» » “Məşhurların sevgi hekayələri: “Kaş indi qapı açıla, Əli içəri girə...”

“Məşhurların sevgi hekayələri: “Kaş indi qapı açıla, Əli içəri girə...”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: Mədəniyyət
“Məşhurların sevgi hekayələri: “Kaş indi qapı açıla, Əli içəri girə...”



Modern.az saytı “Məşhurların sevgi hekayələri” rubrikasına davam edir. Müsahibimiz mərhum şair Əli Kərimin həyat yoldaşı Elza xanımdır.

Ötənlərin çox gözəl qadını olan Elza xanım indi yaşlaşıb. Sanki yaddaşı da korşalıb. Əli Kərim haqqında, öz gənclik çağları və sevdaları barəsində çox söz danışmaq istədiyindən birini qoyub o birinə keçir. “Əli Kərimi tanıyanda 18 yaşım var idi. Bir il sonra isə ailə qurduq. Dostu bizim həyətdə yaşayırdı. Moskvada onunla bir oxumuşdu. Onlara gələndə məni gördü. İlyas Tapdıq tez-tez bizə gəlib gedirdi. Radioda işləyirdi. Bir yazı gətirmişdi ki, onu tərcümə edim. Bioloji terminlər olduğu üçün dedi ki, dostuma zəng edim, o sənə izah etsin. Daha sonra Əli Kərimə zəng etdi. Bu əvvəlcədən planlaşdırılmış iş imiş . Həmin vaxtdan sonra Əli Kərim mənə zəng etməyə başladı. O qədər ağıllı oğlan idi ki, hansı qız olsaydı, ona vurulardı. Əli Kərim məndən daha qəşəng idi. Qızların demək olar ki, çoxu ona aşıq olmuşdu. Onların çoxu şer, məktub yazırdı. Yazıçılar Birliyinə Əli Kərimə görə dəstə-dəstə məktublar gəlirdi. Onların heç birini açmırdı və mənə verirdi ki, oxuyum. Onun kimi təmiz insan ətrafımda az görmüşəm. Telefonda o qədərə söhbətlər etdik ki, axırda mən də ona vuruldum”.

“Elza mən sənə görə yox, Lermontova görə küçənizdə qalmışam”

Bu sözlər isə Əli Kərimin özünə aiddir. Elza xanımı beş dəqiqəlik də olsa görməkdən ötrü evində deyil dostugildə gecələyən və həmin beş dəqiqə üçün səhər tezdən oyanan Əli Kərim Elza xanımın etirazı ilə üzləşəndən sonra deyir. Elza xanım onu da deyir ki, qonşuların hamısı Əlinin məndən ötrü orada dayandığını bilirdilər. Odur ki, o, hər dəfə başı aşağı halda orda qalanda mən utanardım:

“Saatlarla gəlib bizim küçədə dururdu. Mən də onun bu cür hərəkətindən utanırdım. Çünki qonşularımız bilirdi ki, Əli mənə görə dayanıb. Bizim evimiz isə Lermontov küçəsində yerləşirdi. Mən Əliyə deyirdim ki, küçədə durmasın. O isə mənə deyirdi ki, mən sənə görə durmamışam. Lermontovu sevdiyim üçün dayanmışam. Mən Neft Akademiyasında oxuyurdurm. Onun dostu Arifin oraya yaxın yerdə evi var idi. Gedib tez-tez orada qalırdı ki, səhərlər mən dərsə gedəndə, gəlib məni görsün. Ancaq məndən küsürdü ki, sən heç mənə baxmırsan. Mən isə onu görə bilmirdim. Çünki onun olduğu yerdə adam o qədər çox olurdu ki, onu görmək mümkünsüz idi. Mən də gözəl qız olduğum üçün başımı qaldırıb heç kimə baxmırdım. O isə deyirdi ki, sən məni saymırsan”.

“Atamın yanında heç vaxt məni danışdırmazdı”

Amma başıaşağı şair özünün ruhu yuxarı şerlərilə gözəl qızın qəlbini oğurlayır. Çox keçmədən ailəsinin də elçi gəlməsinə razı olur. Elza xanımın ailəsi tərəddüd etmədən bu məsələdə razılığa gəlir. Lakin əksər şairlər kimi özünün maye halında olan “ilham pərisi”, həm də şairlik fərqliliyi istedadlı yazarın maddi durumunda problem yaradır. Buna baxmayaraq Elza xanımın ata və anası övladlarını tək buraxmır onlara hər cür maddi yardım edirdilər. Elza xanım üçün indi o çağlar acılı olduğu qədər də şirin xatirələrdir. Bütün acılara baxmayaraq deyir ki, kaş ki, indi qapı açıla və Əli içəri girə:

“Daha sonra anasıgil elçi gəldilər. Əli Kərim göyçaylı, atam isə ağdaşlı idi. Atam da məni ona verdi. Aprelin 30-da toyumuz oldu. Balaca bir evimiz var idi. Çox kasıb idik. 3 övladımız oldu. Hələ mən bu vaxta qədər balalarını o qədərə çox sevən ata görməmişəm. Evimiz yarımzirzəmi idi. İmkanımız yaxşı olmayıb, zirzəmidə yaşamışıq, Əli içkiyə meylli olub də, eşitmisən yəqin. Atam-anam bizə kömək edib. Amma mən o xoşbəxtliyi gəlinlərimdə görmürəm. Amma qorxudan səsimi də çıxarmıram. Mən onun haqqında səmimi danışıram. Gördüm ki, Əli can verir. Amma mənə demir. Bir şerində də var: “Ölüm gəlirdi, sadəlövh bir gözəli aldadırdı”. Orda sadəlövh mənəm. İndi düzəlmişəm, ağıllanmışam. Onda çox avam idim. Gözünə baxa-baxa getdi. Gözündə mənim şəklim qaldı. Doktor deyəndə ki, Əlinin gözün bağla, dedim, nə edirsiz?! Dedilər ki, ölüb, gözün bağlayırıq. Qoymadım, gözlərini özüm bağladım. Gözündə mənim şəklim getdi”.

Əli Kərim indinin indisində də Elza xanımdan razıdır, həm də çox. Bəlkə də bir həyat yoldaşı kimi çox sevdiyini göstərmək üçün öldü. O da ola bilər. Şair sevgini göstərmək üçün gücü heç nəyə çatmayanda çalışır ki, ölsün. Əli Kərimin məşhur misralarında deyildiyi kimi:

Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?


QafqazPRESS.az
banner125x125 banner125x125