» » Azərbaycanda banka işə düzəlmək istəyirsinizsə - MƏSLƏHƏT

Azərbaycanda banka işə düzəlmək istəyirsinizsə - MƏSLƏHƏT

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Azərbaycanda banka işə düzəlmək istəyirsinizsə - MƏSLƏHƏT



Milli.Az marja.az-a istinadən bildirir ki, bu yazıda tələbənin bankda müsahibədən keçərkən nələri bilmək gərəkdiyi haqda danışılacaq.

Müsahibədən keçirən bank nümayəndəsinin sizə verə biləcəyi suallar aşağıdakılardır:

Özünüz haqqında danışın. Sualı eşidən kimi "konkret nə danışım?" sualını verməyin. Ümumiyyətlə, mümkün qədər suala sualla cavab verməməyi çalışın. Bunları danışın: "Filan qədər yaşım var. Filan universitetin filan kursunda oxuyuram (bura qədər az görünsə). Filan məktəbi bitirmişəm". Əgər əvvəllər haradasa işləmisiniz və ya təcrübə keçmisinizsə, həmin yer haqqında danışın (CV-də bu haqda artıq yazıldığına baxmayaraq).

Bizim bank haqqında nə bilirsiniz? Müsahibəyə gəlməmişdən öncə mütləq bank haqqında çoxlu məlumat yığın. Bankın saytına girərək özünüz üçün aşağıdakı suallara cavab tapın:

neçənci ildə yaranıb;

aktivləri nə qədərdir (neçə milyon manat);

əsasən, hansı kredit növlərində ixtisaslaşıb: kiçik kreditlər, yoxsa böyük korporativ kreditlər;

hansı yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür (saytlarda bu haqda məlumat mütləq olur);

səhmdarların arasında beynəlxalq təşkilatlar varsa, hansılardır (məsələn: bankın 25%-i EBRD-yə məxsusdur, 10%-i FMO-ya və s.);

keçirdiyi son reklam kampaniyaları hansılardır;

filial və bankomat şəbəkəsi təxminən hansı rayonları əhatə edir.

Bu məsləhət, əlbəttə ki, yalnız bankda keçirilən müsahibə üçün deyil, istənilən şirkətdə keçirilən müsahibə üçün keçərlidir. Müsahibəyə getdiyiniz şirkət haqqında çoxlu məlumat toplayın.

Bank nədir? Bu haqda ətraflı olaraq internetdən oxuya bilərsiniz. Qısaca isə bunu deməyiniz kifayətdir: "Bank - maliyyə vasitəçisidir: pulu artıq olanlardan pulu müəyyən faizlə depozit şəklində qəbul edir, pula ehtiyacı olanlara isə həmin pulu daha artıq faizlə kredit şəklində verir. Aradakı faiz fərqini də özünə götürür. Bundan əlavə digər xidmətlər də göstərir: pul köçürmələri, hesab əməliyyatları və s.".

Niyə biz məhz sizi götürməliyik? "Məncə, bu vəzifəyə tam yarayıram. Çünki sizə məsuliyyətli işçi lazımdır və mən hər gördüyüm işə məsuliyyətlə yanaşıram. Bundan əlavə, universitetdə sizə uyğun ixtisas üzrə təhsil alıram və işə başlamazdan öncə bank haqqında müəyyən biliklərim var. Öncədən iş təcrübəniz varsa: "Müəyyən iş təcrübəm var. Və ümumiyyətlə, bank sahəsində həmişə marağım olduğu üçün burada təcrübə almaq imkanına çox şövqlə yanaşıram". Özünüzdən də buna bənzər müsbət, təsiredici sözlər və şirnikləndirmələrdən əlavə edə bilərsiniz.

Kredit şöbəsinə düzələnlərin qarşılaşdığı sorğu-sual. Sual: İki nəfər biznes krediti üçün müraciət edir. Birində fəaliyyət göstərən və pul gətirən ərzaq dükanı var, dükanın içində yeni şöbə açmaq üçün pula ehtiyacı var. İkincisinin isə hazırda biznesi yoxdur, amma yeni ərzaq dükanı açmaq istədiyi üçün pula ehtiyacı var. Hansına kredit verərsən? Cavab: Krediti birincisinə verərəm. Onun artıq pul gətirən dükanı var. Təzə işi alınmasa da, krediti həmin pulla ödəyə bilər. İkincisində isə iş alınmasa, kredit də batacaq.

Sual: Bir nəfər 50,000 AZN-lik biznes krediti üçün müraciət edir. Girov kimi iki variant var: 70,000 AZN-lik daşınmaz əmlak və ya onun öz şirkətindəki 120,000 AZN-lik səhmlər. Hansı girovu seçərsən? Cavab: 70,000 AZN-lik daşınmaz əmlakı seçərəm. Dəyərdə nisbətən az da olsa, dəyəri daha sabitdir. Səhmlər daha tez ucuzlaşa bilər və səhmlərin qiyməti şirkətin vəziyyətindən çox asılıdır.

Sual: ROA və ROE nədir? Bir şirkətin ROA-sı ROE-sinə bərabər ola bilərmi? Cavab: ROA - ingiliscə Return On Assets deməkdir və şirkətin il ərzində aktivlərinin üstündə qazandığı faiz deməkdir. ROE - ingiliscə Return on Equity deməkdir və şirkətin il ərzində məcmu kapitalının üstündə qazandığı faiz deməkdir. Şirkətin ROA və ROE-si o halda bərabər ola bilər ki, şirkətin heç bir öhdəliyi olmasın.

Sual: Cash flow (nağd vəsaitin hərəkəti) hesabatının dəqiqliyini başqa hansı hesabatla və necə yoxlamaq olar? Cavab: Cash flow-nun dəqiqliyini balans hesabatı ilə yoxlamaq olar. İki dövrün balansındakı nağd vəsaitin fərqinə baxmaq lazımdır. Aradakı fərq nədirsə, son dövr üzrə cash flow-nun xalis rəqəmi (artım və ya azalma) də o qədər olmalıdır.

Özünüz nəsə əlavə demək istəyirsinizmi? Bəzi yerlərdə müsahibənin axırında bu cür sual verə bilərlər. Yəni sizi maraqlandıran hər hansı məsələyə dair sual verməniz üçün və ya özünüz haqda nəsə əlavə etməniz üçün sizə ayrıca imkan yarada bilərlər. Belə vəziyyətdə sual vermə xətrinə sual verməyin. Amma yenə də sual verməyi lazım bilsəniz, strategiya, gələcək planlar haqqında soruşmaq məsləhətlidir. Gələcək planlar haqqında məlumatı saytdan əldə edə bilməzdiniz, amma bu cür sual verməklə bank haqqında yaxşı araşdırma etdiyinizi və onun fəaliyyəti haqqında həqiqətən maraqlandığınızı göstərəcəksiniz. Eyni zamanda, bu cür suallar siz özünüzü müsahibədən keçən digər tələbələrdən dərhal fərqləndirəcəksiniz. Məsələn, bank, əsasən, iri korporativ kreditlərdə ixtisaslaşırsa (məs: Xalq Bank, Ata Bank), bu cür sual vermək olar: "Bizdə bir çox bank iri korporativ kreditlərdən uzaqlaşaraq səylərini daha çox mikrokeditlərin üstündə cəmləşdirir. Məsələn, bildiklərimdən bunu ən son edən DəmirBankdır. Sizin bankın gələcək planlarında belə bir niyyət varmı?"

Bankın bankomat/filial şəbəkəsi, əsasən, Bakı və Sumqayıtda yayılıb amma regionlarda bank çox zəif təmsil olunursa: "Bildiyimə görə (saytdan baxdığınıza görə) filiallarınız yalnız Bakıda və Sumnqayıtda yerləşir. Regionlarda rəqabət daha azdır. Gələcək zamanda regionlarda da fəaliyyət görməklə bağlı bir planlar varmı? Yoxsa hazırda bank səylərini məhz Bakı və Sumqayıta yönləndirmək niyyətindədir?"

Bu bloqu oxuyan tək siz deyilsiniz. Sizin verməyə hazırlaşdığınız sualdan başqa heç kimin verməyəcəyindən əmin olmaq üçün bu misallardan istifadə etməyin və özünüzdən bir sual fikirləşin.

Sonda. Müsahibənin sonunda isə buna bənzər "bəzədilmiş" sözlərdən deməyiniz məsləhətdir: "Sizin bankınızın xidmətlərindən istifadə etdiyim vaxt, həmçinin bura müsahibə üçün gəldiyim vaxt gördüklərimə əsasən, sizin çox xoş iş mühitiniz və çox xoş təəssürat bağışlayan işçi heyətiniz var. Və mən çox ümid edirəm ki, sizin bankda (və sizinlə birgə) çalışmaq imkanını əldə edə biləcəyəm".

Əlavə olaraq. Xarici görünüşünüzə fikir verin. Sizin məqsədiniz ciddi təəssürat yaratmaqdır. Kişi xeylağısınızsa, üzünüzü qırxın, səliqəli klassik şalvar və köynək geyin. Qalstuk taxmaya bilərsiniz, amma qalstukun olması daha məsləhətlidir.

Qadın xeylağısınızsa, təvazökar və müəyyən qədər klassik geyinməyə çalışın. Çox qısa ətək geyinməyin. Saçınız uzundursa, yığın. Çox hündür daban ayaqqabı geyməyin. Uzun boğaz sapoq isə əsla geyməyin.

Səlis dildə danışın. Özünüz haqqında danışarkən və sonra suallara cavab verərkən yerə, tavana baxmayın. Danışdığınız müddətin çoxunu müsahibə götürənin gözünə baxmağa çalışın. Sizə sual verərilərkən isə həmişə sual verənin gözünə baxın. Bu sadə jest müsahibə götürən insanda sizə qarşı şüuraltı etibar yaradır.


QafqazPRESS.az
banner125x125 banner125x125