» » SÖZƏ CAN DEYƏN ŞAİR

SÖZƏ CAN DEYƏN ŞAİR

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 aprel 2014
//
Bölmə: Ədəbiyyat
SÖZƏ CAN DEYƏN ŞAİR




Xatirə Rəhimbəyli

SÖZƏ CAN DEYƏN ŞAİR
(Faiq Hüseynbəylinin şeirləri haqqında)

Halımı xəbər aldı. “Allah” deyib durmuşuq, dedim. “Nəsə pessimist cavab oldu”, dedi. Əlavə etdi ki, Allah deyib durmağından Allahın xəbəri varmı?.. Şairanə danışdı. Sözü-söhbəti də şeirləri kimi öz şirinliyi, yumor hissi (bəlkə də ironiyası) ilə seçilir. Deyir, mənim ilham pərim cibimlə tərsmütənasibdi. O, pulu olmayanda söz xərcləyirmiş...
Faiq Hüseynbəylinin şeirlərində həsəd apardığım misralar, poetik tapıntılar bəs deyincədi. Onun gənclik duyğuları çox güclüdü. Bu misraları oxuduqca gənclik təravəti səni öz ağuşuna alır:

Gül ömrümü bir xəzan
Saraltdı keçdi getdi...

Oynaq və lokonik! Yaddaşım zəif olsa da, Faiqin şeirlərindən aldığım xoş təəssüratın dadı həmişə damağımda qalır. Mən Faiq haqqında ona görə birinci şəxsin təkində danışıram ki, onun şeirləri ilə bağlı yazılanlara və deyilənlərə deyil, öz hissiyatıma və təəssüratıma istinad edirəm. Şeirlərindəki “isti nəfəsi”, gözlənilməz ifadələri onun haqqında öz üslubu, dəsti-xətti olan şair kimi söhbət açmağa imkan verir. Çünki yaradıcılığının pərəstişkarı kimi müəllifin bir şeirindən digərinə adladıqca, fərqli təəssürata, fərqli ovqata doluram. Bu ovqat, bu təəssürat mənə Faiq haqqında, onun şeirlərinin bədii səviyyəsi haqqında ayrıca danışmağa, fikir yürütməyə əsas verir. Bu bəndə baxın:

Bir az güldürün məni,
Gülməyə vaxt tapmıram.
Vurun öldürün məni,
Ölməyə vaxt tapmıram.
(“Vaxt tapmıram” şeirindən)

Yaxud:

Mənim tək beşi ağlamaz,
Gətirməz işi, ağlamaz.
Dedilər, kişi ağlamaz,
Neynim, darıxdım, ağladım.
(“Darıxdım, ağladım” şeirindən)

Bu misralarla təmasda olduqda, onlara gözucu belə toxunduqda, yaddaşa həkk olunur, tez əzbərlənir, yadda qalır. “İçib eşqin badəsini, huşyar olan” şair klassik düşüncənin yeni, ən xəfif, şirin təqdimatı ilə oxucunu heyrətləndirir:

Sapa düzdüm sözlərimi,
Yol gətirdi izlərimi.
Haqq açdıqca gözlərimi,
Qəflətdən "bidar" olmuşam.

Faiqəm, bəndəniz mənəm,
Eşqi dərya, dəniz mənəm.
Dərdi doğma, əziz mənəm,
Dərdə "giriftar" olmuşam!

Faiqin sosial şəbəkədə yayımladığı bu şeiri Elşən Əzim “neoklassik şeir” adlandırır. Faiqin şeirləri ahəngdarlığı ilə seçilir, misraları oynaqdır. Ürəyinin ritminə köklənib qələmə aldığı bu sətirlərin musiqisi canında, qanındadı:

Küsmüş mələyim məndən,
Dönməz geri, dönməz.
Yox, yox, o mələk göydən
Enməz yerə, enməz...

Hər gün qarışır fikrim,
Çəkməz bu yükü hər kim...
Qeybə çəkilən eşqim
Gözlərdə görünməz...

Faiqin şair kimi əsas məziyyətlərindən biri də fikrinin tamlığıdır. Şeirdə bənd-bənd uğura nail olur, büdrəmir. Bir şeirdəki bəndin uğuru növbəti bəndin uğurunu stimullaşdırır. Bu şeirlərdə heç nə yarımçıq qalmır. Oxuduqca, misradan-misraya adladıqca bir-birini əvəzləyən “tutuzdurulmuş” ifadələrin ovsununa düşürsən. Faiq Hüseynbəyli heyrətləndirməkdə davam edir:

Solda solub saralan kim,
Sağda kimi sağ görürəm?
Yeddi rənglə fal açıram,
Bir qara torpaq görürəm.

Həyat suyundan içmişəm,
Gümanıma yetişmişəm.
Elə bir eşqə düşmüşəm,
Hər tərəfi ağ görürəm.

Faiq, axı nədir peşən?
Dərdin olub sənin nəşən.
Həyatını şeirləşən,
Bir sarı yarpaq görürəm.

Milli-mənəvi dünyamıza, soyumuza, kökümüzə, ən əsası, şifahi xalq ədəbiyyatına savadlı, sanballı yanaşma tərzi Faiqin yaradıcılığını xarakteriz edən ən başlıca şərtdi. Bu şərt daxilində, müəllif söz xatirinə əllaməlik eləmir, bu ruha kökləndiyini nümayiş etdirmək üçün özünü zorlamır, bu ruh onun şeirlərinə hakim kəsilir, öz keyfiyyətlərini poetik şəkildə aşılayır. Faiq Hüseynbəyli yaxşı dərk edir ki, xalq təfəkkürü heç nəyi boşuna yaradıb-yaşatmayıb. Şifahi xalq ədəbiyyatı nümunələrinin hər biri müəyyən bir missiyanı yerinə yetirir, tərbiyəvi əhəmiyyət daşıyır. Kompleks tərbiyənin məqsədlərini gerçəkləşdirmək üçün xalq ədəbiyyatı şərəfli funksiya daşıyır. Hələ uşaq yaşlarımızdan öyrənmişik ki, tapmacalar zehni inkişafa, yanıltımaclar dil qüsurlarını aradan götürməyə xidmət edir. Layla, əzizləmə, oxşama və sair janrların hər biri pedaqoji-psixoloji hazırlığın müəyyən mərhələsində qərarlaşıb. Xalq ədəbiyyatının epik janrlarından biri olan nağıl da insan həyatında əhəmiyyətli missiyanı yerinə yetirir. İnsan təxəyyülünü, fantaziyasını, daha aydın desək, əvvəlcədən edəcəyimiz əməlin planını, eskizini qurmaq bacarığını inkişaf etdirir. “Nağıl danışma” deyib fikirlərimizdə realist görünmək istəyirik, bizi boya-başa çatdıran bu şirinliyə ironik ayna tutmuş oluruq. Faiq Hüseynbəyliyə görə, dünən bu gün üçün nağıldırsa, bu gün də sabahın nağılı olacaq. “Gələcəyin nağılı” şeiri ilə, o, bugünün adamını özünə tanıdır, onu sabahkı halı üçün hazırlayır. Nəticədə, insanlığın fövqündə dayanmağı təklif edir:

Biri varmış, biri yox,
Adamlar bir yaşarmış.
Adamlar adam imiş –
Gözündə tir yaşarmış.

Çıxmış heçə həqiqət,
Bu da necə həqiqət?
Yerdə neçə həqiqət,
Göylərdə sirr yaşarmış.

İnsan imiş bənövşə,
Belə olub həmişə -
Çölündə sakit meşə,
İçində şir yaşarmış.

Qan iyi varmış daşda,
Kim uduzmuş savaşda?
İlahi, bir yaddaşda,
Neçə fikir yaşarmış.

Dünya torpaq, su imiş,
Kimin arzusu imiş?
Yaşamaq da bu imiş,
Hərə bir cür yaşarmış.

Bu şeiri parça kimi verməyə əlim gəlmədi. Nağıl dili yüyrək olduğu kimi, bu şeirin də dili sadədi, sevimlidi:

Mən sözə can demişəm,
Sözdü insan demişəm.
Canı qurban demişəm,
Söz öldürəcək məni.

Lakin Faiq Hüseynbəyli yaradıcılığı folklordan kor-korana yararlanmır, o, klassik janrlarda improvizə etməyi, sözün xalları üzərində gəzişməyi bacarır. Faiqin qoşması klassik anlamda qoşma deyil, burada yalnız bədii forma xalq yaradıcılığından, daha doğrusu, aşıq ədəbiyyatından gəlmədir. Adətən, qoşma və gəraylı tipli şeirlərin ikinci bəndindən başlayaraq, hər bənddə birinci və ikinci misralar üçüncü və dördüncü misralarda ifadə olunan fikrə xidmət edir, daha doğrusu, qafiyə və ritm yaradır, həmahəngliyi qoruyur. Faiqin şeirlərində isə hər misranın öz tutumu olmaqla yanaşı, bənd öz poetik tamlığı ilə seçilir. Burada təsadüfü misralar və fikirlər yoxdur.
Faiq Hüseynbəylini folklorla bağlayan cəhətlər təkcə bədii forma seçimində özünü göstərmir. Onun ən yaxşı şeirləri adət-ənənələrimizin yaşanılması vacib olan tərəflərini poetikləşdirir. Faiq Hüseynbəyli öz şeirlərində novatorluqla folkloru qaynaqlaya bilir, dilin folklor qatına enməyi bacarır və şeirlərindəki yeni deyim tərzini klassik üslublarla məharətlə əlaqələndirir. Faiq Hüseynbəylinin sərbəst şeirləri də ritmikdir, o, qəzəllərində yaratdığı ahəngdarlığı sərbəst şeirlərində də verə bilir.
Faiq Hüseynbəylinin poetik yaradıcılığı çoxsahəlidir. Əgər onun ədəbi fəaliyyətini sistemləşdirsək, belə bir mənzərə alınar:
a) Uşaq şeirləri;
b) Klassik janrlarda olan şeirləri;
c) Sərbəst vəzndə olan şeirləri;
d) Poemaları;
e) Hekayələri;
f) Ədəbi-tənqidi məqalələri;
g) Publisistikası
Göründüyü kimi, gənc ədəbiyyatçı üçün kifayət qədər böyük ədəbi uğurdur. Faiq Hüseynbəylinin ədəbi yaradıcılığının bütün sahələri ayrıca araşdırılmağa layiqdir. Məsələn, Faiq Hüseynbəyli uşaq şeirlərini özü uşaq olarkən, 10-11 yaşlarında yazıb. Bu, həm də Faiqin ilk yaradıcılıq nümunələridir. Faiq Hüseynbəyli, Nəsiminin təxəllüs problemi ilə bağlı mübahisəli bir mövzuda olan ilk ədəbi-tənqidi yazısını da yeniyetmə yaşlarında qələmə alıb. Onun publisistikası “525-ci qəzet”lə əməkdaşlıq etdiyi dövrdə meydana çıxıb. Ədəbi-tənqidi yazılarını da elə bu dövrdə yazıb. Öz həmyaşıdlarının yaradıcılığı haqqında yazdığı məqalələrini “Ulduz”, “Ədəbiyyat qəzeti” kimi ədəbi orqanlarda, “Yeni Azərbaycan”, “Vətəndaş həmrəyliyi”, “Yeni xəbər” və digər bu kimi qəzetlərdə çap etdirib. Faiq bu ədəbi-bədii yazılarını “Sənət yolu-ömür yolu” adlı kitabında toplayıb, ictimaiyyətə təqdim edib.
Faiq Hüseynbəylinin lirik şeirlərini mövzusuna görə də qruplaşdırmaq olar: məhəbbət mövzusunda olan və vətəni tərənnüm edən şeirlər. O, vətənpərvərlik mövzusunda olan şeirlərini Azərbaycanın Sibiri sayılan Murov dağlarında hərbi xidmətdə olarkən iyirmi-iyirmi altı dərəcə şaxtada düşmənlə üzbəüz səngərdə yazıb. Faiqin əsgərliklə bağlı acı xatirələri çoxdur. Şeirlərinin birində təsvir edir ki, taborun qərargah rəisi soyuq səngərdə qızınmaq üçün Faiqin kitabını yandırır. “Əlindəki o kitab elə mənim özümdür” deyən şair bu maddiləşmiş mənəviyyyat nümunəsini alın yazısı, canı, qanı, ruhu adlandırır:

Dünya viran qalsa da,
Sınan könül olmasın.
Dərd yandırıb bizləri,
Özümüz kül olmuşuq,
Sözümüz kül olmasın.
Ağlamaqdan nə çıxar,
Ağlamadım bu dərdə.
Udmaq olmursa qanı,
Qoymaq olarmı yerdə?
Bizi kəsən baltanın
Özümüzdəndir sapı –
Yandırma, cənab mayor,
Yandırma o kitabı.

Sevinci misqal canım,
Kədərin axın-axın...
İçim özümü yıxdı,
Çölüm özgəni yaxdı,
Buyurun, bəylər, baxın!
Bu dağın zirvəsində
Allaha daha yaxın
Hər pəncərə, hər qapı...
O kitab taleyimdir,
O kitab ümidimdir,
Yandırma, cənab mayor,
Yandırma o kitabı.

Yeri gəlmişkən, Faiq Hüseynbəyli yaradıcılığından çıxış edərək, bir məsələyə münasibət bildirmək istəyirəm. Çağdaş ədəbiyyatımızı yaradan gənclərimiz haqqında kifayət qədər araşdırma aparılmayıb. Hələ də bizdə belə bir stereotip mövcuddur ki, şair qocalmalı, əlindən ağac düşməli, bundan sonra xüsusi imtiyazlar qazanmalıdır, yəni onun haqqında məqalələr, dissertasiyalar, kitablar yazılmalıdır. Elə bilirəm ki, bu stereotipləri dağıtmaq üçün ədəbi gənclik öz arasından həmyaşıdlarının yaradıcılığını təhlil etməyi bacaran tənqidçilər yetişdirməlidir.
Faiq Hüseynbəyli yol hərəkətinin təşkili üzrə magistratura təhsili alıb. İxtisası üzrə işləməsə də, bu mövzuda elmi məqalələr yazıb. Bakının tıxac problemini həll etməklə ilə bağlı yazıları təəssüf ki, qulaqardına vuruldu. Halbuki, Faiq Hüseynbəylinin təklifləri vaxtında nəzərə alınsaydı, Bakının küçələri bu qədər basabas, nəfəsdarıxdırıcı olmazdı.
Qeydlərimin yekununda çəkinmədən demək istəyirəm ki, Faiq Hüseynbəyli yaradıcılığı bugünkü ədəbi gəncliyin aynasıdır. Sözə can deyən Faiq Hüseynbəyli Azərbaycan ədəbiyyatının gəncliyi təmsil edən nümayəndələri içərisində yadda qalan simalardan biridir, imzası poeziyasevərlər arasında hörmətlə qarşılanan müəlliflərdəndir. Faiq Hüseynbəyli, özü dediyi ki, maddi dünyası ilə deyil, sözü və poetik deyimləri ilə yaşayacaq. Bizim vəzifəmiz yaşarı olan bu ədəbi fəaliyyətə layiq olduğu dəyəri verməkdir.



QafqazPRESS.az
banner125x125 banner125x125