dağlar yaşıdı,
Hər an öz yurdunun vətəndaşıdı.
Bir sevgi vüsallı ömür yaşadı,
Bu eldən, obadan getdi İsmayıl.

Bu dərdi qəlbindən atası idi,
Hələ çox arzuya çatası idi...
Bu elin, obanın Atası idi,
Bu eldən, obadan getdi İsmayıl.

Silinməz qəlblərdən o xoş xatirən,
Bu şeir məndən bir kövrək xatirə.
Getdiyin yollara qurban Xatirə,
Bu eldən, obadan getdi İsmayıl.
Bu eldən, obadan getdi İsmayıl.




Xatirə Əziz
Şair - publisist


QafqazPREESS.az
banner125x125 banner125x125