» » Sən çox gözəlsən, amma mən səninlə nə edim?

Sən çox gözəlsən, amma mən səninlə nə edim?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 avqust 2014
//
Bölmə: Mədəniyyət
Sən çox gözəlsən, amma mən səninlə nə edim?



Milli.Az 1937.az-a istinadən müasir rus şairlərinin əsərlərini təqdim edir
Vladimir Buriç. 1932-1994. Şair, tərcüməçi. Poeziyada özünəməxsus orijinal qol yaradıb.

***

Otağın kub formasında qalıram

aeroportun şar

raketin piramida


Bu formaları yaradır

və sevirəm


Hər dəfə də həlak oluram

bədənimi geometrikləşdirən zaman


Qara və ağ


Qara ağı axtarır

ondakı işığı öldürmək,

onu ya boz

ya da zolaqlı etmək üçün....



***

Maraqlıdır,

sən böyüyən zaman mən nə edirdim?

nə edirdim mən?



deyəsən, çörək arxasınca qaçırdım

yox daşı daş üstə qoyurdum

bəlkə də, pillələri qalxırdım

dayanmışdım

əynimi dəyişirdim

ətrafa baxırdım

pulun qalığını qaytarırdım

nəqliyyata gecikirdim

nahar edirdim

anamı dəfn edirdim

səkkiz il anamı dəfn etmişəm

çörək arxasınca qaçırdım

necə də qəribədir

sən yanımdasan

amma bu qaçhaqaçda mənə çata bilməyəcəksən

gözləyə bilmirəm səni

mən ancaq yarışa bilirəm

sən çox gözəlsən

amma mən səninlə nə edim?



səninlə nə keçmişə ağlamaq

nə də getdikcə kiçilən gələcəyə ümidlə baxmaq olmur

bir-birimizin əllərini dalğalandırırıq

ötüb-keçən tramvayların akvariumunda...


Vera Pavlova. 1963-cü ildə Moskvada anadan olub. Rusiyada 15 kitabı dərc olunub. Şeirləri 20-dən artıq xarici dilə tərcümə olunub. Beynəlxalq festivalların laureatıdır.


***

Kişi qadının vətənidir.

Qadın kişinin yolu

Gör nə qədər yol getmisən

əzizim bir az dincəl

bax sinəm – qoy başını

bax ürəyim – dağıt düşərgəmi

indi isə bərabər bölək

əzabların qurumuş qalıqlarını.


***

Bu mənəm –

hər səhər sənin sol tərəfində oyanan qadın…


***

Oxuyanda ayaqlarım ağrıyır

yazanda əzələlərim

sevəndə çiyinlərim

düşünəndə boynum…


***

Sənin ən möhkəm qabırğandan düzəldiyim halda

niyə belə yumşağam görəsən?


Çünki səndə bərk olub

məndə yumşalmayan heç nə yoxdu…



***

Onlar aşiqdirlər və xoşbəxt…


kişi deyir:

sən yanımda olmayanda mənə elə gəlir ki,

qonşu otağa keçmisən…



qadın deyir:

sən qonşu otağa keçdiyin zaman

mən elə bilirəm ki, artıq yoxsan…


Vladimir Yudenko. 1946-cı ildə Krasnodarda anadan olub. Şair, nasir olmaqla yanaşı redaktor kimi də fəaliyyət göstərir. Bir çox ədəbi mükafatların laureatıdır.


Seçim azadlığı – Andrey Tarkovskiyə


Tərk edən və gözləyən qadınların dünyası...

Yerin bətni yağışdan hamilədir.

Kadrda çəmənlik

Ot- qəlbi təravətləndirir.

İtilənmiş dəryazlar

elə həmin anda edam olundu qadınlar

ağrılıdır

amma olduqca incə tərzdə

işıqlı... və müqəddəs.

mahiyyət- apokalipsis- ruhunda incil havası

Duman arasında rejissorun bağırtısı-

Təşəkkürlər! Lentə alındı.

Operator sevinir, amma əlləri titrəyir nədənsə...


Sergey Zineviç. 1968-ci ildə Novosibirskdə anadan olub. Şeirləri bir çox ədəbi almanaxlarda çap olunub.


***

Saatsaz o qədər tənbəldi ki,

Hər şeyin özünə doğru geri döndüyünü hiss eləmir

Əllər vidalaşır

Dodaqlar bağışlayır

Gün ərzindəki nəfəsalmaların yüngül boğulmalarında

səs-küylü günəş yorğun-yorğun dolanır səma boyunca

Alovlanır alaqaranlıq məhlənin divarları arasında…


Sevgi və vərəm


Yuxulusan, boşluqlara doğru nəfəs alırsan

yavaş-yavaş burulan borular kimi

qeyri-iradi əriyirsən

Yazda dodaqlarına qədər üfunət qoxuyursan

Sarı dabanlar üzərində yeriyir hər şey

Yetginlik astanasında qan öz rəngini dəyişir

Səkilərdə qış hiss olunur artıq

Bağda armudlar üzür

Məhdudiyyətlər arasından sərhəd çəkir torpaq

Rus dilindən tərcümə: Xatirə Nurgül




QafqazPRESS.az
banner125x125 banner125x125