» » Poeziya işığında

Poeziya işığında

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyul 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya işığında


QafqazPRESS.az saytı Əziz Musanın şeirlərini təqdim edir.


BİZ KİŞİYİK



Köşçkünlərə “siz kişi deyilsiniz “
deyən bir məmura cavab



Bu haqsız zəmanə getməz əbədi,
Bu necə təhqirdi, bu nə hədədi.
Nakişi nə bilir kişilik nədi,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Satqınlar ayırıb o yurddan bizi,
Əyrilər çaşdırıb düzlərdə düzü.
Düz çəkmir vicdanı çəkən tərəzi,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Qeyrətsiz olmayıb qarabağlılar,
Yurd üçün canından keçib oğullar.
Bizə dərs öyrədir indi oğrular,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Başa bağlamırıq arvad ləçəyi,
Dağlarda görmüşük gülü, çiçəyi.
Söymə ağsaqqalı, sən ağbirçəyi,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Bu şəhər dədəndən qalmayıb sənə,
Yığma günahları yığma üstünə.
Bu xalqın, millətin durma qəsdinə,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Çıxarma Allahı heç vaxt yadından,
Danışma heç zaman millət adından,
Sən çoxdan düşmüsən qeyrət atından,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Bizə köçkün deyən, qorxaq söyləyən,
Ipini çəkməyə yoxdumu yiyən?
Sənsən köçkünlərin payını yeyən,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Biz hələ kimsəyə əl açmamışıq,
Bizi özgələrlə salma qarışıq,
Bizi qaçırdıblar, biz qaçmamışıq,
Biz kişi oğluyuq, kişiyik, kişi.

Bizim hissimizlə oynama belə,
Səbri yeyə-yeyə durmuşuq hələ,
Bilmədiyin sözü gətirmə dilə.
Biz kişi oğluyuq, kişiyik, kişi.

Bizə həqarətlə baxma heç zaman,
Bir gün çəkiləcək bu çən, bu duman,
Düşmən də cəzasın alacaq inan,
Biz kişi oğluyuq, kişiyik, kişi.





DÜNYANIN GÖZƏLİ




Hər güldə, çiçəkdə bir möcüzə var,
Bir şirin nəğmədi suların səsi.
Sənin gülüşünlə gəlir yaz, bahar,
Hüsnün heyran edir görən hər kəsi.

Sevinclə açılsın qoy hər səhərin,
Sənin baxışında nur var işıq var.
Bəlkə heç özündən yoxdu xəbərin,
Dünyanın gözəli sənsən ey nigar.

Canımı alırsan gözəlliyinlə,
Yerişin, duruşun aləmdi, aləm.
Yer-göy şəfəqləni gülüm səninlə,
Sən olan könüldə nə qüssə, nə qəm.

Tanrının sevdiyi gül çələngisən,
Qəlbimə ruhuma axıb dolursan,
Səni görməyəndə darıxsamda mən,
Sən mənə daha da yaxın olursan.

Sən ey təbiətin gözəllik tacı,
Sevginlə sən məni xoşbəxt eylədin,
Sən varsan bilmərəm bir ağrı, acı,
Nəğmədi, çiçəkdi arzu, niyyətin.




BİR QIZ GƏLİR




Naz ilə bir qız gəlir,
Yarı yox, yalqız gəlir.
Yerişi canlar alır,
Bir parlaq ulduz gəlir.

Mən sənə qurban olum,
Yanaqları xallı qız.
Gülüşün canlar alır,
Dodaqları ballı qız.

Söylə kimin qızısan,
Qaşı, gözü qara qız.
Məni odlara salıb,
Bəs gedirsən hara qız.

Amandı ayaq saxla,
Bir insaf eylə gözəl.
Allah səni saxlasın,
Bir kəlmə söylə gözəl.




OLUR




Amandı süzdürmə qara gözünü,
Gözün zarafatı çox yaman olar.
Göstətmə üzünü günəşə belə,
Qəfil bir mehdən də çiçəklər solar.

Gözlərin can alar, ürək yandırar,
O kipriyin, qaşın oxdu, kamandı.
Ürəklə oynama ay zalım qızı,
Gözlərin alovu, odu yamandı.

Baxışın ürəyə, qəlbə od salar,
Gözünün atəşi daşı əridər.
Gözlərin fərmanı çox ağır olar,
Gülüşün ağlayan qəlbi kiridər.

Gözlərin danışar sözün düzünü,
Gah gülər, gah da ki, bulud tək dolar.
Amandı süzdürmə qara gözünü,
Gözün zarafatı çox yaman olar.





NOOLAR




Mən bilirəm bu işvədi, bu nazdı,
Sanırsan ki, bu nazın da çox azdı.
Bilirsən ki, bu ürəyim nasazdı,
Insaf eylə mən yazığa noolar.

Mən şairəm yalan gəlməz dilimə,
Bu canımı qurban verrəm gülümə,
Yaxına gəl, əlini ver əlimə,
Insaf eylə mən yazığa noolar.

O gözlərin ürəyimə od salıb,
Günlər keçir bu yazdan da az qalıb,
Həsrətindən səbrim tamam axalıb,
Insaf eylə mən yazıfa noolar.

Göz yaşımı içə-içə qalmışam,
Ömrü-günü biçə-biçə qalmışam.
Əzəl gündən sənə heyran olmuşam,
Insaf eylə mən yazığa noolar.

Hər bir kəlməm yalvarışdı, bir ahdı,
Bəxti yazan mən deyiləm Allahdı,
Gəl öldürmə sən Əzizi günahdı,
Insaf eylə mən yazığa noolar.









QafqazPRESS.az




banner125x125 banner125x125