PREZİDENT GÖSTƏRİŞ VERDİ: BU KÜÇƏ ONUN ADINI DAŞIYACAQ
Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adını daşıyacaq küçə müəyyənləşib.
ONN media xəbər verir ki, bu barədə mərhum bəstəkarın nəvəsi, “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
O bildirib ki, Nəsimi rayonunda yerləşən küçələrdən birinə S.Ələsgərovun adı verilib:
“Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla əlaqə saxladım. O, mənə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına bitişik küçəyə babamın adı verildiyini dedi. Belə ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib və dövlət başçısı Süleyman Ələsgərovun adının həmin küçəyə verilməsi ilə bağlı göstəriş verib. Bundan sonra Eldar Əzizov sözügedən küçəyə Süleyman Ələsgərovun adının verilməsi ilə bağlı müvafiq əmr imzalayıb”.
T.İmanov bildirib ki, həmin küçəyə S.Ələsgərovun adının veriməsi onların ailəsində müsbət qarşılanıb. O, buna görə ölkə başçısına təşəkkürünü bildirib: “Mən məhz ailəmizin istədiyi küçəyə babamın adı verildiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Çünki bu küçə Musiqi Akademiyasına bitişikdir. Bu da təsadüfi deyil. Bu ərazi bizim ailməzi üçün simvolik xarakter daşıyır. 1940-cı ildə Süleyman Ələsgərov Şuşadan Bakıya gələn zaman onun şəhərdə yaşamaq üçün evi olmayıb. Çünki Bakıda heç bir qohumu, əqrəbası olmayıb. Ona görə də Konservatoriyaya (indiki Bakı Musiqi Akademiaysı) gedib və Üzeyir Hacıbəyovla görüşüb. Üzeyir Hacıbəyov babamla maraqlandıqdan sonra Konservatoriyanın binasında yaşamaq üçün bir otaq verib. Süleyman Ələsgərov orada yaşayıb və ailə qurub. Mənim anam da orada böyüyüb. Sonradan anam və iki dayım da həmin Konservatoriyada təhsil alıb. Ona görə də bizim ailənin həmin məkanla bağlılığı çoxdur”.
Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR