Xalq artisti Faiq Ağayevi bıçaqlayan oğlan həbsxanada evlənir
Dünən Lady.Day.Az-ın baş redaktoru, jurnalist Aynur Hacıyeva ATV telekanalında yayımlanan “Düz üzünə İradə İsaqla” verilişində xalq artisti Faiq Ağayevlə bağlı maraqlı fakt açıqladı. Verilişin qonağı olan Faiq Ağayev bıçaqlanması ilə bağlı ona verilən suallara cavab vermək istəməyib. Verilişin ekspertlərindən olan A.Hacıyeva isə bildirib ki, xalq artistini bıçaqlayan Rüfət Məlikov cəzaçəkmə müəssisəsində evlənir. Hətta onun Aynur adlı nişanlısı Faiq Ağayevə zəng edərək Rüfətin bağışlanmasını xahiş edib. Faiq isə “Mən bağışlamışam, Allah bağışlasın” cavabını verib.
Verilişdən sonra elə A.Hacıyevanın vasitəsilə Rüfət Məlikovun nişanlısı ilə əlaqə yaratdıq. Milli.Az-a açıqlama verən Aynur xanım dedi ki, R.Məlikovla evlənməyə hazırlaşırlar: “Rüfətlə evlənmək üçün iki gün əvvəl VVAQ şöbəsinə müraciət etmişik. Rüfət hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Yəqin ki, yaxın günlərdə cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə VVAQ şöbəsi bizim nikahımızı qeydə alar”.
Aynur xanım Rüfətlə tanışlıqlarına da aydınlıq gətirib: “Bir sinifdə oxumuşuq. O vaxtdan bir-birimizi sevirik. Rüfət həbsdə olsa da, ona olan istəyimi həbsxana həyatı azaltmayıb. Rüfət səkkiz il cəza alıb. Onun cəzasının yüngülləşdirilməsini çox istəyərdim”.
R.Məlikovun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb olan cinayət 2010-cu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə baş verib. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb, mübahisə münaqişəyə çevrilib. Faiq Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum ediliblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR