» » Yadigar Xanmuradov. ANAMIN

Yadigar Xanmuradov. ANAMIN

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Ədəbiyyat
Yadigar Xanmuradov. ANAMIN



(Gülsənəm anamın əziz xatirəsinə)

Bir də ələ düşməz mərhəmətindən,
Eşqi, sevgisindən, məhəbbətindən.
Dadlıydı dünyanın hər nemətindən,
Lap yavan çörəyi, duzu anamın.

Yeyəndə canıma iştah, nuş idi,
Gözümü, qarnımı doyurmuş idi.
Haram sevməz idi, halal-xoş idi,
Evində bərəkət, ruzi anamın.




Nə ipək, nə də ki, yun geyinərdi,
Nə də bir yerinə on geyinərdi.
Qış çağı şaxtadan don geyinərdi,
Yazda açılmazdı buzu anamın.

İstər evdə olsun, istər eşikdə,
Bütün fikri-zikri ancaq beşikdə.
Kölgəmin altında durdu keşikdə,
Bir yuxu görmədi gözü anamın.

İlin payızında, ilin qışında,
Ömrünün, gününün yorğun yaşında.
Oyaq oturardı ocaq başında,
Sönməzdi ocağı, közü anamın.

O, bir zərgər idi, hər kəlməsi zər,
Otur söhbətindən yarat şah əsər.
Sevinci şeir idi, kədəri qəzəl,
Bayatı, nəğməydi sözü anamın.

Yuxu loğmanıydı laylası ilə,
Yatardım, çəkəndə tumarı telə.
Ən nadir, bahalı yastıqdan belə,
Yumşaq, rahat idi dizi anamın.




Önümdə qala idi, arxamda bir dağ,
Tanrıdan tez mənə olurdu dayaq.
Zəhmətdə, hörmətdə, məhəbbətdə ağ.
Dövlətdə qara idi üzü anamın.

Müqəddəs guşədir, küncdür, bucaqdır,
Son pənah bildiyim isti qucaqdır.
Sərdabə, məqbərə, türbə, ocaqdır,
Qəbrinin torpağı, tozu anamın.


Yadigar Xanmuradov

QafqazPRESS.az
banner125x125 banner125x125