Dəyərli insan, bacarıqlı müəllim
Həyata bağlı Vətən oğlu
Bəlkə də bəzən Tanrı bəndəsi əsl insan ola bilməyin fəsadlarını açıq-aşkar görür və hiss edir deyə onun qəlbi Allah xofu ilə dolu olur. Elə Quliyev Anar Novruz oğlu da bu səbəbdən zəhmətin, özünəinamın dürüst proseslər olduğuna tam inanır.
Anar Novruz oğlu Quliyev 1987-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 5 yaşında olanda ailəsi məlum Qarabag hadisələri ilə baglı Mərzilidən qaçqın düşüb. Buna görə o, orta təhsilini Qax rayonundakı 2 nömrəli orta məktəbdə alıb. Və elə Qax rayonunda da məcburi köçkün kimi məskunlaşıb.
Anar Quliyev 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsinə qəbul olub və 2008-ci ildə universitetin bakalavr pilləsini başa vurub. Öz arzusu ilə doğulduğu Ağdama qayıdıb, burada müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından rayonun düşmənlə təmas xəttində yerləşən Ergi qəsəbəsindəki 129 nömrəli köçkün tam orta məktəbində müəllim işləyir. Peşəsini çox sevir. Elə sevdiyi üçün də bu peşəyə yiyələnib. Onun ən böyük arzusu Ağdamın və ümumilikdə işğal altında olan torpaqlarımızın hamısının geri alınması, insanlarımızın orada yaşamalarıdır. Özünün isə ən çox istəyi və arzusu doğulduğu Mərzili kəndində Vətən ruhlu şagirdlərə elmin sirlərini öyrətməkdir.
Anar Quliyev sözün həqiqi mənasında peşəsinə bağlı müəllimdir. Müəllimlik onun üçün uca zirvələri olan əlçatmaz bir qayadır. O, sevinir ki, bu əlçatmazlığa qalxa bilib. Üzüldüyü bircə odur ki, hələ ki, bu zirvədən boylanır, ana yurdu Mərzilini görə bilmir.
Anar müəllim ailəlidir. Hüseyn adında oğlu var. Həyat yoldaşı Gülşən xanım da təhsillidir. Əlbəttə, ziyalı bir ailədə böyüyən Hüseyn də sabahın qurucularından biri olacaq.
Anar Quliyev çalışdığı məktəbdə şagirdlərə tarix fənnini tədris edir. Bir növ, tariximizi sevə-sevə öz şagirdlərinə öyrədir. Müəllim işlədiyi illər ərzində artıq hər kəsin rəğbətini qazana bilib. Kollektivdə onun adı hörmətlə çəkilir. O, şagirdlərinə təkcə müəllim kimi yox, həm də bir valideyn kimi münasibət bəsləyir, onların savadlı insanlar kimi yetişmələri üçün əllərindən gələni edir.
Anarın işlədiyi məktəbin direktoru, həm də məktəbin riyaziyyat müəllimi Qurban Rüstəmov onun timsalında bütün müəllimlərə, şagird və valideynlərə bir ata qayğısı göstərir. Əbəs yerə deyildir ki, bu gün hər kəs onun humanistliyindən danışır. Onun direktoru olduğu məktəb 2003-cü ildən fəaliyyət göstərir və burada 30 müəllim çalışır. Məktəbin təhsil, təlim və tədris işi günün tələbləri səviyyəsindədir və şagirdlərə, rayon icitmaiyyətinə böyük inam aşılayır.
Məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Həyat İbahimova da tədris etdiyi ingilis dilinin sirlərini şagirdlərə böyük həvəslə öyrədir.
Biz bəzən ağıllı və müdrik insanın əsas xarakterini onun zəhmətsevər və bacarıqlı olması ilə müəyyən edirik. Belə insanlar taleyə yuxarı-aşağı səmtlərdən boylanmağı çox yaxşı bacarırlar. Və bu proses bizim onları tanımağımıza zəmin yaradır. Heç bir şübhə yoxdur ki, özünün mental dəyərlərə fərqli insan münasibəti ilə seçilən Anar müəllimin də şəxsiyyət amilində həyatın və taleyin zaman gerçəkləri həyata, taleyə bağlılıq anlamı kəsb edir. Biz bunu həm də onun müəllim-vətəndaş münasibətlərində zamanın fiziki dəyişilməsi kimi dərk edirik.
Cəbhə bölgəsində müəllim kimi çətin və şərəfli bir missiyanı mübariz əzmlə davam etdirən Anar Quliyevə peşə fəaliyyətində uğurlar diləyirik.
Xatirə Əzizqızı
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR