» » Gürcüstan Prezidenti Qəbələyə səfər edib - YENİLƏNİB - FOTO

Gürcüstan Prezidenti Qəbələyə səfər edib - YENİLƏNİB - FOTO

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 fevral 2014
//
Bölmə: Siyasət
Gürcüstan Prezidenti Qəbələyə səfər edib - YENİLƏNİB - FOTO



AzərTAc xəbər verir ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olmuşdur.

Gürcüstan dövlətinin başçısına məlumat verilmişdir ki, Kompleksin inşasının birinci mərhələsi ötən ay başa çatmış və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bildirilmişdir ki, bu kompleks Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək yolundan beşində inşaat işləri başa çatmışdır. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Artıq bu mövsümdə kompleksə gələn turistlər kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da istifadəyə verilmişdir. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı turistlərə ilin bütün fəsillərində xidmət göstərəcəkdir.

Ali qonağa məlumat verilmişdir ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır.

Sonra Gürcüstan Prezidenti “Riverside” kanat xəttinin aşağı stansiyasında olmuş, orada yaradılmış şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, burada turistlərin istirahəti üçün hər cür şərait yaradılmış, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulmuşdur. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.

Daha sonra Prezident Georgi Marqvelaşvili kanat xətti ilə gəzintiyə çıxmışdır.

Gürcüstan Prezidentinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar, aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verilmişdir.

Ali qonaq Qəbələyə səfəri çərçivəsində rayonda yaradılmış digər müasir turizm infrastrukturları ilə də tanış olmuşdur.

Gürcüstan Prezidentinə məlumat verilmişdir ki, bu gün Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.

Qəbələyə səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonuna yola düşmüşdür.

--------
14:10

AzərTAc xəbər verir ki, fevralın 13-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olmuşdur.
Ali qonağa məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasını təmin edir.

Prezident Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləmiş, meyvə qəbulu bölməsinə baxmış və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış “Tetra Pak” xəttində işin gedişi ilə tanış olmuşdur.
Sonda qonaq müəssisədə istehsal edilən məhsulların dadına baxmışdır.

X X X

AzərTAc xəbər verir ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə yaxından tanış olmuşdur.

Ali qonağın diqqətinə çatdırılmışdır ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üçmərtəbəli Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılmışdır.

Prezident Georgi Marqvelaşvili binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilmişdir ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır.

Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündən keçən çayın üzərində körpü tikilmişdir.

---------
13:12

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gedib.

AzərTAc xəbər verir ki, Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olacaq.





QafqazPRESS.az
banner125x125 banner125x125