Botanika bağında ağac "qırğını"...
AMEA-nın prezidenti görəsən bu fakta niyə reaksiya verməyib?
Bu günlərdə facebook-da, sonra isə ANS-in “İç xəbər” proqramında AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar və reportaj yayılıb. Bakının hansısa məhəlləsində deyil, məhz Milli Elmlər Akademiyasının Botanika bağında ağacların kəsilməsi haqlı olaraq ciddi səs-küyə səbəb olub.
Bunun ən başlıca səbəbi, şübhəsiz ki, təbiətin qorunmasına cavabdeh olan, bu kimi faktları yeri gələndə qınamalı olan bir qurumun öz əhatə dairəsində təbiətə qənim kəsilməsi idi. Hadisədən sonra Botanika bağının rəhbərliyi bəzi KİV-lərə açıqlamasında deyib ki, heç bir ağac kəsintisindən söhbət gedə bilməz.
Bir sözlə, ciddi-cəhdlə faktı təkzib etməyə çalışıblar. Amma məhz facebook-da yayılan fotolar və “İç xəbər”dəki reportaj ağacların məhz bu bağda kəsilməsini əks etdirib. Görünən kəndə bələdçi lazım olmadığı kimi, təbii ki, fotolarda və “İç xəbər”dəki reportajda əks olunan ağac kəsintisini təkzib etmək mümkünsüzdür. Bu, məsələnin bir tərəfi.
Əlbəttə, müvafiq qurumlar bu faktı araşdırıb nəticəni açıqlayacaq. Botanika bağının rəhbəri Vahid Fərzəliyevin təkzibinə gəldikdə, görünür, o, faktın ciddi səs-küyə səbəb olduğunu düşünərək belə tez reaksiya verib.
Modern.az saytının apardığı araşdırma zamanı da bir neçə gün öncə Botanika bağının ərazisində ağacların kəsilməsi faktı təsdiqlənib. Ona görə də sual yaranır: AMEA-nın prezidenti, görəsən, bu ağaclar kəsiləndə niyə reaksiya verməyib?
Suala cavab olaraq iddia etmək mümkündür ki, əraziyə göz dikənlərlə rəhbərliyin əvvəlcədən razılaşması olduğundan reaksiya verməyib. Digər tərəfdən, bəlkə də rəhbərliyin ağacların kəsilməsindən xəbəri olmayıb, yaxud bu qanunsuzluğu edənlər heç onunla məsləhətləşməyiblər də. Onda başqa sual ortaya çıxır: AMEA-nın prezidenti, Botanika bağının mühafizəsinə cavabdeh olanlar niyə bu qanunsuzluğa reaksiya verməyiblər?
Söhbət hansısa yiyəsiz ərazidən getsəydi, ağacların səssiz-səmirsiz kəsilməsini başa düşmək olardı. Ancaq söhbət hasarlanmış böyük bir ərazidən - qapısında polis dayanan sahədən gedir.
Bir daha qeyd edirik: Botanika bağının mühafizəçiləri niyə ağacların kəsilməsinin qarşısını almayıb? Yəqin həm AMEA-nın, həm Botanika bağının rəhbərliyi, həm də müvafiq qurumlar bu biganəliyin səbəbini tezliklə açıqlayacaq. Təbii ki, Botanika bağının rəhbəri Vahid Fərzəliyevin iddia etdiyi kimi, ağacların kəsilməsi yox, çıxarılıb başqa yerə köçürülməsi faktının da nə dərəcədə həqiqət olduğu da onda bilinəcək.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR