» » “O gün İlqar Cahangirdən incidim...”

“O gün İlqar Cahangirdən incidim...”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Mədəniyyət
“O gün İlqar Cahangirdən incidim...”


Elvir Nizamoğlu
Hüseyn Ərəblinskini kim öldürdü? Əbdülxalıq yoxsa cəmiyyət? Ərəblinskini güllələyən Əbdülxalıq və ya H.Z. Tağıyev deyildi. Qatil elə cəmiyyətin özü idi. Fərqliliyi, yeniliyi qəbul etməyi bacarmayan, hər yeniliyə qorxu və nifrətlə yanaşan cəmiyyət. Amma bu gün teatrın inkişafı üçün o dövrə nisbətən münbit şərait yaranıb. “Hüseyn Ərəblinski”-lərin öldürüldüyü dövr geridə qalmışdır. Geriyə qalanlar onların qatillərinin qırıntılarıdır.

Bəzi tamaşalar keyfiyyətindən asılı olmayaraq məndə müsbət təsir bağışlayır. Çünki nə etmək istədiklərini, hansı imkansızlıqlar içində mübarizə apardıqlarını bilirəm. İlqar Cahangirin rəhbərliyi ilə fəaliyyət göstərən Oda teatrı Azərbaycanda teatrın, daha doğrusu azad teatrın tək təmsilçisidir. Bəli tamaşalar zirzəmidə ifa olunur, texniki avadanlıq məhduddur. Amma ölkənin heç bir teatrında olmayan səmimiyyət bu zirzəmidə var. Hər şeyi bir kənara qoysaq, sırf fərqli olduqları və ortaya yeni bir şey qoyduqları üçün onlar alqışa layiqdirlər.

Tənqidə keçməmişdən əvvəl bir mövzuya aydınlıq gətirim. Məqsədim Oda teatrını göylərə çıxarıb, Azdrama, GTT və Yuğ teatrını aşağılamaq və ya onlara haqsızlıq etmək deyil. Teatrlarımızda kifayət qədər cəsarətli tamaşalar oynanılır. Alim Qasımovun bəyənmədiyi “Qatil” tamaşasını misal göstərmək olar... Sual olunur: Bu gün “İtən vaxt” tamaşası Oda teatrından başqa hansı teatr səhnəsində oynanıla bilər? Fərqlilik deyəndə bunu nəzərdə tuturam. Başqalarının edə bilmədiyini min bir çətinliyə dözərək zirzəmidə, soyuq qış axşamında ifa etmək.

Oda teatrının gənc aktyorlarının üstünə düşəsi deyiləm. Bunu etmək sadəcə olaraq əclaflıq olardı. Mən “Arzular bağı” tamaşasının-yəni İlqar C. və Rauf Ş.-un üstünə düşəcəm. Bu tamaşaya üç dəfə-hər dəfə yanımda bir tanışımı götürüb getmişəm. Birinci təəssüratım müsbət idi. İlqar Cahangir və Rauf Şahsuvarov “Arzular bağı” nın ilk tamaşasını mükəmməl ifa etdilər. Həm güldürüb, həm kədərləndirdilər. Dəqiq yadımdadır, yanımda əyləşmiş olan, yekəpər, uzun saçlı oğlan gizlin-gizlin gözünün yaşını silirdi.

Tamaşaya gəldiyim növbəti şənbə axşamında, tamaşanın başlamasına 5 dəqiqə qalmış Rauf Şahsuvarov yanımdan keçib, içəri daxil olanda təəccüb içində ona baxdım. Rauf bəy tamaşaya az qala gecikirdi. Bunu tələskən hərəkətlərindən rahatlıqla anlamaq olardı. Yenə də onu qınamaq istədəmədim, Oda teatrı aktyorlarının çətinliklərini düşünərək, ona haqq qazandırdım... Keçək əsas məsələyə, yəni tamaşanın özünə. Açıq aydın görünürdü ki, nə İlqar Cahangir nə də Rauf Şahsuvarov öncəki həftənin üstünə rollarına təkrar çalışmayıblar. Birinci dəfə bu tamaşaya gələn birini bu ifa ilə yola vermək olardı. Amma mənim kimi ikinci dəfə gələn tamaşaçılar hər şeyi dəqiqliklə görə bilir. Buraxılan səhvlər, unudulan sözlər, məqamında işlədilməmiş zarafatlar tamaşanın dadını qaçırtdı. Yenə də təsirlənənlər, gülüb-ağlayanlar var idi. Amma keyfiyyət çox aşağı düşmüşdü.

Üçüncü həftədən, yəni növbəti tamaşadan isə danışmaq istəmirəm. Sadəcə olaraq onu demək istəyirəm ki, o gün Oda teatrından məyus şəkildə ayrıldım. Oda teatrı ilə ilk tanışlığı olan dostum, tamaşa əsnasında az qala mürgüləyirdi. Mən isə təəssüf içində tamaşanı seyr edir, bir yandan da tamaşaçıların reaksiyalarını müşahidə edirdim. Bu dəfə demək olar ki, heç kim bəyənməmişdi. Nə yalan deyim, o gün İlqar Cahangirdən, Oda teatrından incidim.

İlqar Cahangirin gözəl bir arzusu var : “Arzu edirəm ki, Azərbaycanda heç olmasa polis bölmələrinin sayı qədər teatr ocağı olsun.” Bəli, gözəl sözdür. Amma bunu etmək hədəfiniz (və ya hədəfimiz) varsa həqiqətən mübarizə aparmalısınız. Bizə tənbəllik etmək seçimi verilməyib.

Oda teatrının hər uğuru gələcəkdə yüzlərlə azad teatr ocaqlarının qurulmasına gətirib çıxaracaq. Mən buna səmimi qəlbdən inanıram.

Uğurlar!



QafqazPRESS.az
banner125x125 banner125x125