Alim Qasımov: "Həmin adamları Allaha tapşırıram"
Dünya şöhrətli muğam ustadı, xalq artisti Alim Qasımovun Milli.Az-a müsahibəsi.
- Alim müəllim, necəsiniz, nə işlər görürsünüz?
- Hələlik bütün fəaliyyətimi dayandırmışam. İnşallah, sentyabrda görək nə edə bilirik.
- Yəqin ki, fürsətdən istifadə edib Şamaxıya - ata yurdunuza da baş çəkdiniz?
- Orada sən deyən elə bir ata yurdum yoxdur. Şamaxıda balaca bir komamız var. Hərdənbir gedib baş çəkirik.
- O da yurddur da, Alim müəllim.
- Hə də, Allahın qismətidir.
- Bakıda mühit sizi sıxmır ki?
- Mən indi Bakıda deyiləm. Güzdəkdəyəm, ata yurdumda.
- Mətbuatın yazdığına görə, Meksikaya səfəriniz olacaq.
- Hə, bir aylıq səfərimiz var Meksikaya.
- Nə vaxt gedirsiniz?
- Dəqiq bilmirəm. Amma avqustun 28-də öyrənəcəyəm. Səhv etmirəmsə, oktyabr ayında olmalıdır.
- Əksər gənc ifaçıların arzusudur ki, sizinlə duet oxusunlar. Yaxın vaxtlarda belə bir şey mümkündürmü?
- Gənc ifaçılarla bir neçə dəfə duetlərimiz olub. İnşallah, yeni mövsümdən belə duetlərin olması da mümkündür.
- Bəs həmin müraciətləri hansı meyarla qəbul edirsiniz?
- Qulaq asıram, görürəm ki, ifası, əhval-ruhiyyəsi yaxşıdır, qəbul edirəm.
- Bəzən isə sənətkarlar gənc xanəndələrlə, müğənnilərlə duet oxumaqdan boyun qaçırırlar, çəkinirlər.
- Musiqi yaxşı olanda məmnuniyyətlə razılıq verirəm. Birləşirik, bir şey yaradırıq.
- Nə vaxtsa estrada janrında özünüzü sınamağınız mümkündür?
- Dəqiq bir söz deyə bilmərəm. O baxır musiqinin necə yazılmağına. Yaxşı bir sənət əsəri olsa, estrada da oxuyaram.
- Gənc müğənnilərdən, xanəndələrdən kimlərə qulaq asırsınız?
- Kiminsə diskini alıb qulaq asmıram. Amma ötəri, maşında, radioda xoşum gələn nəsə olanda dinləyirəm. Qulağıma, ruhuma xoş olan bütün musiqilərə qulaq asıram.
- Afrika musiqisi olsa belə?
- Yüz faiz. Lazım olsa, onu lap axtarıb tapıram da.
- Əksəriyyət düşünür ki, xarici qastrollardan yetərincə böyük məbləğdə pullar alırsınız. Doğrudanmı belədir?
- Bizdə konkret məbləğ olmur. Bu dəqiqə dünya özü də kasıblaşıb. Allah bir tikə ruzimizi yetirir, dolandırır. Min şükür.
- Hazırda sizin ifanıza, yolunuza yaxın kimləri görürsünüz?
- Zabit Nəbizadənin, Mütəllimin adını çəkə bilərəm. Elələri də var ki, heç adını bilmirəm. Bəzilərinin ifalarında da mənim ifama yaxınlıq hiss edirəm. Amma onları demirəm. Çünki həmin şəxslər özləri də istəmirlər desinlər ki, Alimin sənətindən qidalanıblar.
- 90-cı illərin əvvəlindən etibarən muğamı tamaşaçıya fərqli üslubda təqdim etməyə başladınız və həm də dünyaya tanıtdınız. Yadımdadır ki, sizə qarşı tənqidlər, qısqanclıqlar başladı. Həmin ərəfədə həm sənəti davam etdirmək, həm tənqidlərə dözmək çətin deyildi ki?
- Heç vaxt nə qısqanclıqlara, nə tənqidlərə cavab verməmişəm. Həmişə düşünmüşəm ki, haqq yerini tapacaq. Düşündüyüm kimi də olub və hər şey öz yerini tutub.
- Yəqin ki, indi də belə münasibəti hiss edirsiniz.
- Hiss edirəm və olmalıdır. Belə şeylərə təbii hal kimi baxıram. Əgər kimsə qərəzlidirsə, Allah özü cavabını verər. Allaha tapşırıram. Amma kimsə sənət naminə tənqid edirsə, bunu özüm də istəyirəm.
- Hesablamısınızmı ki, dünyanın neçə ölkəsində olmusunuz?
- Dünyanın 20 faiz ölkələrində olmamışam. Yerdə qalan 80 faiz dövlətləri gəzmişəm.
- Elə bir ölkə varmı ki, orada konsert vermək istəyəsiniz?
- Məşhur ölkələrin hamısında olmuşam. Elə bir arzum yoxdur. Arzumdur ki, işğal altında olan rayonlarımızda, kəndlərimizdə olum, konsertlər verim.
- Yeri gəlmişkən, son günlər cəbhədə vəziyyət gərgindir. Baş verənləri mətbuatdan izləyirsinizmi?
- Necə deyərlər, qulaq günahkarıyam. Allah qoysa, haqq yerini tapacaq.
- Alim müəllim, nəvələrinizdən sizin yolunuzu davam etdirmək istəyəni varmı?
- Hələlik özləri üçün zümzümə edirlər. Görürəm ki, imkanları var. Amma tənbəllikdən ortalığa çıxmayıblar.
- Yəqin ki, oxumaq istəsələr, mane olmayacaqsınız.
- Yox, mane olmaram.
- Nəvələrlə necə yola gedirsiniz?
- (gülür) Elə mən də nəvə ağıldayam da. Bir-birimizi yola veririk.
- Toylara gedirsiniz?
- Nadir hallarda tanış, yaxın, ürəyi istəyən adamların məclisində iştirak edirəm.
- Sonda yaxın zaman üçün yaradıcılıq planlarınızı bilmək maraqlı olardı.
- Özümü “söndürmüşəm”, sentyabrda özümü “xodlayacam”. Görüm nə edə bilirəm. Sənət üçün bacardığım nə varsa, edəcəyəm.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR