» » “Agentliklər xəbərlərimizi oğurlamaqla məşğuldular” - MÜSAHİBƏ

“Agentliklər xəbərlərimizi oğurlamaqla məşğuldular” - MÜSAHİBƏ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 sentyabr 2014
//
Bölmə: Müsahibə
“Agentliklər xəbərlərimizi oğurlamaqla məşğuldular” - MÜSAHİBƏ




“Rəşad Məcid olmasaydı, Modern.az bu gün bəlkə də, olmazdı”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlının AzNews.az-a müsahibəsi:

- Elşad müəllim, sentyabrın 1-i Modern.az-ın 5 yaşı tamam olur. Əvvəlcə sizi və rəhbərlik etdiyiniz kollektivi AzNews.az adından təbrik edir, müvəffəqiyyətlər arzulayırıq. Bəllidir ki, bu illər ərzində kifayət qədər nüfuz qazanmısınız və ciddi bir imiclə fəaliyyət göstərirsiniz. Amma istərdik bu 5 il müddətində hansı uğurları qazandığınızı öz dilinizdən eşidək...

- Təşəkkür edirəm təbrikinizə görə. 5 yaş Modern.az üçün böyük bir zaman və həm də belə baxanda çox kiçik bir vaxtdır. Bu illər ərzində hesab edirəm ki, rəhbəri olduğum sayt ölkənin media bazarına daxil ola bilib. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, rəhbəri olduğum sayt ölkə mətbuatında müəyyən mənada öz sözünü deyib. Təbii ki, qarşıya qoyduğumuz hədəflərə tam çata bilməmişik. Amma hər halda öz ciddi xəbərləri ilə və o cümlədən etibarlılıq məsələsində Modern.az saytının ölkəmizin media bazarında müstəsna yeri var. Buna sübut olaraq deyə bilərəm ki, hər hansı bir dövlət qurumu ilə bağlı saytımızda məlumat gedəndən 5-10 dəqiqə sonra həmin məsələyə müvafiq təşkilatdan konkret reaksiya verilir. Bir sözlə, şou, erotika, dezinformasiya xəbərlərin baş götürdüyü indiki vaxtda etibarlılıq məsələsini saytımız qazanıb.

- Təbii ki, bu işlər problemsiz ərsəyə gəlmir...

- Əlbəttə... Sözüsüz ki, iş varsa, çətinliklər də var. Bu illər ərzində xeyli çətinliklər keçmişik. Saytın ikinci ilində bağlanmaq təhlükəsi var idi. Burada konkret ad çəkəcəm. O vaxt “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid olmasaydı, yəqin ki, bu gün Modern.az saytı olmayacaqdı. O, saytın çətin günündə "davam edin!" dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, "bir az güclü və səbirli olmaq lazımdır". Həmin vaxt əməkdaşlara əmək haqqı belə, vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da tez-tez təkrar olunur.
Biz gənclərlə işləməyə daha çox üstünlük veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi məsələsində xeyli problemlərimiz olduğuna görə, bunu edə bilmirik. Bir sözlə, çətinliklər və yaxşı günlərimiz olur. Keşməkeşli yollarla gəlib 5 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki, internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək asan məsələ deyil. O mənada sıradan sayt olmaq təbii, bizim arzu və istəyimiz deyil.

- Xəbər portallarında “kopiyalama” xəstəliyi sürətlə yayılır. Bəziləri bunu xəbər qıtlığı ilə əlaqələndirirlər. Siz də xəbər qıtlığı hiss edirsinizmi?

- Bəzi sayt rəhbərləri hansısa bir xəbərin və yaxud yazının onlara rəqib olmadığını deyirlər. Açıq şəkildə deyirəm ki, dostlarımız birmənalı şəkildə bilməlidirlər ki, onlara xəbərlər "podnosda" göndərilir. Amma bu günə qədər bizə "podnosda" hər hansı bir xəbər verilmədiyinə görə də müəyyən problemlərimiz olub. Hazırda da bu problemlər yaşanmaqdadır. Amma hesab edirəm ki, iş varsa, problemlər də var. Bunun öhdəsindən də gəlməyi qarşımıza məqsəd qoymuşuq. Xəbər qıtlığı ola bilməz. Xəbər həmişə var, onu tapıb cəmiyyətə təqdim etmək lazımdır. Bununçün də çalışmaq, zəhmət çəkmək gərəkir.

- Gələcəkdə hansı planlarınız var? Hədəfləriniz daxili bazardadır, yoxsa xarici ölkələrdə də tanınmaq, istinad mənbəyinə çevrilməyi arzulayırsız?

- General olmaq istəməyən əsgərin qəhrəman olmasına inanmıram. Biz istərdik ki, Modern.az daha qabağa getsin. Qafqazda və dünyanın hər bir yerində tanınsın. Amma istəklə imkanlar bəzən üst-üstə düşmür. Gələcəkdə Modern.az saytında müxtəlif xarici dillərdə xəbərlərin verilməsini istərdik. Bugün maddi imkanımız hələ ki, həmin istəyi arxa plana keçirib. Digər tərəfdən bizdə gedən yazılara dəfələrlə ermənilər reaksiya veriblər. Almaniya, Türkiyə və dünyanın ayrı-ayrı yerlərindən reaksiyalar olub. Bu gün Modern.az-ın maddi imkanın o qədər yaxşı olmadığından, saytın daha öndə getməsi üçün arzularımızı sandığa qoyub saxlayırıq.

- Daxili bazarda hansı xəbər saytını Modern.az-a rəqib görürsünüz?

- Demək olar ki, ölkədə hər gün yeni xəbər portalları yaranır. Buna da çox sevinirəm. Desəm ki, bəzi xəbər saytlarına rəqib kimi baxmıram, bu, səmimi cavab olmaz. Təbii ki, öndə gedən saytlarımızla rəqabət var. Amma bizim getdiyimiz yolda bizə rəqiblər çox azdır. Bizim aparıcı saytların və agentliklərin rəhbərləri var ki, Modern.az hansısa maraqlı xəbər verəndə buna qısqanclıqla yanaşırlar. Məndə isə qısqanclıq yoxdur. Açıq şəkildə deyə bilərəm ki, Azərbaycanda saytların 90 faizindən çoxu şou xarakterli xəbərlərə üstünlük verirlər. Amma Modern.az ölkəmizdə özünə məxsus üslubu və yolu olan saytdır. Bizim üslubumuzda gedə biləcək xəbər portalı görmürəm. Bunun da səbəbi var. Azərbaycanda bəlkə də 5 jurnalist ola bilər ki, mənim qədər informasiyalı olsun. Amma mən informasiyanın heç birini dəqiqləşdirməmiş verə bilmərəm. Bəzi həmkarlarımız harada nə eşidirlərsə, dəqiqləşdirməmiş sayta yerləşdirirlər. Bu kimi məsələlər şəxsən Modern.az saytından uzaqdır.

- Bu günün KİV mətbəxində aktual problemlərdən biri də xəbərlərin oğurlanması, istinad edilməməsi problemidir. Sizin də xəbərləriniz tez-tez oğurlanırmı?

- Hər bir mükəmməl xəbər hansısa bir saytda yerləşdiriləndə biz təbii ki, bunu istinadla götürüb saytımızda veririk. Çünki burada jurnalistin və saytın öz əməyi var. Bu gün artıq xəbəri bizdən götürüb özlərinin malı kimi öz saytlarına yerləşdirənlərin sayı kütləvi şəkil alıb. Modern.az başlayanda bu cür hallarla rastlaşanda zəng vurub, xəbərə istinad etdirə bilirdik. Amma hazırda bu məsələ kütləvi hal alıb. Vaxt edə bilmirik ki, sözügedən saytlara zəng edib, istinad elətdirək. Bu məsələ də ölkə mətbuatında ciddi problem olaraq qalır. Hesab edirəm ki, əksər aparıcı sayt redaksiyaları bu problemlərlə üzləşir. Bunun qarşısı alınmalıdır. Dəfələrlə olub ki, anspress.az bizim saytımızda xəbəri götürərək istinadsız verib. Özəl olaraq xəbər öncə Modern.az və yaxud digər saytlarda çıxırsa, başqa saytlar niyə istinadsız bu xəbəri verməlidirlər ki? Aparıcı informasiya agentlikləri də bəzən bu cür hallara əl atırlar. Modern.az-dakı xəbəri aparıcı agentliklər istinadla verməyi özlərinə sığışdırmır və istinadsız verirlər. Hesab edirəm ki, bütün KİV-lər istinad məsələsinə həmrəyliylə yanaşsa, daha yaxşı olar.

-Yeri gəlmişkən, Modern.az üçün əsas “İP”dir, yoxsa xəbər?

- Modern.az heç zaman “İP” dalınca qaçmır. “İP” bütün saytlar kimi bizdə də önəmli məsələdir. Amma mən milli maraqlarımızın əleyhinə olan xəbərlərlə “İP” yığmağın əleyhinəyəm. Bu gün ölkədə fəaliyyət göstərən saytların “İP”də ciddi problem var. Bəziləri erotik, porno xəbərlər yaymaqla, bəziləri də xüsusi robort kompüterlər vasitəsi ilə saytın “İP”nin artırılması ilə məşğuldurlar. Amma Modern.az saytı heç zaman bu cür yollarla oxucu sayı toplamır.

- Nədənsə Modern.az-da reklamlar azdır... Şirkətlər media ilə işləməyə cəhd etmir?

- Bəzi xəbər saytları yuxarıda qeyd etdiyim kimi, oxucu deyil, müxtəlif yollarla “İP”ni qaldırıb şirkətlərdən reklam alırlar. Bəzi şirkətlər də “İP”si cüzi olan xəbər saytlarına reklam verirlər. Adam bunu görəndə lap dəhşətə gəlir. Bu onu göstərir ki, sayta hər hansısa bir şirkətdən reklam almaq üçün gərək, özünün şəxsi imkanlarından istifadə edəsən. Azərbaycanda reklam bazarında ciddi problemlər yaşanır. Bu gün media orqanlarına reklam verən şirkət özlərinin xeyrinə deyil, şəxsi münasibətlərə daha çox üstünlük verirlər. Hər bir xarici ölkələrdə iri transmilli və eyni zamanda yerli şirkətlər sosial məsələlərlə bağlı vəsait ayırırlar. Bu vəsaitlərin müəyyən hissəsi mediada reklama yönəldilib. Azərbaycan mediasının bu məsələdə Türkiyə təcrübəsindən yararlanması kifayət qədər yaxşı hal olardı və hesab edirəm ki, bu da saytların inkişafına müəyyən dərəcədə müsbət təsir göstərə bilər.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125