Ombudsman bu halda geri çağırıla bilər - Hüquqşünas
Ombudsman qaydaları davamlı olaraq qəsdən pozarsa, onun vəzifədən azad edilməsi məsələsi gündəmə gələ bilər.
Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ombudsman Səbinə Əliyevanın pandemiya zamanı keçirilən toyda iştirak etməsi ilə karantin qaydalarını pozması səbəbindən vəzifədən azad edilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, S.Əliyevanın bu addımı ciddi qüsur olsa da, qanunvericilikdə inzibati xətaya görə ombudsmanın vəzifədən azad edilməsi haqda heç nə yoxdur:
“Ombudsman statusuna yaraşmayan xəta törədərsə, onun istefasını müzakirə etmək olar. Toyda iştirak etməsi ciddi qüsurdur, çünki bu, qəsdən törədilən əməldir. Onun geri çağırılıb-çağrılmamasına isə parlament qərar verməlidir. Onun bu davranışını ümumi inzibati xətalara aid etmək lazımdır. Lakin qayda pozuntuları təkrarlanarsa, bu məsələ parlamentdə müzakirəyə çıxarıla və o, vəzifədən azad edilə bilər”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Bunun ardınca isə sosial şəbəkələrdə onun vəzifədən azad edilməsi məsələsi gündəmə gəlib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR