“Ata-anası” yazıçı və şair olan adlar: Toğrul, Sevil, Gülüş.... Bəs Anar? - MÜZAKİRƏ
Bu gün uşaqlara verilən bir sıra adlar dini mənşəyə malikdir. Amma populyar adların bir qismi öz doğumuna görə ədəbiyyat adamlarına borcludur.
“Valideyni” tanınmış yazıçı və şairlər olan xüsusi isimlərdən danışarkən filologiya elmləri doktoru, professor Asif Rüstəmli Modern.az-a deyib ki, şəxs adları ilə bağlı ən çox yeniliklərə Cəfər Cabbarlının 1920-ci illərdən sonra yazdığı əsərlərdə rast gəlinir: “Yazıçının adlara yenilik gətirdiyi bir əsəri “Oqtay Eloğlu”dur. O zamanlar Sevər, Özdəmir adları yeni ad idi. Həmçinin “Od gəlini” əsərindən sonra Solmaz, Gülgün, Qorxmaz, Aqşin, Gülüş adları, xüsusilə Toğrul adı geniş yayılmağa başlayıb”.
“Məşhur diktorumuz Aydın Qaradağlı həmişə deyirdi ki, “mənim adımı Cəfər Cabbarlı qoyub””. Bunu Modern.az-a şair İlyas Tapdıq deyib.
“Cəfər Cabbarlının bütün əsərlərinin adları yenilik idi. “Yaşar”, “Almaz”, “Aydın”, “Sevil” və s. İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədovun əsərlərində çox gözəl yeni adlar meydana gəlib. Sonra Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin adı da yeni adlar sırasına daxil idi. Hətta onun adını həmişə yeni adlara nümunə göstərirdilər”.
Səməd Vurğunun “Aygün” poemasından söz düşəndə İ. Tapdıq maraqlı bir xatirəsini bölüşdü: “Aygün adı Səməd Vurğunun “Aygün” poemasından sonra meydana gəldi. 1953-cü ildə Səməd Vurğunun “Aygün” poeması “Kommunist” qəzetində çap olunanda mən qonşulara poemadan iki səhifə oxudum. Onlar da dedi ki, nə gözəl addır. İndi görün hazırda nə qədər Aygün adlı qız var. Elə Səməd Vurğunun öz nəvəsinin də adı Aygündür”.
İ. apdığın da övladlarına qoyduğu adlar Azərbaycan dilində yenilik idi. Şair deyir o, çalışır ki, uşaqlar üçün şeirlər yazanda yeni adlar tapsın: “Şəbnəm sözünü ad kimi ilk dəfə mən istifadə etmişəm. Hüseyn Cavidin “Bahar Şəbnəmləri” şeirindən götürmüşəm, mənası şeh deməkdir, əvvəllər adlar siyahısında yox idi. Siyahıya əlimlə yazdım və imzamı da əlavə etdim ki, qoyduğum ada özüm cavabdehəm”.
Şair bildirir ki, o biri övladlarına qoyduğu adlar da fərqli adlardır: “Güllə bağlı adlar çox idi, amma mən qızımın adını Gültəm qoydum, yəni “gülün dadı”. Qəlbinur adını da ilk dəfə mən qoymuşam, sonradan professor Paşa Qəlbinur özünə ləqəb kimi götürdü. Halal xoşu olsun!”.
Müasir ədəbiyyatımızda yeni adların gətirilməsinə münasibət bildirən şair, artıq yeni ad yaratmaq cəhdləri ilə qarşılaşmadığını deyir: “Yeni adların ədəbiyyata gətirilməsi müəyyən bir dövrü əhatə etdi, indi hiss etmirəm. İndi ədəbiyyat əvvəlki həvəslə oxunmur. Yazılır, qalaq-qalaq kitablar yığılır kitabxanalara. İndi bilmirəm ki, mənim yazdığım yeni adlardan kimsə istifadə edir, ya yox”.
Yazıçı-publisist Əziz Rzazadə də təsdiqləyir ki, yeni adıların böyük qismi XX əsrin məhsuludur. “Hüseyn Cavidin əsərlərindən – Ərtoğrul, Toğrul, Knyaz, Turan, Mehdi Hüseynin romanları hesabına Tərlan və Daşqın geniş tanınma alıb. Mənim üçün ən şübhəli ad yaradıcılığı “Anar”ın mənşəyi ilə bağlıdır. Onu mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəyli ilə əlaqələndirirlər. Rəsul Rza həqiqətən Azərbaycan dilinə bir sıra yeni sözlər gətirib. Ən bariz misal “çimərlik” sözüdür. Amma Anar adına müəyyən şübhəm var. Çünki İkinci Dünya müharibəsində yaranmış mühacirət ədəbiyyatına dair bir kitabda da bu imzalı müəllifə rast gəlmişəm. Bu gün AYB sədri kimi tanıdığımız Anar 1938-ci ildə doğulub, təbii ki, adını da o zaman alıb. Amma haqqında danışdığım müəllif müharibə vaxtı əsir düşmüş və “milli legion”da xidmət etmiş şəxsdir.
Yeri gəlmişkən, Telman adı da həmin dövrün məhsuludur. Yəni bu xüsusi isim alman kommunistlərinin lideri Ernst Telmandan “oğurlanıb”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR