» » Gənc alim və mütəxəssislər şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri arasında növbəti görüş keçirildi

Gənc alim və mütəxəssislər şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri arasında növbəti görüş keçirildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 aprel 2014
//
Bölmə: Mədəniyyət
Gənc alim və mütəxəssislər şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri arasında növbəti görüş keçirildi



Gənc alim və mütəxəssislər şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri arasında növbəti görüş keçirildi.
Xatırladaq ki, 18 fevral 2014-cü il tarixində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında əməkdaşlığa dair memorandum imzalanmışdı. Memorandumun məqsədinə uyğun olaraq 08 aprel 2014-cü ildə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti ilə ATGTİ-nin sədri Şahin İsmayılov, Elm və Təhsil departamentinin derektoru Əzizə Əliyeva, əməkdaşı Rasim Abdurəhmanov və Layihələr departamentinin direktoru Elvin Hüseynzadə AMEA Coğrafiya İnstitutunda yenidən bir araya gəlmişlər.
“Azərbaycanda təhsil alan gənclərin akademiyaya cəlb olunması əsas hədəflərimizdəndir” deyə bildirən Gənc alim və mütəxəssislər şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğuladı. O, təhsil ocaqlarında mütəmadi olaraq elmi seminarların, müsabiqə və olimpiadaların keçirilməsinin nəzərdə tutulduğunu da bildirdi. F.Salmanov ATGTİ-nin bu istiqamətdə kompleks tədbirlər planlaşdırdığını və ilk addım kimi gənc alim və mütəxəssislərin ümumrespublika elmi müsabiqəsinin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.
Sonra ATGTİ-nin sədri Ş.İsmayılov təmsil etdiyi təşkilatın qeyd olunan məsələlərlə əlaqədar əldə etdiyi təcrübədən danışdı. Bildirdi ki, gerçəkləşdirilən layihələrdə elmin populyarlaşdırılması və istedadlı gənclərin üzə çıxarılması da ATGTİ-nin əsas hədəflərindəndir.
AMEA-nın Gənc alim və mütəxəssislər şurasının idarə heyətinin üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov respublikada təhsil alan gənc tədqiqatçıların elmə olan marağını inkişaf etdirmək, gələcəyin perspektivli alim və mütəxəssislərini müəyyənləşdirmək məqsədilə Yer elmləri sahəsində “Gənclik və elm: yeni ideyalar və perspektivlər” adlı elmi olimpiadanın keçirilməsi təklifini irəli sürdü.
Daha sonra Şuranın İdarə Heyətinin üzvləri, coğrafiya üzrə fəlsəfə doktoru S.Ələkbərova, kimya üzrə fəlsəfə doktoru Ə.Sucayev, tarix üzrə fəlsəfə doktoru S.Talıblı, fəlsəfə üzrə fəlsəfə doktoru R.Rzayeva, gənc tədqiqatçı N.Siracov, aqrar elmlər üzrə fəlsəfə doktoru İ.Talıbov, riyaziyyat üzrə fəlsəfə doktoru F.Seyfullayev nəzərdə tutulan müsabiqələr və elmi seminarlar haqqında təklif və tövsiyələrini irəli sürdülər.
Tədbirdə ATGTİ-nin departament rəhbərləri E.Hüseynzadə və Ə.Əliyeva da çıxış edərək bu il respublika üzrə təhsil alan tələbə və magistrlər üçün müvafiq profilli yay məktəblərinin təşkil olunmasının vacibliyini qeyd etdilər.




QafqazPRESS.az
banner125x125 banner125x125