» » GÜNAHKAR İŞDƏN QOVULAN DİREKTORDU? – MİLLƏT VƏKİLİ

GÜNAHKAR İŞDƏN QOVULAN DİREKTORDU? – MİLLƏT VƏKİLİ

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 aprel 2019
//
Bölmə: Sosial
 GÜNAHKAR İŞDƏN QOVULAN DİREKTORDU? – MİLLƏT VƏKİLİ


14 yaş özlüyündə psixoloji dəyişimin sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyil və s. ən sərt qaydalarını uşaqlara yoluxdurur.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirərkən deyib. O, məktəblinin intiharında bir faktorların rolu olduğunu bildirib:
“Doğrudur, “günahkar kimdir” sualının cavabını hüquqi anlamda istintaqın gedişi müəyyən edəcək. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri “günah keçisinin” varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi? Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır. Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi? Ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır. Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. 2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s.”
Millət vəkili qeyd edib ki, ailə ilə məktəb arasındakı uçurumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür:
“50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri-ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik. Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər, məktəb yoldaşlarının lağlağısı, ailədəki psixoloji sarsıntı və yaxud şantajı da səbəb ola bilər. Hətta bəlkə də bu məsələdə ən günahsız “köntöy” ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları və ailələrdəki vəziyyəti bir kənara qoyuram. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir. Drektorlarla da, müəllimlərlə də çoxlu təmaslarım olur. Vallah, intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi direktora, müəllim obrazına bənzəmirlər. Bu təyinatların doğru meyarını tapmaq lazımdır. Şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yoxdur. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil”.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.kult.az
banner125x125 banner125x125