Anar Məmmədov "Saç yolub üz cırmağa nə var ki..."
Saç yolub üz çırmağa nə var ki? Azərbaycanlı kişilər nəyə görə əcnəbi qadınların sevgisinə ehtiyac duyurlar? Bu sualın uzun müddət cavabını tapa bilməyən şəxslərə ən yaxşı izahı bu günlərdə yazılmış sevgi məktubu verdi. Vəfat etmiş şahmatçı Vüqar Həşimovun almaniyalı sevgilisi Elizabetin məktubu... Mən o məktubu oxumaqla çox şeyi anladım. Sevmək ürək istər sözünü tez-tez deyirlər. Bu sözü duymadan, anlamadan çoxlarımız əzbərləsək də, hələ ki, əməl edə bilməmişik. Heç dilimizə də gətirə bilmədiyimiz etirafı alman qızı Elizabet etdi: “Vüqar, heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın gözəl anlara görə çox sağ ol. Yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər".
Alman qızın vəfat etmiş Vüqara yazdığı sözləri oxuyarkən düşündüm ki, azərbaycanlı xanım alman kişiyə belə açıq-aşkar bəyan edə bilərmi? Xanımlarımız inciməsin, onların sevgiləri haqda bir neçə kəlmə deyəcəklərim var. Hamı mənimlə razılaşar, bizim kifayət qədər xanımlar var ki, Elizabetin itirdiyi Vüqardan daha nüfuzlu, daha güclü ərlərini, sevgililərini itiriblər. Ancaq onların dilindən ərinə olan sevgisindən bəhs edən bir kəlmə sözə rast gəlməmişəm, eşitməmişəm. Bir-iki dəfə efirdə olanlardan, keçənlərdən xatirə formalı söhbətlərindən və göz yaşlarından başqa...
Sadə bir insanlarda da belə bir qeyri-səmimilik var. Cavan qadın faciəvi şəkildə itirdiyi sevgilisini, nişanlısını, ərini atasının yanında ağlamağı ayıb bilir. Düşünür ki, sevgilisini ata yanında ağlamaq sanki namus məsələsidi. Axı əsl sevgini car çəkmək valideyn yanında saxlanılan saxta həyadan daha üstündür. Xanımlarımızı qınamaqda bəlkə də səhv edirəm. Onların sevgilisinin cənazəsi və ya məzarı başında göstərdiyi münasibət ola bilsin, daha səmimidir. Bir qız ömür-gün yoldaşını evi, maşını, yaxşı işi olan oğlanlar arasından seçirsə, sonradan formalaşdırılan “sevgi”yə münasibəti necə olmalıdır ki?
Yaxın dostumun bu yaxınlarda evlənmək üzrə olduğu qızla arasında yaşanmış olayın “səmimi” məqamlarını sizlərlə bölüşmək istəyirəm. Demək, dostum ailəsi ona məsləhət bildiyi, zahirən müasir, cazibədar, dəbli qızla görüşür. “Feysbuk”da yazışmağın daha rahat olduğunu düşünərək orada dostlaşmağı təklif edir. Qız onun təklifindən inciyərək “sən kimə nə dediyini bilmirsən, mən feysbukda olan qızlardan deyiləm” deyir. Dostum da özünün həddən artıq kosmopolit və müasir olduğuna görə bir xeyli xəcalət təri axıdır. Bir müddət sonra onların münasibətləri alınmır və ayrılırlar. Üstündən bir neçə ay keçəndən sonra təsadüfən həmin qızın profilinə rast gəlir. Qızın “feysbuk” profilinin hətta özündən əvvəl yaradıldığının, təcrübəli sosial şəbəkə istifadəçisi olduğunu görür.
Bu, qadınların özlərinə qoyduğu qadağanın kişilərin onlara təklif etdiyi azadlıqdan çox olduğunu göstərir. Axı ayıb saydığını niyə edirsən, ayıb saymırsansa niyə gizlədirsən?
Qeyri-səmimilikdə qınadığım qadınlar niyə boşanmasını, ər tərəfindən döyülməsini fədəkarcasına etiraf edirsə, demək sevgisini də etiraf edə bilər. Xanımlar, sözlərimdən qəzəblənməyin, sadəcə əməl edin. Heç olmasa sevginizi, sevgilinizi itirəndən sonra səmimi olun, saç yolub üz cırmağa nə var ki...
Anar Məmmədov
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR