Bakıda dövlət qeydiyyatına alınmayan dərmanlar satılır - Qiymətləri isə bahalaşıb Read more: https://sputnik.az/health/20200220/423199051/bakida-dovlet-qeydiyyatina-alinmayan-dermanlar-satilir-qiymetler-ise-bahalashib.html
""Salofalk-500 mq" və "Ventolin Nebules" dərman preparatının qiyməti tənzimlənmir. Bu dərman preparatları dövlət qeydiyyatına alınmalıdır ki, qiymətinin tənzimlənməsi mümkün olsun"
Paytaxt apteklərində bəzi dərman preparatlarının qiyməti bahalaşıb. Sputnik Azərbaycan-a Bakı şəhər sakini Telman Quliyevin verdiyi məlumata görə, bir neçə ay öncə 72 manata aldığı dərman bahalaşaraq 107 manat olub: ""Salofalk-500 mq" adlı dərman preparatının əvvəllər 100 ədədi 56 manata satılırdı. Bir müddət sonra bu dərman bahalaşaraq 72 manat oldu. Bir həftə əvvəl isə dərmanı 107 manata almışam".
Paytaxt sakini deyir ki, dərman preparatlarının qiymətində son vaxtlar bahalaşma müşahidə olunur.
Qiyməti bahalaşan dərman təkcə "Salofalk-500 mq" deyil. "Ventolin Nebules" dərman preparatının da qiymətində artım müşahidə olunur. 20 manata satılan dərman vasitəsi indi 60 manata satılır.
Sputnik Azərbaycan bəzi dərman preparatlarının qiymətindəki artımın səbəblərini araşdırıb. Tarif Şurasından (Qiymət) Sputnik Azərbaycan-a bildiriblər ki, Şura ancaq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləyir. "Salofalk-500 mq" və "Ventolin Nebules" dərman preparatlarının isə qiyməti tənzimlənmir. Şuradan bildirdilər ki, bu dərman preparatları dövlət qeydiyyatına alınmalıdır ki, qiymətinin tənzimlənməsi mümkün olsun. Qiymət Şurasından həmçinin qeyd etdilər ki, bu dərmanların ölkəmizə dövlət qeydiyyatına alınmamış gətirilməsi isə qadağandır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, "Salofalk-500 mq" və "Ventolin Nebules" adlı dərmanlar Dövlət Reyestrində qeydiyyatdan keçməyib.
Apteklərdən isə Sputnik Azərbaycan-a bildiriblər ki, adıçəkilən dərman preparatları son aylar ölkəmizə az gətirildiyindən qiymətində artım müşahidə olunur. Əlaqə saxladığımız bir neçə aptekdə isə daha bu dərman preparatının gətirilmədiyini söylədilər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR