» » Başımızı yerə soxan rəqəmlər

Başımızı yerə soxan rəqəmlər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Başımızı yerə soxan rəqəmlər


Buraxılış sinfi şagirdlərinin az qala yarıdan çoxu "Ana dili"ndən nə üçün "iki" almalıdır?
Dəhşət statistikası həyəcan təbili çalmağa əsas verir.

“Ötən il orta məktəblərdə aparılan buraxılış imtahanlarının nəticələrini təhlil edərkən gördük ki, burada vəziyyət biz düşündüyümüzdən də pisdir”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə söylədiyi bu fikirlər növbəti tədris ilində, yəni 2013-14-cü ildə nisbətən yaxşı nəticələrin əldə edilə biləcəyinə ümidlər də yaratmışdı. Amma builki buraxılış siniflərinin təkcə "Ana dili" fənnindən aldığı qiymətlər olan-qalan ümidin üzərindən də sanki xətt çəkdi. Belə ki, 22.431 IX sinif şagirdindən 9976-sı “Ana dili”dən “3”, 6481-i isə “2” alıb. 17.165 XI sinif şagirdindən 6397-si “Ana dili”ndən “3”, 3312-si isə “2” alıb. Eləcə də TQDK-nın iyunun 29-da təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının statistik nəticələri də ürəkaçan olmayıb. Belə ki, 1569 IX sinif şagirdinin iştirak etdiyi buraxılış imtahanında 678 şagird “Ana dili”ndən “3”, 692 şagird “2” alıb. 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, 2689 XI sinif şagirdin 965-inin “Ana dili”ndən qiyməti “3”, 1599-unun isə “2” olub.

İstər-istəməz sual yaranır: orta məktəb şagirdlərinin daha əhəmiyyətli olan Ana dilini mənimsəmələrində hansı problemlər mövcuddur? Həmin problemlər tədrislə bağlıdırmı? Bəlkə, ekspertlərin dediyi kimi, təhsilin bütövlüklə ana dilinə keçirilməməsi problemlər yaradır? Yoxsa ümumən ailədən və ya cəmiyyətdən qaynaqlanan laqeydlik şagirdə də sirayət edir? Ya bəlkə qloballaşan dünyada əcnəbi dillərə olan sevgimiz doğma dilimizə özgə münasibətə rəvac verib? Tez-tez “ədəbiyyat oxunmur” deyə ünvanını axtardığımız şikayətlərin elə əsas ucu bu problemə dirənmirmi? Elə isə ziyalıların, pedaqoqların, dilçi alimlərin problemlə bağlı arqumentləri nədir? Problemin məsuliyyəti kimin üzərinə düşür?

Valideyn, məktəb və cəmiyyət

Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri (ADQ), millət vəkili Sabir Rüstəmxanlı deyir ki, şagirdlərin zəif nəticə əldə etməsində təkcə onların Ana dilinə marağının azalması rol oynamır. Belə ki, dilimizə cəmiyyətin, valideynlərin marağı azalıb. Hara gedirlərsə, uşaqlardan yabançı dil bilgisi soruşulur. Onun Ana dilində danışa bilməməsi, düz və ya səhv yazması heç kimi maraqlandırmır: "Ana dili öz ölkəmizdə tədricən lazımsız dilə çevrilib. Ona görə də heç kim əhəmiyyət vermir. Orta məktəb müəllimlərinin səviyyəsi aşağıdır. Onlar dilin tədrisi ilə maraqlanmırlar. Bunlar hamısı bir-biri ilə bağlı məsələlərdir".

ADQ sədri rəhbərlik etdiyi qurumun Ana dilinin qorunması və dilin qaydalarına riayət olunması ilə bağlı illər uzunu həyəcan təbili çaldıqlarını bildirib: "Biz həyəcan siqnalı veririk ki, dil bu cür tədris oluna bilməz. Dilə qarşı sevgini bu cür öldürmək olmaz. Hazırda uşaqlar ingilis və rus dillərinə elə həvəs və maraqla gedirlər ki, sanki sabah-birigün bu məmləkətin əsas dili bu dillər olacaq. Belə bir psixoloji durum yaradılıb”.

S.Rüstəmxanlının fikrincə, ölkədəki rus məktəblərində Azərbaycan dilinin öyrədilməsi daha fəlakətli vəziyyətdədir. Belə ki, bu, ciddi narahatçılıq doğurur və ölkədə öz mənəvi dəyərlərimizə münasibəti göstərir: “Şəhərin küçələrinə baxın, İçərişəhərə girin, baxın görün, Azərbaycan dilində hansısa bir reklam tapa bilərsinizmi? Ümumiyyətlə, reklamların 95 faizi yabançı dillərdədir. Uşaqlar da hər gün bu reklamları görürlər. Adətən, uşağa bir şeyi öyrədərsən, maraqlı olar, öyrətməzsən - yox".

Millət vəkili hesab edir ki, Azərbaycan dili üzrə zəif göstəricilərin əldə edilməsinin əsas təqsirkarı valideyn, məktəb və cəmiyyətdir. "Hər kəs öz vəzifəsini yerinə yetirməlidir. Valideynin borcudur ki, uşağına Ana dilini evində öyrətsin və sevdirsin. Müəllimin borcu dili məktəbdə yaxşı tədris etməkdir. Cəmiyyət də qanuna hörmət etməlidir. Bu, dövlətimizin rəsmi dilidir və Ana dilimizə hörmət olmalıdır. Bütün bunlar olandan sonra hər şey öz yerini tutar".

Millət vəkilinin fikrincə, bu gün ədəbiyyata marağın azalmasının da səbəbi uşaqların öz Ana dilinə etinasızlığı ilə bağlıdır. Belə ki, Ana dilinə məhəbbət onların ədəbiyyata olan münasibətini üzə çıxarır: "Ana dilini öyrənmə səviyyəsi aşağı olanda bu, ədəbiyyata da təsir edir".

Dil də, milli ədəbiyyat da zəif təbliğ olunur

“Buraxılış siniflərinin "Ana dili" fənnindən aldığı qiymətləri biləndə dəhşətə gəldim”- deyən AMEA Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli “Kaspi”yə açıqlamasında belə bir nəticənin ilk dəfə olmadığını da qeyd edib. Belə ki, əvvəlki illərdə də orta məktəb şagirdlərinin, eləcə də buraxılış siniflərinin Azərbaycan dili ilə bağlı göstəriciləri çox aşağı olub:

“Bunun əsas səbəblərdən biri odur ki, biz dilimizi lazımi səviyyədə tədris edə, dilimizi sevdirə bilmirik. Dilimizin bizim milli varlığımızın ifadəsi olduğunu şagirdlərin ruhuna aşılamağı bacarmırıq. Digər tərəfdən, dilin qloballaşma şəraitində tətbiqi ilə bağlı Dövlət Proqramı qəbul olunmasına, “Azərbaycan dili” haqqında qanun qəbul edilməsinə baxmayaraq, təəssüflənirsən ki, bu, bütövlükdə cəmiyyətin canına hopmayıb. İnsanlarımız Azərbaycan dilində danışmağı, yazmağı özləri üçün həyatı zərurət kimi qəbul etmirlər. Təəssüf ki, dilə sevgi yoxdur. Dilin statusu ilə bağlı çox məsələlər həll olunub. Yenə də çox böyük qanunlar qəbul etmək olar, ancaq əgər bu dilin daşıyıcıları onu sevib yüksəyə qaldıra bilmirlərsə, qanuna riayət etmək də çətin olacaq”.

Sovet dövründə dilin statusu uğrunda gizli və ya açıq şəraitdə çox böyük mübarizə getdiyini və artıq bu statusu əldə etdiyimizi xatırladan Q.Məhərrəmli Ana dilimizə layiq olan hörmət və ehtiramı göstərə bilmədiyimizə təəssüfünü bildirib: “Orta məktəb üçün dillə bağlı normal dərsliklər və qabaqcıl müəlliflər var. Ancaq sistem elə qurulub ki, şagirdlər dillə bağlı orta məktəbdən zay məhsul kimi çıxırlar". Professorun fikrincə, bununla bağlı fundamental işlərin görülməsinə ehtiyac var. Belə ki, dilimizə hörmət, ehtiram və sevgi ailə, məktəb və cəmiyyətdə kompleks şəkildə həyata keçirilməlidir: "Xalqın hər bir nümayəndəsi bilməlidir ki, bu dil onun milli varlığının ifadəsi, mövcudluq forması, ləyaqətidir. Bunu dərk etməyincə bizə çətin olacaq”.

Q.Məhərrəmli hesab edir ki, ümumiyyətlə, Ana dilimiz zəif təbliğ olunur: “Uşaq küçəyə çıxıb hər tərəfdə ingilis dilində yazılar görür. Böyük monitorlarda Azərbaycan dili ilə bağlı heç nə yoxdur. Bir var, dildə, şüarda sevgi, bir də var, içəridə, ruhda olan sevgi. İkinci olmadığına görə biz bu cür çətinliklərlə üz-üzəyik". Q.Məhərrəmli hesab edir ki, Azərbaycan dilinin öyrədilməsində məktəbin üzərinə böyük vəzifə düşür. Belə ki, dərslər Azərbaycan dilində keçirilir, bu dildə dərsliklər, qaydalar, orfoqrafiya lüğəti və s. var. “Biz düşünməliyik ki, hansı nöqtədə və hansı boşluqlar var ki, şagird onu çox zəif bilir. Şagird niyə dili sevmir? Niyə dilə sevgini dərk eləmir? Görünür, biz bir qədər dərinliklərə enməliyik. Türkiyədə "Türk dili və mədəniyyəti festivalı" keçiriləndə Afrikadan gələn insanlar türkcə şeir deyəndə, adam kövrəlir. Necə olur ki, hər hansı bir dili sevdirmək üçün ən müxtəlif formalardan istifadə olunur, ancaq Azərbaycan dili ilə bağlı biz bu cəfakeşliyi göstərə bilmirik? Mənə elə gəlir ki, bu, çox ciddi məsələdir”.

Professorun fikrincə, dilin təbliğinin formaları tapılmalıdır. Mətbuat, sosial şəbəkələr dillə bağlı diskussiyalar təşkil etməlidir”. Q.Məhərrəmlinin fikrincə, öz Ana dilində ədəbiyyat oxumaq insanın təfəkkürünə, nitqinə, düşüncəsinin formalaşmasına təsir edir. Belə ki, o, bu dilin vasitəsilə duyur və fikrini ifadə edir: “Ədəbiyyat oxumayandan sonra onun söz ehtiyatı, düşüncəsinin hüdudları necə genişlənə bilər? Bunlar bir-biri ilə əlaqədardır. Dil də, milli ədəbiyyat da zəif təbliğ olunur. Sanki internet, televiziya, radio, qəzetlər, internet portalları dilin əleyhinə olan bir vasitəyə çevrilib".

Özgələrin dalınca qaça-qaça

“Hamının başı ikinci dərəcəli problemlərə qarışdığından bir növ böyüməkdə olan nəslin taleyi unudulub. Belə ki, azərbaycançılıq konsepsiyamız, dövlət ideologiyamız olsa da, bu, yetərli deyil” deyə hesab edən alimlər də var. “Bağçada uşaqların, orta məktəbdə şagirdlərin, ali məktəblərdə tələbələrin tərbiyəsi üçün vahid konsepsiya yoxdur” deyən professor Nizaməddin Şəmsizadə hesab edir ki, Ana dilini bilmək hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir: “Həm Azərbaycan, həm də rus bölmələrində Ana dili mütləq şəkildə öyrənilməlidir. Kim istəyir ingilis, ispan və s. dilləri öyrənsin, biz bunu alqışlayırıq. Amma Azərbaycan dili vahid Dövlət Proqramı əsasında tədris olunmalıdır". N.Şəmsizadə şagirdlərin nəticəsini Ana dilinə olan marağın azalması kimi yox, tədrisin problemi, dərsliklərin, eyni zamanda ali məktəb təhsilinin qüsuru kimi dəyərləndirib: "Bu qədər ali məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi hazırlanır. Onların səviyyəsinə baxaq. Bunlar dili normal qaydada bilirlərmi? Bilmirlər. Ona görə uşaqları normal qaydada öyrətməyi də bacarmırlar”.

Professor repetitorla uşaq hazırlığını Azərbaycan təhsilinin qüsuru hesab edir: “Xüsusən, Azərbaycan dili və ədəbiyyat məsələlərində. Mənə elə gəlir ki, bu, bizim vahid ideologiya əsasında tədrisi düzgün qura bilməməyimizin nəticəsidir. Həmişə özgələrinin dalınca qaça-qaça özümüzü unutmuşuq. Başqa dillərin, avropalaşmanın, inteqrasiyanın dalıyca qaça-qaça yerlərdə dilimizə, ədəbiyyatımıza münasibəti yadırğamışıq”. Ali məktəblərə testlə qəbul olan tələbələrin əsasən əzbərçiliyə üstünlük verdiklərini qeyd edən alim tələbələrin bədii ədəbiyyat oxumadıqlarından da gileyləndi: “Orta məktəbdə oxumurlarsa, biz onlara ali məktəbdə də oxutdura bilmirik. Əgər ədəbiyyatı oxusalar, onda Ana dilinin də qədrini bilər və bu dildə normal danışarlar. Tələbələrin söz ehtiyatı olduqca aşağıdır. Onlar məktəbdə formalaşıb gəlirlər”.

N.Şəmsizadənin fikrincə, əgər orta məktəbdə müəllimlərə eyni maaş verilirsə, tədris bu səviyyədə olacaq. Belə ki, müəllimə işinin səviyyəsinə görə maaş verilməlidir: “Bizdə Müəllimlər İnstitutu fəaliyyət göstərir. Hər bölgədə də filialları var. Mən inanmıram ki, orada təhsil alan müəllim Azərbaycan dilində normal bilsin. Belə olan təqdirdə o, şagirdə hansı dili normal öyrədə bilər?”

Maraqlısı odur ki, bu məsələdə daha çox irada məruz qalan orta məktəblərin Ana dili və ədəbiyyat müəllimləri də məsuliyyəti boyunlarından atmırlar: ““Şagird dilimizi təmiz şəkildə öyrənməlidir. Çox təəssüf ki, müəllimlərimiz yenə də ənənəvi qaydada dərs keçir, yeniliyi qavramaq istəmirlər. Bu baxımdan problemlər var. Biz orta məktəblərdə şagirdlərə dili yox, dilçiliyi öyrətmişik”- deyən Əməkdar müəllim Yeganə Hüseynova bu gün bizim cəmiyyətdə ədəbi dili bilən insanların az olduğunu da qeyd edib: “Necə gəldi danışırlar, başqa dillərə aid sözlərdən gen-bol istifadə edirlər. 10-11-ci sinif şagirdlərinə ədəbiyyatdan istənilən sualı verin, biləcəklər. Ancaq onlara desək ki, hansısa bir tədbirdə iki kəlmə çıxış elə, edə bilməyəcəklər. Söz ehtiyatları çox zəifdir. Bildiklərini əsaslandıra bilmirlər. Onda bu dil və dilçilik kimin üçündür? Dərsliklərdə də qüsurlar var var”.

Problem kifayət qədər dərindir. Əsas ona görə ki, milli varlığımız olan Ana dilimizə laqeydlikdən söhbət gedir. Təməldən yaranan, sonradan inkişaf edən və həlli haqqında dərindən düşünülməyən qüsurlar bu gün dilimizə biganəliyi və hörmətsizliyi ortaya çıxarıb. İttihamlar isə təkcə bir ünvana səslənmir. Fakt budur ki, şagirdlərin böyük bir hissəsi imtahanda Ana dili fənnindən “2” alıb. Dəhşətli faktdır...


QafqazPRESS.az
banner125x125 banner125x125