Azərbaycandakı "İran uşaqları"nın salam yalanı
Hz.Əli (s.ə.) demişdi: "Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır" (“Ğurərul-hikəm”, hədis 4640).
Nə yazıq ki, özlərini "Əhli-Beyt aşiqləri", "Əli aşiqləri" adlandıran mömin dindarlarımız arasında bəziləri bu sevda və sevgi ilə pərdələnərək yalan danışmaqla məşğuldurlar.
Belə yalanlar isə dindarları aldatmaqla yanaşı, ayrı-ayrı şəxslərin maraqlarının təminatına, onların mənafelərinin zahirən "səbatlaşmasına" yönəlib.
...İraqın ən nüfuzlu din xadimi ayətullah Seyid Əli Sistaninin guya Azərbaycandakı "xomeyniçi dindarlara dəstək verməsi" ilə yayılan xəbər martın 17-də İrana meylli saytlarda yayıldı.
Şiələrin yaşadıqları ölkələrin əksəriyyətində dini lider kimi təqlid edilən, İrandakı İslam inqilabının lideri, mərhum ayətullah Ruhulla Xomeyninin ideyalarını qəbul etməyən ayətullah Sistani guya "Azərbaycanda həbs edilmiş şiə dindarlara dəstək" verməsinin vurğulandığı xəbərdə o da bildirilirdi ki, Nardaran qəsəbəsinin 21 sakini İraqın Nəcəf şəhərində Hz.Əlinin (s.ə.) məqbərəsini ziyarət edəndən sonra ayətullah Sistani ilə görüşüblər. Həmin görüş əsnasında nardaranlılar ayətullah Sistaniyə Azərbaycanda həbs olunmuş dindarlarla bağlı sual veriblər. Ayətullah Sistani də guya "həbs olunmuş dindarların fəaliyyətlərini yüksək qiymətləndirərək onlara hər gecə dua etdiyini bildirib, onları salamladığını qeyd edib".
Məlumatla bağlı araşdırmalarımızın nəticəsində xəbərin doğru olmadığı aşkarlanıb.
Belə ki, həmin şəxslər Sistani tərəfindən görüşə qəbul edilməyiblər. Sadəcə, ayətullah Seyid Əli Sistaniyə "Azərbaycanda həbs olunmuş dinlarların salamı" çatdırılıb, o da cavabında salam yollayıb.
Vəssalam.
Maraqlıdır ki, qeyd olunan məlumatların yerləşdirildiyi saytlar əsasən həbsdə olan dindarlara məxsusdur. Buna azadxeber.az saytını misal vermək olar. Belə ki, saytın baş redaktoru Nicat Əliyev 2012-ci ildə keçirilmiş “Eurovision” beynəlxalq musiqi müsabiqəsi qabağı həbs edilmiş dindarlardan biridir. Həmçinin qeyd etmək olar ki, dini və siyasi çıxışları ilə radikal dindarları ətrafına toplamış Taleh Bağırov da ötən il həbs olunub. O, Maştağa qəsəbəsində yerləşən məsciddə çıxış edəndə ətrafına əsasən Nardaran sakinləri toplaşmışdılar.
Bu yerdə İmam Sadiqin (ə) sözləri yada düşür: "Söz üç növdür: doğru, yalan və camaatı barışdıran" ("Əl-Kafi", c. 2, səh. 341, hədis 16 ). Göründüyü kimi, ayətullah Sistaniyə salam verib-salam almaqla bağlı yayılan məlumatların həqiqətə uyğunluğu yoxdur və belə olduğundan, müəyyən adamların uydurmaları gerçək kimi qələmə vermələrinin səbəblərini anlamaq çətin deyil.
"Ayətullah Ruhulla Xomeyninin ardıcılları" olduqlarını vurğulayan, amma mərhum ayətullahın "vilayəti-fiqh" ideologiyasından belə, bixəbər olan və əslində İranın maraqlarının təminatı ilə məşğul olan şəxslər Azərbaycanda itirilmiş nüfuzlarını, əldən verdiklərini düşündükləri imkanları bərpa etməyə çalışırlar.
Onların səyləri əbəsdir.
Axı olan nəsnəni bərpa etmək olar. Efemer xülyanı, illüziyanı reallıq sayıb onu "qaytarmağa" çalışmaq, bir dəfə arzu edilmiş ilğımı "bərpa etməyə" cəhd göstərmək ən azı təəccüb doğuran izafilikdir.
Amma nə edəsən ki, bəlli qüvvələr uğursuzluğa düçar olduqlarını anladıqları üçün yalanı ən sadə vasitə bilirlər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR