Vüqar Əhməd: “Ad günümdə istəmirəm küskünlükdən söhbət açım”
Bu gün şair Vüqar Əhməd 50 illik yubileyini qeyd edir. Ad günündə o, Modern.az-a atüstü müsahibə verib.
- Əvvəlcə, 50 yaşınız tamam olması münasibətilə sizi təbrik edirik. Hazırda nə nə işlə məşğulsunuz?
- Təbrikinizə görə təşəkkür edirəm. Hazırda "1950-80-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı və folklor ənənələri" mövzusunda monoqrafiyamı tamamlamaq üzrəyəm. “Qaradağlılar” adlı tarixi mövzuda roman-trilogiyamın çapı barədə düşünürəm. İndi həmmüəllifi olduğum "Cənubi Azərbaycan ədəbiyyatı tarixi" adlı ikicildliyin təqdimatından gəlirəm. Sabah da ATV-də həyat və yaradıcılığımdan bəhs edən bir saatlıq film nümayiş olunacaq.
- Son yazdığınız kitablar barədə bir neçə kəlmə danışaq.
- Bu yaxınlarda Məhəmməd Əmin Rəsulzadə haqqında "Son nəfəsədək Azərbaycan" adlı romanım çap olundu. Əsər ADR-in qurucusu haqqında ilk romandır. Öndərin 130 illik yubiley günü romanın təqdimatı oldu. AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi fəaliyyətimə görə məni "Fəxri Fərman"la təltif etdi. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "Fəxri Fərman"ı ilə təltif olunmuşam .Yeni mahnılarım yaranıb, ən ürəyimcə olan İzzət Bağırovun oxuduğu "Azərbaycan" şərqisidir.
- Hərdən incikliyiniz müşahidə olunur. Kimlərdi sizi bu qədər küsdürən?
- Ad günümdə-şad günümdə istəmirəm problemlərdən, küskünlükdən söhbət açım.
- 50 yaşa kimi itirdiklərinizlə qazandıqlarınızı bir tərəziyə qoysanız, hansı göz göyə qalxar?
Qəlblərdəki qəm-kədərin
Səbəbini araşdıran, yazan yox.
Kasıbların yeməyi yox,
Süfrəsində, ocağında qazan yox.
Dərd gətirən, dərd yaradan
Necə çoxdu, dərdi qəlbdən pozan yox,
Şən nəğmələr, şıdırğılar
Oxuyan çox, qəm hayqıran ozan yox.
Vüqar Əhməd dərddən çələng
Hörür, yazır, faydası yox, baxan yox,
Kim qazıdı özü düşdü,
Daha ona gizli qəbir qazan yox!
- 50 ildən sonra bu suala cavab vermək olarmı - Nədir yaşamaq?
- Yaşayıram, mən qəlbimin nurunu
Dünyanın əşrəfi insanlara vermək üçün.
Yaşamıram, görmürəm, yazmıram
Özüm üçün, gözüm üçün, sözüm üçün,
Yaşayıram xalqım üçün, elim üçün...
Mən də yaşayıram cızma-qaram ,sözüm üçün, millətim, elm üçün!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR