Yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olundu
Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 iliyi münasibətilə İstanbul Universitetində mərasim təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasını təmsil edən rəsmi nümayəndə heyəti, İstanbuldakı Azərbaycan Baş konsulluğunun əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm, mədəniyyət xadimləri, İstanbuldakı müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.
Mərasim keçirilən salonda Əli bəy Hüseynzadənin zəngin həyat və fəaliyyətini əks etdirən fotolar sərgilənib, ədib haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbul Universitetinin birgə təşkil etdikləri mərasimdə Əli bəy Hüseynzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İstanbul Universitetinin prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu və konsul Kənan Murtuzov çıxış ediblər.
Görkəmli maarifçinin çoxşaxəli fəaliyyətinin bütün ziyalılar üçün örnək, hər bir türk övladı üçün qürur mənbəyi olduğunu diqqətə çatdıran V.Əliyev deyib ki, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının iki qardaş ölkə üçün ortaq sərvətə çevrilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına ən gözəl nümunələr sırasındadır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Ə.Hüseynzadənin yubileylərinin qeyd olunması Azərbaycanın mədəni irsini yaşatmaq və tanıtmaq ənənələrini formalaşdırıb.
Düsen Kaseinov bildirib ki, həyatını bəşəri dəyərlərə sərf edən Əli bəy Hüseynzadə irsinin öyrənilməsi türkdilli xalqların keçmişinə verilən yüksək qiymət, bu günümüzün və gələcəyimizin inkişafına göstərilən qayğıdır.
Professor Şəfəq Sahir Qaramehmetoğlu Ə.Hüseynzadə irsini İstanbul Universitetinin ən qiymətli elmi sərvəti kimi dəyərləndirərək bildirib ki, dünya elm tarixində xüsusi yeri olan yubilyarın beynəlxalq aləmdə layiqincə tanıdılması Azərbaycan xalqının yüksəlişinə göstərilən diqqətdir.
Konsul Kənan Murtuzov deyib ki, Ə.Hüseynzadə şəxsiyyətinin qoyduğu unudulmaz izlər bütün türkdilli xalqlar üçün iftixar mənbəyidir.
Sonra İstanbul Universitetinin Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, professor İbrahim Yıldırım filologiya üzrə fəlsəfə doktoru Azər Turanın Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı elmi məruzələri dinlənilib.
Bildirilib ki, 1864-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olan Əli bəy Hüseynzadə valideynləri vəfat etdikdən sonra 1875-1885-ci illərdə Tiflisdə babası Qafqaz şeyxi Axund Əhməd Səlyaninin yanına köçüb və orada gimnaziya təhsili alıb. Görkəmli filosof M.F.Axundzadə ilə tanışlıqdan sonra Ə. Hüseynzadə təbiət elmlərinə böyük maraq göstərib və bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə cəlb edib. Burada dövrün məşhur elm xadimlərindən dərs alan Ə.Hüseynzadə bir müddət sonra imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından iştirak etdiyi üçün bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.
Ə.Hüseynzadə İstanbula gedib və burada darülfünunda hərbi-tibb fakültəsində oxuyub, dəri-zöhrəvi xəstəlikləri üzrə həkim ixtisası və yüzbaşı hərbi rütbəsi alıb. İtaliyada və Türkiyədə ictimai-siyasi fəallıq göstərən Ə.Hüseynzadə İstanbul darülfünunda hərbi-tibb fakültəsində professor köməkçisi işləyib. Darülfünun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulduğundan Türkiyədə də təqiblərə məruz qalıb. Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılar dərc etdirib və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlamışdır. Beləliklə də, Ə.Hüseynzadə islahatçı ideya adamı kimi də tanınmağa başlayıb. Az sonra o, milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi hesabına “Həyat” qəzetinin nəşrinə başlayır. Əli bəy Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. XX əsrin ilk illərində “Füyuzat” jurnalının baş redaktoru olan Ə.Hüseynzadə həm Bakıda “Səadət” məktəbinin müdiri və türk dili müəllimi vəzifələrində çalışıb.
Bir sıra məqalələrini Turan soyadı ilə təqdim edən Ə. Hüseynzadə rəsm əsərlərindən bəzilərini Səlyani kimi imzalayıb. Onun rəsm əsərlərinin məzmununda milli oyanış, azadlıq mübarizəsi, bəşəri dəyərlərə olan rəğbət bütün dövrlərdə tədqiqatçıların diqqətini çəkib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında misilsiz xidmətləri olan yubilyar Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində də mühüm fəaliyyət göstərib. 1931-ci ildə Türkiyədə “Soyad Qanunu” qəbul edilərkən onun təklifləri nəzərə alınıb. O, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tərtibçi rəssamı olub. Çəkdiyi rəngarəng maraqlı əsərlər bu gün də bir sıra nüfuzlu muzeylərin ən dəyərli eksponatları sırasında qorunur.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. 1920-ci ildə Azərbaycanda milli hökumətin devrilməsi ilə başlanan məlum ictimai-siyasi proseslər uzun illər görkəmli şəxsiyyətlərimizi unutdurmağa çalışsa da zaman hər şeyi öz axarına sala bilib. XX əsrin sonlarında dövlət müstəqilliyimiz bərpa olunub, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda möhkəm sütunlar üzərində milli dövlətçilik ənənələri qurulub. Əli bəy Hüseynzadənin timsalında bütün tarixi şəxsiyyətlərimizin fəaliyyətinin dəyərləndirilməsi də bu ənənələrə daxildir.
Sonda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliyeva Əli bəy Hüseynzadənin şeirlərindən parçalar səsləndirib, Əməkdar artist Anar Şuşalı Azərbaycan xalq mahnılarından seçmələr ifa edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR