» » “İnsanlarda ən çox sevdiyim xüsusiyyət sadiqlikdir”- Emin

“İnsanlarda ən çox sevdiyim xüsusiyyət sadiqlikdir”- Emin

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyun 2014
//
Bölmə: Müsahibə
“İnsanlarda ən çox sevdiyim xüsusiyyət sadiqlikdir”- Emin



"Qafqazinfo" Bakıya “Ən yaxşı ifaçı” nominasiyasında “World Music Awards” mükafatının qalibi kimi dönən məşhur müğənni-bəstəkar Eminin Buro247.az saytına müsahibəsini təqdim edir:


- Emin, öncə sizi bu nailiyyət münasibətilə təbrik edirik. "World Music Awards" müsabiqəsində iştirakınız barədə nə deyə bilərsiniz?

- Bildiyimə görə, xüsusi seçilmiş münsiflər heyəti albomları ölkə hüdudlarından kənarda ən çox satılan ifaçıların siyahısını hazırlayıb mükafatın rəsmi saytında yerləşdirirlər. Daha sonra 6-8 ay müddətində onlayn səsvermə keçirilir, sonda münsiflərin balları ilə yığılan səslər toplanır və qalib elan olunur.

- Yəni ilk vaxtlar iştirakınız barədə məlumatsız idiniz.

- Bəli. Onlayn səsvermə zamanı dostlarımdan biri zəng edib bu xəbəri mənə söylədi. Özümü dünyanın məşhur ifaçılarıyla bir siyahıda görəndə çox təəccübləndim. (gülür)

- Belə bir dünya miqyaslı musiqi yarışmasına dəvət almaq və oradan qalib kimi ayrılmaq necə hisdir?

- Dostlarım Timati və Qriqoriy Leps ilə "World Music Awards" yarışmasına ifaçı kimi dəvət almışdıq. Çıxışımıza hazırlıq zamanı təşkilatçılar bizə yaxınlaşıb üçümüzdən birinin "Ən yaxşı ifaçısı" nominasiyanın qalibi olacağını dedi. Ancaq hansımızın qalib olacağı bilinmirdi. Sözsüz ki, həyəcanlıydıq. Qalibiyyətdən sonra isə məni ilk təbrik edən Qreqoriy Leps oldu. O, məni qucaqlayıb "Təbrik edirəm, qardaş" - dedi.

- Fəxredici hisdir ki, belə bir nüfuzlu mükafatı Müslüm Maqomayevə həsr etdiniz.

- Başqa cür ola da bilməz, çünki, məni musiqiylə Müslüm Maqomayev tanış edib və bütün incəliklərini öyrədib. Odur ki, ömrümün axırına qədər əldə etdiyim bütün nəaliyyətləri ona ithaf edəcəm.

- Gəlin, bir qədər də geyim tərzinizdən danışaq. Hansı stilə üstünlük verirsiniz?

- Üstünlük verdiyim konkret bir geyim tərzi yoxdur. Lakin "casual" stildə özümü daha rahat hiss edirəm. Sözsüz, səhnə obrazı gündəlik geyimdən seçilməlidir. Düşünürəm ki, stilistə ehtiyacım yoxdur və ətrafımda olan yaxın insanların fikri mənə bəs edir.

- Bəs brendlər barəsində nə düşünürsünüz?

- "Brendomaniya"dan əziyyət çəkmirəm. Məsələn, üzərimdəki geyim Adidas-dır.

- Ən sevdiyiniz aksessuar hansıdır?

- Qol saatı. Qolumda saat olmayanda özümü narahat hiss edirəm və hər yerə gecikəcəyimdən qorxuram. U-Boat isə ən sevimli saat brendimdir. Rahat, eyni zamanda çox dəbli görünürlər.

- Sizcə, xarakterinizdə mənfi cəhətlər hansılardır?

- (Bir qədər düşünür). Mən daim öz üzərimdə çalışıram və xarakterimdə olan boşluqları doldurmağa can atıram. Ancaq hələ ki, özümlə bacara bilmədiyim yeganə mənfi cəhətim səbrsizliyimdir. O da düzəlsə, hər şey əla olar.

- Bəs insanlarda ən çox hansı xüsusiyyətləri qiymətləndirirsiniz?

- Səmimiliyi, düzgünlüyü və sadiqliyi.

- Emin, boş vaxtlarınızı necə keçirirsiniz?

- İş qrafikim gərgin olduğu üçün boş vaxtım demək olar ki, olmur. Ancaq vaxt tapan kimi Bakıya - uşaqlarımın yanına gəlirəm. Bu, mənə zövq verir və onlarla birlikdə olanda dincəlirəm.

- Gələcək planlarınızda hansısa bir məşhurla duet oxumaq varmı?

- Çox güman ki, Timati ilə duetimiz olacaq. 21 iyunda "Sea Breeze"də Kreyq Devidlə möhtəşəm bir konsertimiz olacaq, növbəti gün isə o, Bakıda U-boat butikinin açılışında iştirak edəcək.




QafqazPRESS.az
banner125x125 banner125x125