Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun istehsal müəssisələri ilə tanış olublar
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 24-də Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olmuşlar.
AzərTAc xəbər verir ki, rusiyalı qonaqlar müəssisədə müasir standartlara cavab verən avadanlıqların quraşdırıldığı barədə geniş məlumatlandırılmışlar. Bildirilmişdir ki, zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal olunur. Müəssisənin məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir.
Nümayəndə heyəti Qəbələdə meyvə və tərəvəzin saxlanılması üçün tikilmiş soyuducu anbar kompleksi ilə tanış olmuşdur. Burada bildirilmişdir ki, ümumi sahəsi 7800 kvadratmetr olan və 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir.
Qonaqlar rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksi ilə də tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları mövcuddur.
Rusiyalı qonaqlar Qəbələdə gedən dinamik sosial-iqtisadi inkişafın, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqinin şahidi olmuşlar. Nümayəndə heyəti, həmçinin Qəbələnin görməli yerləri, füsunkar təbiəti ilə də tanış olmuş, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.
Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə də ətraflı məlumat verilmişdir.
Xatırladaq ki, forumun iştirakçıları iyunun 23-də “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi, “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri, “Tufandağ” Yay-Qış İstirahət Kompleksi, “Fitnes” istirahət-sağlamlıq mərkəzi ilə də tanış olmuşlar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR