Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı nə kimi nəticələr verdi?
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, “Trend” İnformasiya Agentliyinin şərhçisi Arzu Nağıyev ötən həftə Türkiyədə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı haqqında suallara aydınlıq gətirib.
- Arzu müəllim, bildiyimiz kimi, ötən həftə Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı keçirildi. Sammitdə türkdilli ölkələrin birgə fəaliyyəti, əməkdaşlığı və s. bir sıra önəmli məsələlərə toxunuldu. Sizcə, toplantıda əsas önə çıxan məqamlar nələrdən ibarət idi?
- Bəli, qeyd etdiyiniz kimi, iyun ayının 4-də Türkiyənin Bodrum şəhərində 4 türkdilli dövlət başçılarının iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı keçirildi. Bu toplantıda Azərbaycan, Türkiyə, Türkmənistan və Qazaxıstanın dövlət başçıları iştirak edirdilər. Bu toplantıda Türkdilli akademiyanın prezidenti, eyni zamanda Türkdilli dövlət başçılarının şurasının baş katibi seçildi və bir sıra ikitərəfli əlaqələrə toxunuldu və eyni zamanda Türkdilli dövlət başçılarının görüşü ilə bağlı əməkdaşlıq şurasının bəyənatı qəbul edildi.
- Sammitdə vurğulandı ki, bu birlik heç bir beynəlxalq bloka qarşı qurulmayıb, heç bir rəqabətqabiliyyətli qurum deyil, bu sadəcə eyni dildə danışan, eyni millət olan xalqların birgə əməkdaşlığıdır. Bu gün dünyada bir sıra bloklar vardır ki, bir-biriləri ilə rəqabət aparırlar. Türk birliyinin bu baxımdan önəmi nədən ibarətdir?
- Bugünkü geopolitik vəziyyəti və regionda baş verən prosesləri izləyəndə görürük ki, baxmayaraq ki, bunlar eyni zamanda türkdilli dövlətlərdir həmin dövlətlər bir sıra digər bloklarda da təmsil olunurlar. Bu baxımdan türkdilli dövlətlərin arasında bu görüş heç də hansısa siyasi blokun yaranması demək deyil. Bu haqda Türkiyə xarici işlər naziri Davudoğlu da qeyd etdi ki, bu görüşün mənası heç bir siyasi məqsəd daşımır və heç bir dövlət bu birliklə bağlı qıcıqlanmamalıdır.
- Yəqin ki, burada bir az zənginlik də var desək, yanılmarıq. Bu dövlətlərin fərqli bloklarda olmalarına baxmayaraq burada birləşməsi nə dərəcədə əhəmiyyətlidir?
- Əhəmiyyəti ondan ibarətdir ki, bütün bu dövlətlər eyni dildə danışır, eyni soy-kökə məxsusdur. Eyni zamanda da həll ediləcək ümumi problemləri mövcuddur. Bundan başqa, belə görüşlərin keçirilməsində önəmli şərtlərdən biri də iki dövlətin öz arasında həll olunmasına ehtiyacı olan problemlərin həllini qarşılıqlı münasibətlə həll edə bilmələridir. Məsələn, qeyd etdiyiniz kimi Qazaxıstan bir bloka daxildir, deyilənə görə, Qırğızıstan da Avrasiya blokuna daxil olmağa çalışır. Bununla bağlı Türkmənistan heç bir blokun üzvü deyildir. Ancaq Türkmənistan ikinci dəfədir ki, türkdilli xalqların sammitinə qoşulur və əvvəlcə də Azərbaycan, Türkmənistan və Türkiyə baş nazirlər səviyyəsində birgə görüş keçirmişdir. Bunların hamısı təqdirəlayiq haldır. Yəni bu yolla iki dövlət arasında mövcud olan qarşılıqlı problemlər daha tez həll oluna bilər. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin statusu ilə bağlı problemlər öz həllini tapır. Türkmənistan heç vaxt Qağlıq Qarabağ problemi haqda danışmırdı. İndi Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkmənistan da bu proseslərə qoşulur. Yəni bunların hamısı təqdirəlayiq haldır, baxmayaraq ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin statusu ilə bağlı böyük problemlər mövcuddur. Bundan başqa, Azərbaycanda Xəzər dənizində böyük liman tikintisinə başlanıb, eyni zamanda Türkmənistanda da bu tikintiyə başlanıb. Bu gələcəkdə bizim ticari əlaqələrimizə böyük töhfələr verə bilər.
- Burada diqqət çəkən məqamlardan biri Özbəkistanın bu proseslərdən kənarda qalması idi. Sizcə, Özbəkistan niyə kənardadır?
- Özbəkistanda türkdilli xalqlarla etnik problemlər yaşanmışdı. Necə deyərlər, 1989-cu ildə Əmircan, sonra Fərqanə hadisələri - burada özbəklərlə etnik Mesheti türklərinə qarşı problemlər yaşanmışdı. Lakin olanlar heç də o demək deyil ki, bu, Özbəkistanla türkdilli xalqların bir araya gəlməsindən xəbər verir. Özbəklər böyükmiqyaslı, xarici inteqrasiyalı bir proyekt həyata keçiriblər. Bu, Əfqanıstana çəkilən dəmir yoludur. Bu dəmiryolu NATO-nun və ABŞ qoşun kontingentinin 2014-2015-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlıdır. Və eyni zamanda bu qoşunlar Əfqanıstandan çıxarıldıqdan sonra müəyyən silah növlərinin Özbəkistanda saxlanılmasına söz verilib. Və bu istiqamətdə Özbəkistan bu neytraliteti saxlamağa çalışır ki, sonradan NATO və başqaları elə hiss etməsinlər ki, türkdilli birləşmələrdən və digərlərindən ayrılır. Yəni Türkmənistan bu prosesə getdi, Özbəkistanın getməməsinə səbəb 30 milyonluq bir xalqın və eyni zamanda Özbəkistanın yerləşdiyi geopolotik ərazi istər hərbi baxımdan, istər digər baxımdan Mərkəzi Asiyanın ən strateji nöqtələrindən biridir. Mənim fikrimcə, 2015-ci ilə, yəni qoşunlar oradan çıxana və NATO-Özbəkistan məsələlərinə aydınlıq gələnə qədər ölkə bu bloklara qoşulmayacaqdır.
- Zirvə toplantısı başa çatdıqdan sonra həm bir sıra ikitərəfli və üçtərəfli görüşlər də baş tutdu. Bu görüşlərin əməkdaşlıq və əlaqələr baxımından bizim üçün əhəmiyyəti nədir?
- Biz dedik ki, Türkmənistan-Azərbaycan görüşü haqqında əsas iqtisadi, mədəni məsələlər həll edildi. Hər iki prezident tərəfindən Dağlıq Qarabağ münaqişəsinə bir daha münasibət bildirildi. Türkiyənin turizm sahəsində əldə etdiyi böyük nailiyyətlər və bir sıra mətləblərə toxunuldu. Ümumilikdə bu toplantı həmin dövlətlərin xeyirinə olan addım idi.
- Burada həm də xarici işlər nazirlikləri səviyyəsində görüşlər də keçirildi. Sizcə, bundan sonra bu birliyin qarşısında hansı məqsədlər dayanır və daha güclü olmaq üçün nələr edilməlidir?
- Əgər o birlikdə təmsil olunan dövlətləri bir-bir təhlil etsək, görərik ki, istər iqtisadi, istər humanitar cəhətdən sıxıntı yaşayan Qırğızıstana bu birliyin böyük köməyi ola bilər. Bayaq da vurğuladığım kimi, eyni dildə danışan, eyni soy-kökü olan millətlərin birliyinin yaradılması, necə deyərlər, müasir zamanın tələbinə uyğundur. Buna görə də bu birliyin fəaliyyəti alqışlanmalıdır.
- Tədbirdə qeyd olundu ki, bu birliyin yaranması zərurətdən doğdu. Bundan sonra bu zərurət dünyada bir-birini müdafiə etmək baxımından daha da güclü birliyin olmasını tələb edir...
- Bəli, son vaxtlar regionda baş verən proseslər, hərbi münaqişələr, Ukrayna, Gürcüstan, Abxaziya və digər hadisələr bir daha onu göstərir ki, bu ölkələrin birgə olması daha məqsədəuyğun olardı.
- Görüşdə prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Gömrük İttifaqında Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür etmişdi. Buna münasibətiniz?
- Məlumdur ki, Nazarbayev ilk dəfə Avrasiya qurumunun yaradılması haqqında fikri 1994-cü ildə irəli sürüb və demək olar ki, Avrasiya qurumunun yaranmasının öndəgedənlərindən biridir. Eyni zamanda bir dövlət başçısı olaraq sözünün kəsəri var. O, öz sözü ilə Ermənistan prezidenti və onun havadarlarını yerində oturda bildi, buna görə ona doğrudan da minnətdarlıq lazım idi. Məhz buna görə də Azərbaycan prezidenti çox müdrikliklə, uzaqgörənliklə öz minnətdarlığını Nazarbayevə çatdırdı.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR