Gəncəyə leysan, Daşkəsənə dolu yağdı: xəsarət alanlar var
17:03
Daşkəsəndə dolu 25 nəfərə xəsarət yetirib
Gəncə ilə yanaşı, ətraf rayonların sakinləri də qeyri-sabit hava şəraitinin ziyanını çəkib. Fərdi yaşayış evləri və sosial obyektlərlə yanaşı bir sıra təsərrüfatlara da ciddi ziyan dəyib.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşahidə olunan leysan yağışları sosial obyektlərə, inzibati binalara, fərdi yaşayış evlərinə, dam örtüklərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, əkin sahələrinə ciddi ziyan vurub.
Firuddin Həsənov, sakin: “Kənd ərazisində 80 hektar torpaq sahəsi yararsız hala düşüb. Bundan başqa taxıl sahələrinə, tərəvəz bitkilərinə ciddi ziyan dəydi. Demək olar ki, kənd təsərrüfatı məhv oldu”.
Daşkəsən rayonu ərazisinə yağan güclü dolu evlərlə, sosial obyektlərlə yanaşı, avtomobillərə də ziyan vurub.
Dolu vətəndaşlara da xəsarət yetirib. Xeyli sayda rayon sakini müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət edib. Onların sırasında 5 nəfəri stasionar müalicəyə cəlb olunub.
Mirzəkərim Tağıyev, Daşkəsən MRX-nın baş həkimi: “20-dən artıq şəxs xəstəxanaya müraciət edib. Onlara lazımi tibbi yardım göstərilib. Onlardan xəsarəti ciddi olan 5 nəfər palataya yerləşdirilib. Digər 20 nəfər isə ambulator yardımdan sonra evə buraxılıb”.
İri həcmli dolu, rayon mərkəzi ilə yanaşı 20-ə yaxın yaşayış məntəqəsində də fəsadlar törədib. Elektrik və rabitə xətləri sıradan çıxıb, kənd yolları yararsız hala düşüb, fərdi yaşayış evlərinə və zirzəmilərə yağış suları dolub.
Cavanşir Qocayev, Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Daha çox ziyan dəymiş məntəqələr Əmirvar, Gürbulaq, Quşçu, Zəylik, Kəmərqaya kəndləridir. Eyni zamanda Daşkəsən şəhərinə və ətraf qəsəbələrə - Mədənçilər, Alünitdağ qəsəbələrinə də xeyli ziyan dəyib”.
Güclü külək və dolu Göygöl rayonunda da ciddi fəsadlara səbəb olub. Rayonun dağlıq ərazisində yerləşən Çaykənd, Quşçu, Yenizod, Qarabulaq, Şəhriyar, Zurnabad və digər yaşayış məntəqələrində tufan evlərin dam örtüyünü sıradan çıxarıb, elektrik və rabitə dirəklərini aşırıb, kənd yollarını sel suları yararsız hala salıb. Elektrik enerjisi və rabitədə fasilələr yaranıb.
Telman Qocayev, sakin: “Axşam yağan dolu bütün evləri basıb. Dam örtükləri sıradan çıxıb. Moruq bağları yararsız hala düşüb. Kartof sahələri heç oldu”.
Hazırda mövcud vəziyyətlə bağlı Göygöl rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiya, təbii fəlakətin vurduğu ziyanın nəticələrini araşdırır.
Şəmkir və Gədəbəydə də leysan yağışları sonradan dolu ilə əvəzlənib. Təbii fəlakət nəticəsində bəzi kəndlərə enerji verilişi məcburi qaydada dayandırılıb. Daxili imkanlar hesabına elektrik və rabitə xətlərində yaranan fasilələr aradan qaldırılıb, yol təsərrüfatı qaydaya salınıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması və dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
----------
16:57
Azərbaycanın Gəncə şəhəri və Daşkəsən rayonunda iyunun 10-da gecə saatlarında başlamış güclü yağış və dolu düşməsinin yaratdığı fəsadların nəticələri aradan qaldırılır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin canlı qüvvə və texnikalarının intensiv şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində təbii fəlakət bölgəsində infrastruktur, habelə elektrik enerjisi və təbii qaz verilişi tam bərpa olunub.
Hazırda Gəncə şəhəri və Daşkəsən rayonu Fövqəladə Hallar komissiyaları müvafiq strukturlarla birgə dəymiş ziyanı müəyyənləşdirir.
---------
12:28
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncəyə gecə saatlarından başlayaraq yağan yağış və külək ciddi ziyan vurub. Yağış və küləyin fəsadları şəhərin mərkəz hissəsində daha çox hiss olunur. Mərkəzdə olan ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər hal-hazırda da yaşanmaqdadır.
Şəhərin X. Xasməmmədov, M.A. Abbaszadə, Əttarlar küçəsində ağacların aşması evlərin dam örtüklərinə ciddi ziyan vurub. Bütün bu halların bərpası üçün şəhərin bütün əlaqədar qurumları səfərbər olublar. Qeyd edək ki, Gəncənin qaz təsərrüfatı tamamilə sıradan çıxıb. Belə ki, şəhərin ancaq sənaye xətlərində qaz var. Gəncə Qaz İstismar İdarəsinin rəis müavini Azər Bayramovun verdiyi məlumata görə, şəhərə qazın verilişi 18:00-dək bərpa olunacaqdır. Şəhərdə 50-dək ağac şəhər yaşıllaşdırma idarəsi tərəfindən doğranıb. Şəhərdə işığın verilişində olan fəsadlar da nisbətən aradan qaldırılıb.
Gəncə ŞİH-dən verilən məlumata görə, paytaxtdan FHN-in 6 qrupu dəymiş ziyanların aradan qaldırılması və müəyyənləşdirilməsi üçün şəhərə yola düşüblər.
Ötən gündən Daşkəsəndə müşahidə olunan qeyri-sabit hava şəraiti güclü dolunun yağması ilə nəticələnib. Yağan dolu mərkəz və digər ərazilərdə sosial obyektlərin, fərdi yaşayış evlərinin dam örtüyünü sıradan çıxarıb. Bəzi avtomobillərə ziyan dəyib. Hazırda rayon icra hakimiyyətində komissiyalar yaradılıb və ziyan dəymiş ərazilərə ezam olunub. Komissiya nümayəndələri dəymiş ziyanın araşdırılması və aradan qaldırılması üçün sürəkli iş aparırlar. Elektrik təsərrüfatına dəymiş ziyanla əlaqədar bölgədə elektrik verilişində məhdudiyyətlər tətbiq olunub. Daşkəsənlə yanaşı, Göygöl rayonunun ucqar kəndləri də külək və yağış nəticəsində xeyli fəsad görüb. Rayon fövqəladə hallar komissiyası dəymiş zərərlərin aradan qaldırılması üçün bütün qüvvəsilə çalışır.
----------
12:09
"Aztelekom" İstehsalat Birliyi (İB) ötən gecə güclü küləklə müşayiət olunan leysan nəticəsində Gəncə Telekommunikasiya Qovşağında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri başa çatdırıb. Bu barədə çərşənbə günü Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində şəhərdə rabitə xətləri zədələnib və telefon şəbəkəsinin işi iflic olub: "Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün İB-nin qəza xidməti gücləndirilmiş iş rejiminə keçib və hazırda Gəncədə telefon şəbəkəsi ştat rejimində çalışır".
-----------
10:59
Gəncənin qaz təsərrüfatına ciddi ziyan dəydiyindən şəhərin təbii qaz təchizatı tamamilə dayandırılıb. Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən deyilib.
İB-dən bildirilib ki, hazırda Gəncədə qaz təsərrüfatına dəymiş zərər aradan qaldırılır və infrastrukturun bərpası işləri aparılır. Bundan sonra şəhərə hissə-hissə təbii qazın verilməsi nəzərdə tutulur.
"Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda isə deyilir ki, Gəncədə baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsilik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb.
----------
09:46
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün axşam saatlarında Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. 1000-dən artıq fərdi yaşayış evini su basıb, 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağılıb.
Elmar Vəliyev – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: "Saat 22 radələrində güclü küləklə müşahidə olunan leysan yağış təxminən 20 dəqiqə davam edib. Nəticədə Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Güclü yağış nəticəsində təxminən 1000-dən artıq fərdi yaşayış evinin həyətinə, eləcə də zirzəmisinə sel suları dolub. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb. 50-yə qədər avtomobil ağacların aşması nəticəsində ziyan görüb. Gəncə Şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı, eləcədə 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağıldığı məlum olub".
Xatırladaq ki, gecə saat 01:30 radələrində Gəncənin bir hissəsin elektrik verilişi təmin olunsa da, qaz təsərrüfatında yaranan ciddi problemlərin aradan qaldırılması işləri aparılır. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi də gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasını həyata keçirib. Qeyd edək ki, Gəncədə baş verən təbii fəlakətin aradan qaldırılması, eləcədə dəymiş ziyanın hesablanması üçün paytaxtdan xüsusi yaradılmış komissiya ezam olunacaq.
----------
08:56
Milli.Az APA-ya istinadən bildirir ki, güclü yağış nəticəsində Gəncədə obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra (5 dəqiqə) yenidən dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gecə saatlarında jurnalistlərin qarşısına çıxıb və şəhərdə yaşananlarla bağlı məlumatları çatdırıb. O, baş verənləri böyük təbii fəlakət kimi xarakterizə edib:
"Böyük bir təbii fəlakətdir. Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər".
Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub:
"Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib".
İcra başçısı əhalini narahat olmamağa çağıraraq qeyd edib ki, Gəncədə təbii fəlakətin yaratdığı bütün problemlər bu gün günortayadək aradan qaldırılacaq.
Məlumata görə, Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb.
---------
08:41
Dünən saat 22 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, təxminən 15 dəqiqə davam edən təbiət hadisəsi daha sonra leysan yağışla əvəzlənib. Güclü yağış nəticəsində şəhərin bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib. Yollarda avtomobillərin hərəkətində maneələr yaranıb. Təbiət hadisəsi nəticəsində bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə olub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR