» » Sumqayıt Futbol Klubunun stadionu "Kapital Bank Arena" adlanacaq

Sumqayıt Futbol Klubunun stadionu "Kapital Bank Arena" adlanacaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 avqust 2014
//
Bölmə: İdman
Sumqayıt Futbol Klubunun stadionu "Kapital Bank Arena" adlanacaq



27 avqust 2014-cü il tarixində "Kapital Bank" ASC ilə “Sumqayıt” Futbol Klubu arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq Sumqayıt şəhərində yeni inşa edilmiş stadion ölkə Premyer-liqasının 2014-2015-ci il mövsümündə “Kapital Bank Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malikdir.

Bu münasibətlə keçirilən mətbuat konfransında “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev Kapital Bankla tərəfdaşlıq müqaviləsi barədə jurnalistlərə ümumi məlumat verib.

Daha sonra “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov çıxış edərək Kapital Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu, ona görə Bankın “Sumqayıt” Futbol Klubunun fəaliyyətinə, böyük məmnuniyyətlə, dəstək verdiyini bildirib.

F.Məmmədov populyar idman növü olaraq futbolun Sumqayıtda zəngin tarixi ənənələrə malik olduğunu diqqətə çatdırıb. Sumqayıt şəhərində yüksək şəraitə, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Kapital Bank Arena” adlanmasının, ümumilikdə, Azərbaycan futbolunun inkişafına xoş bir töhfə olacağına əminliyini ifadə edib.
Bildirib ki, bu, Kapital Bankın Sumqayıt Futbol Klubu ilə sonuncu işbirliyi deyil. “Klubun Sumqayıt şəhər məktəblərində sağlam həyatın təbliği məramı ilə həyata keçirilməsini nəzərdə tutduğu layihələrdə də Kapital Bank yaxından iştirakı qərarlaşdırıb”, - deyə F.Məmmədov qeyd edib.

Ardınca jurnalistlərin sualları cavablandırılıb və “Sumqayıt” Futbol Klubu adından Kapital Banka 50 nömrəsi ilə rəmzi futbol köynəyi hədiyyə edilib. Sonda tədbir iştirakçıları stadionla tanış olublar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.


QafqazPRESS.az
banner125x125 banner125x125