Azərbaycan səfirinin müsahibəsi İtaliya jurnalında
İtaliyanın “Geopolitica” onlayn jurnalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi yerləşdirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, səfir müsahibəsində ölkəmizin sürətli inkişafından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, respublikamızın təşəbbüskarı və iştirakçısı olduğu enerji layihələrindən, İtaliya ilə ikitərəfli münasibətlərdən və digər məsələlərdən söhbət açıb. Qeyd edilib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə sürətli iqtisadi inkişaf müşahidə olunmağa başlanmışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan enerji ehtiyatlarını bütün dünyanın üzünə açıb, önəmli layihələrin fəal iştirakçısına çevrilmişdir. Güclü neft və qaz infrastrukturunun yaradıldığı Azərbaycanda hazırda qeyri-enerji sektorunun inkişafı prioritet məsələdir. Ölkədə 2014-cü ilin “Sənaye ili” elan edilməsi müvafiq sahənin inkişafına güclü təkan verməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V.Sadıqov diqqətə çatdırmışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunan, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən səfir deyib: “Münaqişənin yeganə həlli yolu erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarıdır”.
Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik Trans-Anadolu (TANAP), Transadriatik (TAP) qaz kəmərləri barədə məlumat verən səfir bu layihələrin Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə töhfə verəcəyini bildirib.
Azərbaycanın sürətli iqtisadi inkişafından danışan V.Sadıqov diqqətə çatdırmışdır ki, artıq ölkəmiz uzunmüddətli investisiya yatırımlarına və istehsal sahələrinin inkişafına maraq göstərir. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti xarici şirkətləri ölkəmizdə fəaliyyət göstərməyə cəlb edir.
Azərbaycanın İtaliya ilə əlaqələrə xüsusi önəm verdiyini deyən səfir vurğulamışdır ki, bu münasibətlərin dərin tarixi kökləri vardır. Azərbaycan İtaliya və bu ölkənin regionları ilə yaxın əlaqələr qurmaqda maraqlıdır. O demişdir: “Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR