» » Masallıda taxıl sahələri yanır

Masallıda taxıl sahələri yanır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Hadisə
Masallıda taxıl sahələri yanır


Dünən axşam saatlarında və bu gün Masallı rayonunda taxıl zəmilərində 3 yanğın hadisəsi baş verib. Milli.Az CTV-yə istinadən xəbər verir ki, 51 ha taxıl sahəsinin 10 hektarı yanıb.
İyunun 19-da baş verən birinci yanğın hadisəsi saat 11:00 radələrində rayonunun Ərkivan qəsəbəsində yerli bələdiyyəyə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alov dalğasının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 6 hektar biçilmiş taxıl sahəsinin 1 hektarı yanaraq kül olub.

Masallıda ikinci, əvvəlkindən şiddətli yanğın yenidən Ərkivan qəsəbəsindəki taxıl sahələrində saat 12:00 radələrində baş verib. Bu yanğının söndürülməsindən ötrü hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların müdaxiləsi ilə yanğın söndürülərək, əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Bununla belə 35 hektarlıq biçilmiş taxıl sahəsinin 7 hektarı yanıb. Bundan əlavə güclü alov dalğaları ərazidəki ağacları, yaşıllıqları, kol-kosu, elektrik dirəklərini və elektrik transformatorunu da əhatə edib.
Bildirək ki, analoji hadisə iyunun 18-də də baş verib. Masallı qəsəbəsində bələdiyyəyə məxsus 10 ha biçilmiş taxıl və 2 ha biçilməmiş taxıl sahələri yanıb.




QafqazPRESS.az