» » Rəbiyyət Aslanovadan hüquq müdafiəçilərinə CAVAB: “Əfv sizlik deyil”

Rəbiyyət Aslanovadan hüquq müdafiəçilərinə CAVAB: “Əfv sizlik deyil”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Rəbiyyət Aslanovadan hüquq müdafiəçilərinə CAVAB: “Əfv sizlik deyil”



“Milli Məclisin İnsan hüquqları komitəsi cəmiyyətin həyatında müsbət rol oynayacaq müzakirələrə hər zaman açıqdır. Biz mütəmadi olaraq hüquq müdafiəçiləri ilə görüşürük, onlarla ayrı-ayrı məsələlərin birgə müzakirəsini həyata keçiririk. Düşünürəm ki, ədalətli olmayan məsələlərin müzakirəsinə vaxt itirməyin yeri və zamanı deyil”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova prezidentin sonuncu əfv sərəncamından sonra hüquq müdafiəçilərinin narazılıqlarını şərh edərkən bildirib.

“Əfvə düşən insanların gələcək taleyi ilə əlaqədar bütün səlahiyyətlər prezidentə aiddir. Bu insanların həbs yerində özlərini aparması, islaholunma dərəcələri, onların prezidentə müraciəti əfv prosesinin gerçəkləşməsinə imkan verən şərtlərdir”-deyə Komitə sədri vurğulayıb.

R.Aslanovanın sözlərinə görə, əfv olunma hansısa hüquq müdafiəçilərinin istəyilə həyata keçirilmir. “Siyahılar müxtəlif ola bilər. O siyahılarda olan insanlar sadalanan kriteriyalara cavab verməyə bilər. Bu baxımdan kimlərinsə, “siyahı tutmuşuq, bu siyahıda olanlar əfv olunmalıdır” istəyi qətiyyən məqsədəuyğun deyil və həqiqətə də cavab vermir. Əfv olunan insanlar həbs yerində törətdikləri cinayətin ağırlığını dərk eləyən və bununla əlaqədar olaraq yenidən cəmiyyətə inteqrasiya etmək arzusunda olaraq möhtərəm prezidentə müraciət edən insanlardır”.

R.Aslanova bildirib ki, hüquq müdafiəçilərinin müxtəlif siyahılar təqdim etməsi və bununla əlaqədar olaraq narazılıqlar bildirməsi düzgün deyil. “Prezident hər zaman ən yüksək humanizm göstərir. O insanların öz ailələrinin, doğmalarının yanına qayıtması, gələcəkdə hüququn bütün prinsiplərini rəhbər tutaraq yaşaması üçün onlara çox ciddi etmad göstərilir. Bu gözəl bir ənənədir”.

Millət vəkili həmçinin vurğulayıb ki, hər zaman kimlərinsə gözləntisi özünü doğrultmayanda narazılıq edir, lakin obyektiv olmaq lazımdır.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da əfv sərəncamı imzalayıb. Bir sıra hüquq müdafiəçiləri təqdim olunan siyahıdakı şəxslərin əfvə düşməməsindən narazı qalıblar.


QafqazPRESS.az
banner125x125 banner125x125