» » Deputatın biznesi...

Deputatın biznesi...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 fevral 2016
//
Bölmə: Siyasət
Deputatın biznesi...







Nadir Qocabəyli

Deputat Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də iki mənzil alıblar, özü də avtomobil üçün dayanacaqları ilə birlikdə.

“Elmira Axundova deputatdır, oğlu da Dövlət Gömrük Komitəsinin növbətçi hissəsində işləyir. Maaşı da cəmi 486 manatdır. Nə özünün, nə də oğlunun kommersiya ilə məşğul olmaq hüququ var. Qanun bunu onların hər ikisinə qadağan edir. Bu adamlar hansı pulla kvadrat metri 4 min manatdan milyon yarıma ev alıblar? Feyruz Həşimov isə pensiya ilə heç özünə dərman ala bilmir…”, – bu sözləri deputatın məhkəməyə verib 100 min manat kompensasiya tələb etdiyi, Xətai Rayon məhkəməsinin isə humanistlik göstərərk məbləği 100 mindən 5 minə edirdiyi jurnalist Feyruz Həşimovun nümayəndəsi söyləyib.

Amma məhkəmənin qərarından hər iki tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər... Nə isə...

İndisə gəlin xəyal gücümüzü işə salıb deputat Elmira xanımın öz ciyərparası ilə birlikdə o qədər pulu necə qazandıqlarını tapmağa çalışaq.

Bizim qanunlara (həmçinin beynəlxalq konvensiyalara) görə, seçkili orqanlarda təmsil olunanlardan və dövlət məmurlarından başqa, hər kəs kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Amma praktikada bu tamamilə əksinədir. Deputatlar, nazirlər, nazir müavinləri, komitə sədrləri, polis rəisləri, icra başçıları, hakimlər, bir sözlə, dövlətin strukturlarında təmsil olunan nə qədər vətəndaş varsa, hamısı biznesmendir. Bilavasitə olmasa da, arvadları, qardaşları, qardaşlarının arvadları, əmisi və dayısı oğlanları, qısası, bütün iydəyənlərinin adından alıb-satmaqda, istehsal, idxal və ixrac etməkdədirlər.

Lakin adi, yəni vəzifəsi, ya da vəzifəli qohum-qardaşı, dost-tanışı, aşnası olmayan heç bir vətəndaşın normal biznes qurmaq, kommersiya, istehsal fəaliyyəti ilə məşğul olmaq imkanları sıfırın altındadır.

Bakıda sovet hakimiyyəti əleyhinə mitinqlər keçiriləndə oradakı çıxışlarda məni ən çox cəlb edən azad sahibkarlıq fəaliyyətinin mümkünlüyü ilə bağlı tezislər idi. Düşünürdüm ki, heç kəsdən asılı olmadan, heç kəsin qarşısında əyilmədən, tam azad şəkildə alıb-sata, ya da istehsal edə, kişi kimi alnıaçıq, üzüağ yaşaya bilərəm. Aldatdılar, fırıldaqçılar!..

1993-cü ildə Xalq Cəbhəsinin hakimiyyətdən getməsinə bir ay qalmış bir kiçik müəssisə yaradıb, çox çətinliklə, icra hakimiyyətinin başçısı olan qonşumun, uzaq qohumumun və hərəkat yoldaşımın köməyilə 300 min manat (3 paçka Məmmədəmin) kredit götürüb ticarətlə məşğul olmağa başladım. Onu da bildirim ki, o vaxt mənim 3 paçkasını çox çətinliklə aldığım həmin krediti bankdan kisələrlə çıxaran “oğullar” vardı. Nəinki 3, bəlkə də, 30, hətta 300 paçkalarla alırdılar. Özü də o adamların çoxu nə hərəkatçı, nə cəbhəçi, nə müsavatçı idi. Bütün hakimiyyətlərlə işləyən, ona əlaltı, onun partiyasının üzvü olmağa hazır işbaz dəstəsi.

Amma eşitdiyimə görə, onlara faizlə verirdilər, yəni müqavilədə göstərilən məbləğin 50-60 faizini, mənə isə cəbhəçi olduğuma görə, cüzi miqdarda olsa da faizsiz verdilər.

Amma hər halda verdilər, cəbhəçi olmasaydım, icra başçısı ilə münasibətim olmasaydı, yəqin ki, ala bilməzdim. Ya da gərək digər müxtəlif vasitələrdən istifadə edib rüşvət verəydim. Amma o vaxt çox gənc idim, belə şeylərdən anlamırdım. Zatən anlasaydım da, etməzdim, çünki indi də etmirəm, edə bilmirəm.

Mən həmin pulla bir müddət ticarətlə məşğul olub yaxşı qazandım da, bir ilə 300 mini 1 milyona manata çatdırdım. Amma günlərin bir gecəsi baş verən 100 faiz inflyasiya nəticəsində mənim bir milyonum (təxminən 10 min dollar) ikiqat azaldı. Bir il zəhmət çəkib qazandığım 5 min dolları bircə gecənin içində kimin əlimdən aldığını hələ də bilmirəm. Əlahəzrət inflyasiya! Kimdir axı O?..

Sonra kapitalın azlığından və digər səbəblərdən başqa uğursuzluqlar oldu. Hakimiyyət dəyişdiyindən, mənə kredit də verməzdilər. Bəlkə də, verərdilər, ancaq bunun üçün dostluq, tanışlıq, qohumluq əlaqələri, rüşvət vermək lazım idi. Məndə isə nə belə qılıq, nə elə qabiliyyət vardı... Heç indi də yoxdu!

Sözümün canı nədir? Bazar iqtisadiyyatı, azad sahibkarlıq, sağlam rəqabət, biznes mühiti, uzunmüddətli kredit, sahibkarlığa yardım, kənd təsərrüfatının dirçəldilməsi üçün dotasiya və sair bu kimi sözlər çox gözəl səslənir. Amma reallıq tamamilə başqadır. Reallıqda hər şey dövlətin və hakimiyyətin, ayrı-ayrı vəzifəli adamların, onların arxasında dayanan, ya da elə əlaltısı olan işbazların əlində olur.

Özü də bu təkcə bizdə belə deyil. Hazırda Teodor Drayzerin dilimizə tərcümə etməkdə olduğum “Maliyyəçi” romanında təsvir olunan hadisələrə baxanda Amerikadakı durumun heç də bizdəkindən fərqli olmadığını görürük. Orada da iş başında konqresmenlər, prokurorlar, şeriflər, bələdiyyə üzvləri, bankirlər, hakimlər və onların işbaz əlaltılarıdır.

Orada da, bütün məsələlər bizdəki kimi gecə barlarında, restoranlarda, lüks hotel nömrələrində günlərin bir gecəsində həll olunur.

Doğrudur, Drayzerin əsərindəki hadisələr yüz il əvvəl baş verir. Amma ABŞ-dakı sistem həminkidir və sistem durduqca mahiyyətdə ciddi dəyişikliyin olması az ağlabatandır. Bunu bilmək üçün heç “o qədər duzlu suyu” (ifadə Xulio Kortasara məxsusdur) üzüb keçməyə ehtiyac da yoxdur...
banner125x125 banner125x125