Mən səni də istəyirəm, o fahişəni də!
Şəhriyar del Geraninin şeirləri
Kulis.Az gənc şair Şəhriyar del Geraninin şeirlərini təqdim edir...
Dənizə Atılmış Balıq Şəkilləri
daha sən bu evdə
heç kəsin heç nəyi deyilsən anam...
saatla yanaşı asılmış şəklin də heç divarın deyil.
dolabda asılı qalan kəlağayın qədər başsızam indi,
məncə
bütün yetimçələr
nə vaxtsa fotosu itmiş çərçivələrdi...
indi
bu atılmış və tərk edilmiş bədənlərimizlə
heç kəsin heç nəyi deyilik, anam...
hər gün çiyinlərimdə gəzdirdiyim təkliyimlə baş-başayam
təkliyimi çoxaldan dostlar da yox artıq
hər gün evə dörd qardaşın boşanmış bacısı kimi gəlirəm
daha mən bu evdə dörd divarın iylənməyən sadiq gəliniyəm anam...
bütün darıxmaqlarıma sənin adını qoymuşam,
mən nə vaxt sənsiz olmuşamsa kimsəsiz olmuşam
indi məni üzən kimsəsizlik yox,
daha çox heçkimlikdi.
sevgisiz yaşamaq da
ümidsiz bədənlə gəncliyə düşmüş əsirlikdi...
hər kəs öz ömrünün ən naşı qoca bələdçisidi, anam,
allahın ən sevimli bəndəsi hələ doğulmayan bəndəsidi...
niyə belə bütün tərəflərimə uzaqsan?..
indi mənə yağışdan yaxın, küləkdən doğma heç nə yoxdu bu şəhərdə.
yağış yağırsa bu şəhərə,
qəbrinə də yağır demək.
külək əsirsə bu küçədən,
nə vaxtsa bir gün
örpəyindən də əsib demək...
indi mənə səndən ögey heç kəs yoxdu demək bu şəhərdə...
sən bilməzsən anam,
yer üzü kimsəsizlər üçün nə deməkdi...
sən bilməzsən anam,
yer üzündə kimsəsizlər nə qədərdi...
axı nə fərqi var?!
Dünya dediyin təklər üçün ən son yaşamalı yerdi...
yəni,
yer üzündəki bütün kimsəsizlər
dənizə atılmış balıq şəkilləridi...
səndən sonra heç kəsi sevə bilmədim,
deyim biləsən.
səndən sonra bütün qadınlar qadın oldu eləcə.
qolları qucaq olmadı,
dizləri baş qoymalı,
baş götürüb gedən ayaqları oldu eləcə...
heç nə ovundurmadı məni
xəbərin olsun,
zəngli saat kimi
öz-özümə ovunmağı öyrəndim...
sən də belə etmə, gözüm...
səni and verirəm suda və quruda yaşayanların xatirinə
getmə dedim…
unudulmaqların ən gözəli ana bətnində unudulmaqdı olsun,
yəni, heç doğulmamaq…
məni belə səs-küylü unutma,
elə unut polislər də xəbər tutmasın dedim…
heç kəs sənin kimi sığal çəkə bilmir dedim,
barı əllərini qoyub gedəydin dedim,
hansı ki
sənə oxşadıb sevmişdim onu,
sənə oxşatmışam deyirəmsə
“sevmişdim” artıqdı demək, bilirəm, anam,
hansı ki
sən də yadımda qalmamısanmış demək...
ən son unudacağın adam da
elə özünsənmiş demək bu şəhərdə
yəni
ən doğma adamınsanmış kimi
öz boynuna sarılmaqmış təklik dediyin...
***
Sevgi – dodaqlardan çox ayaqların rəqsidi
durursan
və kimdənsə gedirsən...
indi bədənində gecə yarısıdı
axşam vaxtıdı
toxunulmazsan...
dəniz kimisən indi
balıqlara yüksən
məndən soruşsan
daha çox “yoxsan” indi...
ata olur adamlar, ana olur
bir az bacı olur hərdən…
dost olur adamlar, qardaş olur
doğma olur hərdən…
məndən soruşsan
daha çox “yox” olur adamlar...
Mən ağrıyan biriyəm
darıxqan biriyəm
mən səni də istəyirəm
o fahişəni də,
mən dəvə də istəyirəm
küçə itlərini də.
bax, sağlığına yox
ölümünə içirəm bu şərabı.
məndən soruşsan
mən axmağın biriyəm...
Bir qadın düşün – tərk edilmiş
bir uşaq düşün – atılmış
və bir ana düşün – qadın kimi atılmış,
uşaq kimi tərk edilmiş
heç ana olmamış qadın...
kişilərin ən yaxşısı yanında olandısa
qadınların ən xoşbəxti doğulmayandı...
ən yaxşı halda ata olur kişilər
məndən soruşsan
ən yaxşı halda OLMUR kişilər...
anam kimisən
o xəstə qadın kimi
saçların tökülüb
daha əvvəl barmaqlar tökülüb saçlarından...
anam kimisən
o xəstə qadın kimi
ayaqların yer tutmur
daha əvvəl ayaqqabısız qalıb ayaqların…
indi
qırışmış yataq qədərsən bu yer üzündə...
indi
yaxşı qoru xərçəngi
ki,
allah dediyin
ciyərlərinə tapşırıb onu...
ümidlisən
gəlməyənlər daha çox “gələcək”di indi
oğlun daha çox əlil arabasıdı
qızın daha çox tibb bacısıdı
məndən soruşsan
ümidlər daha çox gəmi kapitanıdı
o səni tərk edən yox
səninlə boğulandı...
bir də
sevgi – dodaqlardan çox ayaqların rəqsidi
durursan
və kimdənsə gedirsən...
indi bədənində gecə yarısıdı
axşam vaxtıdı
toxunulmazsan...
dəniz kimisən indi
balıqlara yüksən
məndən soruşsan
daha çox “yoxsan” indi...
bir də
ata olur adamlar, ana olur
bir az bacı olur hərdən
dost olur adamlar, qardaş olur
doğma olur hərdən
məndən soruşsan
daha çox “yox” olur adamlar...
***
ay allah, bilmirəm nəyinəm sənin,
bəndənəm? itinəm? – bağışla məni...
mən daha hər şeydən üz döndərmişəm,
daha hamı kimi sevmirəm səni...
atılmış bədənəm, keçilmiş yolam,
SƏN adlı sevdaya çətin tutulam,
anam da yoxdu ki, deyə - ay oğlum,
ver mənə, ver tutum qoy əllərini...
bir günah da yoxdu batıb ölməyə,
üzümüz də qalmıb tüpürülməyə,
nə var qollarına axı gəlməyə
atıb bu qadının çiyinlərini...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR